22 Dekabr 2024, Bazar

Mənim atam mütaliəni sevən ziyalı bir insandır. Vaxt olub ki, ona paxıllıq etmişəm. Bu qədər işin içində necə vaxt tapır mütaliə etməyə? – deyə. Sən demə, insan sevdiyi işə hökmən zaman ayırır. Əks halda sevmir, zaman sadəcə bəhanədir.  Məsələnin mahiyyəti bu deyil, təbii ki. Mənim “Şərq qapısı” qəzetində çalışmağım üçün atam 6 il öncə çox səy göstərmişdi. Hər zaman deyirdi: Qəzetdə hansı işi görürsən gör, onun sehri səni ziyalı olmağa sövq edəcək. İstər sürücü ol, istər operator, istər korrektor ol, istər dizayner, istər mühasib ol, istər mühafizəçi, sən hökmən o qəzeti oxuyacaqsan. Çünki, üzərində zəhmətin olan hər şeyin bəhrəsini görmək zövq verir insana. Atam, əvvəllər bu sahədə çalışmışdı. Bəlkə də onun üçün bilirdi qəzetin sehrli bir aləmi olduğunu. O qəzeti mənə elə sevdirmişdi ki, sanki, o mühitə düşən kəsə sehirli dəyənək toxunur və sən ziyalı, mədəni, özünü və hisslərini sözlərlə daha düzgün ifadə edən bir insana çevrilirsən. Mən bunun mahiyyətini qəzetdə ilk dəfə məqaləm dərc edilərkən anladım. Heç unutmaram, ilk dərc olunan məqaləmi qəzet səhifəsindən saysız-hesabsız, heç yorulmadan, bəlkə də on dəfə həyəcanla oxumuşdum. Daha sonra digər müəlliflərin yazılarına nəzər salmışdım, kimin yazısı daha maraqlıdır, – deyə. Çünki, sən istəsən də, istəməsən də, insan övladına xas olan bir eqoizm var daxilində və hökmən səni digərləri ilə müqayisə etməyə məcbur edir. Bəlkə də, elə atamda da mütaliəyə sevgi qəzetdə çalışarkən yaranmışdı. Çünki, bu məndə də belə oldu. Mütaliəyə marağım uşaqlıqdan vardı əslində. Amma bunu üçün xüsusi zaman ayırmazdım, sadəcə boş zamanlarda bəlkə də atamın təkidi ilə mütaliə edərdim. Amma indi elə deyil, bu gün bu qəzet məndə mütaliəyə təkcə maraq yox, həm də sevgi yaradıb, xoş ətirli çörəyi səhərlər necə iştahla yeyiriksə, hər səhər redaksiyaya gələrkən qəzeti də eyni təşnəliklə vərəqləyir, eyni acgözlüklə oxuyuruq. Çünki, bu qəzet bizim həyat amalımızdı. Sizə ikinci bir nüansı xüsusilə qeyd etmək istərdim, insanın doğulduğu ev onun həyatına necə təsir bağışlayırsa, düşdüyü mühit, çalışdığı iş ikiqat öz təsirini göstərir. Hər gün qəzetin baş redaktorunun qəzeti öz övladı kimi əzizləyib, nazını çəkdiyini gördükdə təbii ki, hər kəs qəzet üzərində öhdəliklərini daha dərindən mənimsəyir. Hər kəs öz işinə daha sıx tellərlə bağlanır, qəzetin ən incəliklərinə belə həssaslıqla yanaşır. Çünki, hər kəs dərk edir ki, bu qəzet bizim keçmişimiz, gələcəyimiz və bu günümüzdür. Çünki, bu qəzetdə keçmişdən süzülüb gələn dəyərlərimiz, sevinclə yaşadığımız bu günümüz və xoşbəxtliyə aparan gələcəyimiz var. 100 illik qədəmin mübarək doğma qəzet!

Gülcamal Tahirova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR