Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası may ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləyərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayıb.
Naxçıvan Televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 7 telematerial hazırlanıb. Televiziyanın öz teleməhsulları, həmçinin sənədli filmlər və dublyaj redaksiyasının materiallarının həcmi efirin 72 faizini təşkil edib. Bu dövrdə 111 veriliş efirə təqdim olunub.
May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı Naxçıvan Televiziyasında geniş videomaterial efirə təqdim edilib.
Şuşa şəhərində ölkə rəhbərinin iştirakı ilə möhtəşəm “Xarıbülbül” musiqi festivalı, ölkə tarixində ilk dəfə olaraq Naxçıvan şəhərində keçirilən şahmat üzrə Azərbaycan çempionatı barədə geniş materiallar hazırlanaraq efirə təqdim edilib.
May ayında Naxçıvan radiosunun müxtəlif istiqamətlər üzrə monitorinqi aparılıb. Bu ay ərzində radio 487 saat efirdə olub. Ümumi efirin 43,6 faizini radionun öz istehsalı olan verilişlər təşkil edib.
Şuranın tədbirlər planında qarşıya qoyulmuş tələblərdən biri də teleradiolara da ədəbi dil normalarının qorunmasına diqqəti artırmaqdır. Yaxşı haldır ki, may ayında Naxçıvan radiosunda dinləyicilərə yeni layihə – “Ana dilim” verilişi təqdim olunub.
Bəhs olunan dövrdə “Kanal 35” televiziyası tərəfindən məktəblilərin bilik və bacarıqlarının artırılması məqsədilə “Dərs vaxtı” teledərslərin 78 sayı, “Peşə təhsili” ilə bağlı 5 sayı, STEAM dərslərinin 2 sayı efirə təqdim edilib.
Televiziya əməkdaşları tərəfindən may ayında “Qalib müəllim” adlı videohekayə hazırlanıb. 44 günlük Vətən müharibəsində qazandığımız siyasi və hərbi qalibiyyətlə yanaşı, mənəvi qələbəmiz həmin telematerialda əks olunub. Material tamaşaçı auditoriyasını qazanmaqla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumrespublika üzrə “Qalib müəllim” müsabiqəsinə təqdim olunaraq I yerə layiq görülüb.
“Naxçıvanın səsi” radiosu 424 saat efirdə olub və efir müddətinin 70 saatını canlı yayım proqramları təşkil edib. May ayının 10-dan etibarən radio gün ərzində 16 saat yayımlanmağa başlayıb.
Naxçıvan Dövlət Universiteti Televiziyasının may ayındakı yaradıcı işi aprel ayına nisbətən uğurlu sayıla bilər.
Şura tərəfindən bəhs edilən dövrdə sosial platformalarda Naxçıvanla bağlı 900-dən çox foto və video, həmçinin xəbər paylaşılıb.
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası