02 İyul 2022, Şənbə

          1 iyun 2021-ci il tarixində ilhamlanıb alıram qələmi əlimə, muxtar respublika mətbuatına Ali Məclis Sədrinin növbəti qayğısının, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamın işığında yazmağa çalışıram bu yazını. Bir əsrlik ömür kitabını vərəqlədikcə düşünürəm: Yüzlərlə, minlərlə jurnalistin yaradıcılıq yoluna nur çiləyən, gələcəyinə çıraq tutan, ulu tariximizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən, keşməkeşli dünənimizdən, nailiyyətli bu günümüzdən, blokadalı inkişafdan, tərəqqidən, quruculuqdan, səndən, məndən, bizdən, hər birimizdən söhbət açan çinar ömürlü söz təknəsinin özündən söhbət açmaq necə də məsuliyyətli hiss, necə də ağır missiyadır...

           1921-ci il 9 noyabr tarixində dünyaya göz açan, minlərlə gözləri dünyaya açdıran doğma qəzetimizin səhifələrində nələr yer almayıb, nələr. Nələrdən danışmayıb, nələrdən yazmayıb ki bu mətbu orqan. Vərəqlədikcə hər səhifəsindən hiss edirik, duyuruq əcdadlarımızın ayaq səslərini, səyahət edirik ulu babalarımızın təxəyyül, təfəkkür dünyalarına, diqqətimizə hakim kəsilir dünənimizdə baş verənlər, öyrənirik bu günümüzün reallıqlarını, müstəqilliyimizi, inkişafı, tərəqqini hər incə detalınadək, varırıq faktlarla zəngin dolğun nəticəyə. İşıqlı sabahlara aparan yolda qarşımıza çıxan maneələri aşdığımız, közərən çıraq işığına nigaran nəzərlə baxdığımız, qəlbimizdə işıldayan ümid, inam işığından güc aldığımız, titrəyən nəfəsimizlə əsən əlimizi isitməyə çalışdığımız qaranlıq gecələrdə, gecə rəngli gündüzlərdə çəkdiyimiz əziyyətlərlə qarşılaşırıq rəngi solmuş səhifələrə nəzər saldıqca...

Ayrı-ayrı illərdə işıq üzü görən nömrələrində dönə-dönə tariximizə işıq salır, olanları-keçənləri xatırladır, bircə hadisəni, əlamətdar anı belə unutmur, unutdurmağa qoymur bu 100 yaşlı maarifçilik salnaməsi. Bəşəriyyətin ikinci yaradılışı sayılan Nuh tufanı dövrünə səyahət edirik cümlələrin sehri ilə, dinləyirik o uğultunun sonunu, sükutunu, Nuhun Nəqşi-cahana ayaq basdığı, ona qəlbdən bağlanaraq ömrünü-gününü bu torpağa həsr etməsindən, dərdlərin dərmanı olan, el-el, oba-oba gəzən, ağız dadımız-tamımız olan duzun mənbəyindən – Duzdağ şaxtasından, ulu diyarın binə olmasından danışır, Dədə Qorqudun oğuz övladlarını birliyə-bərabərliyə səsləməsindən, Koroğlunun nərəsindən, Babəkimin haqq səsindən verir soraq.  Şərqin qapısı sayılan oğuz yurdunun dövlətçilik yoluna nəzər eyləyir, Atabəy Şəmsəddin Eldənizin, Məhəmməd Cahan Pəhləvanın, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığını yaradan Kəngərlilər sülaləsindən olan Naxçıvanskilərin torpaqlarımızı birləşdirmək əzmindən, tarixi missiyalarından, xeyirxah əməllərindən danışır, insanlara ərməğan edilən yaşam qaynaqları sayılan çeşmələrin, hamamların, körpülərin sözlə rəsmini çəkir, qədim, ağ-qara fotoların üzə çıxarır, dünənimizə işıq saçan Əcəmi memarlıq nümunələrindən – Möminə xatının, Yusif Küseyr oğlunun bədii təxəyyülə hopan hər naxışının, Möminə xatın türbəsinin baştağında kufi xətti ilə yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” sözlərinin açır məğzini, ortaya çıxarır mahiyyətini. Əmir Teymura təslim olmayan, 14 illik şərəf, ləyaqət dastanı yazan Əlincəqalanın hər addımına ləpir salan ulu babalarımızın əl-ayaq izlərindən, müstəqillik illərində bu qəhrəmanlıq salnaməsinə hörmət hissindən, min bir əziyyət bahasına da olsa, yüksək səviyyədə bərpa edilərək yaşadılmasından, milli kimliyimizin açarları gizlənən onlarla belə tarixi abidələrə yeni həyat verilməsindən danışır...

Əcdadı “Əkinçi” qəzetinin insanları doğruluğa, düzgünlüyə səsləyən hər cümləsinə sədaqətlilik göstərir, maarifçilik mirasına sahib çıxır, Ana dilinin müqəddəsliyini aşılayan, cahilliyi tənqid edən Mirzə Cəlil dühasından ilhamlanır, neçə-neçə şair, yazıçılarımızın Vətən, torpaq təssübkeşliyi aşılayan misralarını qonaq edir simasına. Öz yaradılışından bir neçə il öncə baş verən, Naxçıvanın tarixi taleyində əvəzsiz rol oynayan Araz-Türk Respublikasının yaradılmasından, muxtariyyət yolunda atılan addımlardan danışdıqca, Nəriman Nərimanovun, Behbud ağa Şahtaxtinskinin mübariz, dönməz mövqelərini, mütərəqqi fəaliyyətlərini rəğbətlə alqışlayır. Xalqımızın qəhrəmanlıq səhifələrinə öz səhifələrində hər zaman böyük yer verir, şahidlik etdiyi İkinci Dünya müharibəsi illərində vətənpərvər oğullarımızın göstərdikləri şücaətlərdən söhbət açır, cəbhədən yazılan məktubları oxucularına təqdim edir, torpaq, el uğrunda vuruşan igidlər üçün gündüzləri tarlalarda çalışıb gecələri ilmə-ilmə corab, şərf toxuyan anaların zəhmətlərini ürək yanğısı ilə çatdırır geniş ictimaiyyətə...

1969-cu il 14 iyul tarixi. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə birincə dəfə siyasi hakimiyyətə gəlişi. Xalqımızın taleyində dönüş dövrü kimi xarakterizə olunan həmin ildən sonra “Şərq qapısı” da ulu öndərin xüsusi qayğısını hiss edir üzərində, təmin olunur böyük formatda nəşri, xalqımızın milli dəyərlərinə və mədəniyyətinə  həsr olunmuş yazılar ilə görüşünə gəlir oxucularının, geniş şəkildə qeyd olunur 50 illik yubileyi...

1990-cu illərin ağır-məşəqqətli dövrünə şahidlik edir, qəhrəmanlıq salnaməmiz sayılan Sədərək döyüşlərində yurdsevər naxçıvanlıların son damla qanlarınadək vuruşmasından, “Hər şey Vətən üçün!” şüarı ilə canlarından, qanlarından keçməsindən, bir qarnı ac, bir qarnı tox yaşayan yerli əhalinin gülləbaran altında səngərdəki oğullara ərzaq daşımasından, mərmi yağışı altında şagirdlərə elm ziyası aşılayan müəllimlərin fədakarlığından fəxarətlə danışır, milləti nicat yoluna çıxaracaq yeganə dahi siyasətçi Heydər Əliyevin muxtar respublika üçün misilsiz fəaliyyətindən geniş şəkildə bəhs edir, xalqı inamlı sabahlar naminə birliyə-bərabərliyə, ulu öndərin ətrafında sıx birləşməyə səsləyir. Bir-birinə həsrət qalan iki qardaşın, Azərbaycan və Türkiyənin vüsalına heyranlıqla tamaşa edir, “sərhəd” dirəklərini qışın şaxta, çovğununa rəğmən tar-mar edən insanların həsrət alovlu qəlblərindən süzülüb gələn sözləri diqqətə çatdırır, ümid körpüsü olan Sədərək-Dilucunu binə edənlərin məğrurluğuna heyranlığını ifadə edir. Keşməkeşli dövrlərə şahidlik etdikcə baş verən neqativ halları da üzə çıxarır, problemlərin həlli yollarını axtararaq insanlara kömək əlini uzatmağa çalışır, ictimai-qınaq yaradaraq həllinə nail olur müəyyən məsələlərin.

