Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə, keçməyə hazır olması xalqımızın bu dəyərlərə sadiqliyinin nümunəsidir. Yeni qurulan cəmiyyətdə əsaslılıq təşkil edən bu amilin qorunub-saxlanılması, onun daha da zənginləşdirilməsi, maarifləndirmə baxımından onu dərk etməyənlərə aşılanması mühüm vəzifələrdən biri kimi, ozamankı rəhbərliyin ümdə borcu idi. Fəqət, yenicə müstəqillik qazanmış Azərbaycanda cərəyan edən hadisələr, ölkədə hökm sürən böhranlı vəziyyət və digər acınacaqlı faktorlar xalqımızı yenidən vassallığa doğru sürükləməklə yanaşı, sözügedən dəyərlərin növbəti dəfə itirilməsinə şərait yaradırdı. Məhz bu şəraitdə xalqın onu anlaya biləcək, öz dilini, dinini, milli mədəniyyətini, adət-ənənələrini inkişaf etdirəcək, özünə qayıtmasına imkan yaradacaq Öndərə ehtiyacı var idi.
Xalqın tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə bütün negativ hallara son qoymaqla yanaşı, qeyd olunan bu amilləri prioritet vəzifə kimi həyata keçirməyə başladı. “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir” kimi əvəzedilməz tövsiyəsini verən ulu öndər Heydər Əliyev dühası milli mədəni irsimizin, tariximizin ideoloji buxovlardan və qadağalardan xilas olmasına stimul verdi.
Dahi şəxsiyyət Heydər Əliyev zəngin tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, Azərbaycançılığı hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasını əsas vəzifələrdən biri kimi hesab edib. O bu barədə bəhs edərkən deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Görkəmli dövlət xadimi Heydər Əliyevi bir şəxsiyyət, dövlət xadimi və lider kimi siyasi fəaliyyətinin əsasını millilik, milli köklərə bağlılıq təşkil edib. Azərbaycançılığın inkişafı və qorunması, əxlaq normalarımızın, dinimizin, dilimizin, tariximizin, mədəniyyətimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi onun liderlik missiyasının başlıca cəhətləridir. Milli mənəviyyatı və milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallıq amilinə çevrilib.
Bu gün Azərbaycan dünyaya sürətli inteqrasiya yolundadır. Fərəhli haldır ki, bu inteqrasiya xalqımızın öz tarixi keçmişinə bağlılığı kontekstində baş verir. Sevindirici haldır ki, ulu öndərimizin bu sahədə müəyyənləşdirmiş olduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan bu gün çağdaş tarixinin intibah mərhələsinə qədəm qoymuş, müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilmiş, beynəlxalq siyasi münasibətlərdəki mövqeyi möhkəmlənmişdir.
44 günlük Vətən müharibəsi və 30 ilə yaxın dövr ərzində dırnağına kimi silahlanmış, çoxmərtəbəli yeraltı istehkamlar qurmuş və yalnız işğalçı ruhunda böyümüş düşmən üzərində qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi. Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın ətrafında sıx birləşən vətəndaşlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, qətiyyəti oldu. Tarixi Qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi.
Muxtar respublikamızda da milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır.
Milli dəyərlərin yaşadılması muxtar respublikanın ali təhsil müəssisələrində də diqqət mərkəzində saxlanılmış, çalışdığım Naxçıvan Dövlət Universitetində müxtəlif mövzularda elmi konfranslar, müəllim və tələbə rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Həmçinin universitetdə “Heydər Əliyev Universiteti”nin bir neçə məşğələsi “Heydər Əliyev və milli dəyərlər” mövzusuna həsr olunmuş, bu mövzuda dəyirmi masaların keçirilməsi də milli dəyərlərin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yadda qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq. Tarix sübut etmişdir ki, uğurlu gələcəyin yolu milli dəyərlərin yaşadılmasından, gənclərin təhsilindən və vətənpərvər tərbiyədən keçir”.
Bu gün muxtar respublikamızda milli dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, ulu öndərin müqəddəs irsinə dərin hörmətin təzahürü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azadlıq və müstəqillik ideallarına, möhkəm milli bünövrəyə malik zəngin mənəvi irsinin təbliği işinə də böyük töhfədir.
Nuridə QƏNBƏROVA
Naxçıvan Dövlət Universitetinin müəllimi