Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, keçirilən seminarın məqsədi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə məlumat verməkdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli 115 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib.
İsmayıl Qəribli bildirib ki, bu Qaydaya əsasən dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər il inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilir. Əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməletmə vəziyyətinə əsasən qiymətləndirilir. Daha sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə yeni qaydalar haqqında məlumat verib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti