Vətənimiz Azərbaycan igid oğulları ilə hər zaman tanınmışdır. Tarixən torpaqlarımızın, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri ilə qəhrəman adını qazanaraq hər zaman yaddaşlarda yaşamışlar. Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir.
Ötən əsrin sonlarında mənfur ermənilər torpaqlarımıza qarşı iddialarla çıxış edəndə də Azərbaycanın igid oğulları el-obanın müdafiəsinə qalxmış, canından keçərək şəhid olmuş, qəhrəmanlıq göstərərək Azərbaycanın Milli Qəhrəmanına çevrilmişlər. Gənc nəslin mübarizə ruhunun yüksəldilməsi, vətənpərvərlik hisslərinin formalaşması və gücləndirilməsi məqsədilə qəhrəmanlıq duyğusu, milli qəhrəmanlarımızın döyüş yolu daim təbliğ olunmalıdır. Ona görə də “Milli qəhrəmanlarımızı tanıyaq” rubrikası ilə silsilə yazılar dərc etməyi nəzərdə tutmuşuq.
Hörmətli oxucular! Rubrikamızın ilk sayında Naxçıvan torpağının yetirmələri, sadə həyat yolundan uca zirvəyə – şəhidlik zirvəsinə yüksələn Milli qəhrəmanlarımızdan Yusif Mirzəyev və Məhərrəm Seyidovun keçdiyi həyat yoluna nəzər salacağıq.
Yusif Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açmışdır. 1975-ci ildə İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibat uçotu ixtisasını bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.
1990-cı il 20 Yanvar faciəsi zamanı rus ordusunun əsgərləri ona ağır işgəncələr verir. Lakin bu işgəncələr Yusifi sındırmır, əksinə, onu daha da mətinləşdirir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. O, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanır. Yusif Mirzəyevin ilk döyüşü Ağdərə-Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq onu briqada komandirinin təchizat üzrə müavini təyin edir. Yusif Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin ermənilərdən geri alınmasında onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində itki vermədən döyüşçü yoldaşlarını mühasirədən çıxarır. 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olur. Ailəli idi. Bir qızı var. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Milli Qəhrəmanımızın adı əbədiləşdirilmiş, Naxçıvan şəhərindəki tam orta məktəblərdən birinə və Bakı şəhərinin Nəsimi rayonundakı 44 nömrəli tam orta məktəbə onun adı verilmiş, Naxçıvan şəhərində və adını daşıyan Bakı şəhərindəki tam orta məktəbin qarşısında büstü qoyulmuşdur.
Məhərrəm Seyidov 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində doğulmuşdur. 1969-cu ildə buradakı Nəriman Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə daxili işlər orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur Rayon Daxili İşlər Şöbəsi yanında Mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu erməni quldurları tərəfindən atəşə tutulurdu. 1990-cı il yanvar ayının 16-sı... Erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başlamışdılar. Erməni quldurları Kərkiyə hücum edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur Rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda bir qrup polis əməkdaşı hadisə yerinə göndərilib. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-i... Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi. Buna baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm yenidən döyüşə atılır. O, güllə yağışı altında özünü Azərə yetirir. İndi onun özü də düşmən əhatəsində qalmışdı. Çətinliklə də olsa, döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü qəhrəmancasına həlak olur. Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur. Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulmuşdur. 2 nömrəli Şərur şəhər tam orta məktəbi onun adını daşıyır.
Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri