Bu gündən Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
Bu, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixdə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına aşağıdakı qaydada icazə verilir:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə - yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1-18 yaş arasında olan şəxslərə münasibətdə - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.