Blokadadan möhtəşəm tərəqqiyə doğru
Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ümummilli liderin 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik etdiyi dövrdə blokada şəraitində yaşayan muxtar respublika əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu tarixi torpağını erməni işğalı təhlükəsindən xilas etmiş və onun muxtariyyət statusunu qoruyub saxlamışdır.
Məhz həmin illərdə ulu öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atdığı cəsarətli addımlar, Onun Sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi tarixi qərarlar ölkəmizdə gedən proseslərə də öz müsbət təsirini göstərmiş və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı…”
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasının modernləşmə xətti artıq bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin muxtar respublikamıza etdiyi ardıcıl səfərlərdə söylədiyi fikirlərin və dərin məzmunlu nitqlərin ortaq və oxşar bir tərəfi ölkə rəhbərliyinin blokadada olan bir inzibati ərazidə möhtəşəm quruculuğa şahid olmaqdan duyduğu məmnunluğu, bu sahədə muxtar respublika rəhbərinin gərgin əməyini və bu inkişafa ölkə başçısı kimi verəcəyi davamlı dəstəyi qeyd etməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan haqqında danışarkən demişdir: “Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir, bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr illərlə davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır”.
Ötən dövr ərzində ümummilli lider tərəfindən müəyyənləşdirilmiş siyasi yolun Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində Naxçıvan davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, turizm inkişaf etmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sahəsində işsizlik səviyyəsi minimuma endirilmişdir.
Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyillər daha da möhkəmləndirilmişdir.
Muxtar respublikada inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb etmiş, həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir.
Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ucqar kəndlərimizdə belə, nəqliyyat-kommunikasiya sistemlərinin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə zəmin yaratmışdır.
Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yeni sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Ötən dövr ərzində blokada şəraitinin yaratdığı mənfi nəticələrin aradan qaldırılmasını, istehlak və istehsal prosesləri üzrə yerli tələbatın vaxtında və keyfiyyətli ödənilməsini, məşğulluq məsələlərinin səmərəli həll edilməsini, ümumilikdə isə sənayeləşmənin daha da genişlənməsini təmin etmək məqsədilə yeni sənaye müəssisələrinin yaradılmasına ciddi fikir verilmişdir. Muxtar respublikada sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarət olmuşdur.
Enerji böhranının başlandığı, elektrik enerjisinin uzunmüddətli fasilələrlə verildiyi, təbii qaz nəqlinin dayandırıldığı, yanacağın çatışmadığı illərdə, xüsusilə də qış aylarında əhali təsərrüfatları ciddi çətinliklərlə üzləşmiş və bu səbəbdən də meşə massivlərindəki, yaşıllıq zolaqlarındakı çoxillik ağaclar kütləvi şəkildə kəsilərək yanacaq kimi istifadə olunmuşdur. İstilik enerjisinin alınmasında əsas xammal qismində odundan, kəsilmiş ağaclardan istifadə, son nəticədə, mövcud meşə massivlərinin, yolların və yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zolaqlarının, demək olar ki, məhvinə gətirib çıxarmışdır. Həmin dövr üçün qaçılmaz olan bu proseslərin mənfi nəticələrinin aradan qaldırılması məqsədilə sonrakı illər ərzində ardıcıl tədbirlər görülmüş, keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində qısa zaman ərzində min hektarlarla meşə örtüyü bərpa olunmuş, yeni meşə massivləri, yaşıllıq zolaqları və meyvə bağları salınmışdır.
Uzun müddət ərzində enerji resurslarından istifadə imkanlarının məhdudluğu blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı olaraq yeni enerji resursları yaradılmışdır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyi problemlərini aradan qaldırmışdır.
Muxtar respublikada cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Son illər bu sahənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yeni güclər yaradılmış, infrastruktur yenilənmişdir. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirmişdir.
Həmçinin muxtar respublikada yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpası, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilmiş, təbii qaza olan daxili tələbat tam ödənilmişdir.
Ali Məclisin Sədri tərəfindən həyata keçirilən davamlı islahatlar, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu və icra olunması muxtar respublikamızda tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır.
Prezident cənab İlham Əliyevin mayın 10-da muxtar respublikaya etdiyi səfər Naxçıvanda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini bir daha təsdiqlədi. Dövlət başçısının son səfərində dediyi kimi: “Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.
Bu gün muxtar respublikamızda təmin olunmuş hərtərəfli tərəqqi, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlı icrası istiqamətində Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir.
Bütün bunlar Azərbaycanın tərkibində Naxçıvanın bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır.
Gərgin əmək, müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. Dahi öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözlərinin sədaqətlə reallaşdırılması bu gün də bütün sahələrdə muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparır.
Rəşid TALIBOV