Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyunun 14-də Şərur şəhərindəki “Bahar” kinoteatrında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində mətbuatın əhəmiyyətli rolundan bəhs edib.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova bugünkü mətbuatımızın inkişafını 15 iyun-Milli Qurtuluş Gününün bəhrəsi kimi dəyərləndirib, 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. “Şərq qapısı” qəzeti muxtar respublikamızın yüzillik mətbuat salnaməsidir” mövzusunda çıxış edən Mehriban Sultanova bildirib ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.
Vurğulanıb ki, ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi.Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmasının “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsinə əhəmiyyətli təsirindən danışan baş redaktor diqqətə çatdırıb ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymət olduğunu vurğulayan baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Şərq qapısı qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edərək bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Rövşən Hüseynov qeyd edib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tədbirdə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri, təqaüdçü-müəllim Vidadi Süleymanov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, Şərur Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri Ünbülbanu Musayeva, “Şərurun səsi” qəzetinin əməkdaşları Püstə Məmmədova, Heydər Məmmədov çıxış edərək “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən videoslayd nümayiş olunub.
Tədbirin sonunda “Şərurun səsi” qəzetinin redaktoru, Əməkdar jurnalist Elman Məmmədova “Şərq qapısı” qəzetinin fəxri fərmanı və hədiyyələr, qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/31376-shaerur-rayonunda-shaerzh-zhap-s-zhaezetinin-yubiley-taedbiri-kedzhirilib.html#sigProGalleria4ccf055c4a
Nail ƏSGƏROV