Görkəmli dövlət xadimi Heydər Əliyevi Naxçıvanda Ali Məclisin Sədri seçilməyə səsləyən minlərlə naxçıvanlının ürək döyüntüsünə qulaq verir, 1990-1993-cü illərdə dahi siyasətçinin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırır, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizə aparır. 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında ilk müsahibəsi isə qəzetin gələcək fəaliyyətinə böyük stimul olur, inkişafına təkan verən məxəz rolunu oynayır: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”...

Blokadaya düşən Naxçıvanda müstəqillik illərində aparılan uğurlu siyasət nəticəsində keşməkeşli, burulğanlı yollardan inamlı, işıqlı sabahlara, firavan, xoşbəxt gələcəyə aparan müdrik Qurucu Rəhbərin həyata keçirdiyi mütərəqqi missiyanı, uzaqgörən işləri hər incə məqamınadək nümayiş etdirir, insanları yalnışlıqdan qaçmağa, düzgün yola, qurub-yaratmağa çağırır. Ali Məclis Sədrinin 2000-ci il 29 mart tarixli Sərəncamından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoyan, maddi-texniki bazası daha da möhkəmlənən qəzet şəhər, qəsəbə, kəndlərimizin abadlaşan, gözəlləşən simasına boylanır, iməciliklərdə minlərlə ağac əkən, ümumi evimiz sayılan doğma yurdumuzun səliqə-sahmanına xüsusi həssaslıqla yanaşan, festivallarda, bayramlarda, əlamətdar günlərdə milliliyimizi, adət-ənənəmizi yaşadan, təbliğ edən insanların əməyindən, startaplar yaradan gəncliyin vətənpərvərlik hissindən, innovativ düşüncəsindən qürurlanır sinəsi mətbu orqanın.

Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də redaksiyası yeni bina ilə təmin olunan, həftədə 5 gün rəngli formada işıq üzü görən nömrələrində bütün sahələrdə artan yüksəlişdən, Vətənimizin keşiyini gecə-gündüz ayıq-sayıqlıq çəkən oğulların şərəfli xidmətindən yazır, qəhrəmanlıqlarından söhbət açır, Günnüt zəfərindən, Aprel döyüşlərindən və ən nəhayət ötən il 44 günlük Vətən müharibəsində qazanılan Böyük qəbələdən danışır, ölkə Prezidenti cənab İlham Əliyevin dediyi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər” sözlərdən fəxarət duyur, şəhid ailələrinin acısına şərik olur, dövlətimizin onlara bəslədiyi sonsuz sevgini, qayğını gözlər önünə sərir, Vətən oğullarının həyat yoluna nəzər salır, qəhrəmanlıqlarını dilə gətirir. 2012-ci ildə yaradılan, sonralar daha da təkmilləşdirilən, gün ərzində mütəmadi surətdə yenilən saytında muxtar respublika ilə yanaşı, ölkəmizdə, dünyada baş verən ictimai-siyasi hadisə və proseslərə də geniş yer verir... 

Ey doğma, əziz qəzetimiz “Şərq qapısı”! Birəsrlik yol qət etdin, keşməkeşli anlar yaşadın, yorulmadın, usanmadın, bircə an da əymədin heç qəddini, daim belə şux qalasan, daha insanların çətinlikləri, xoşagəlməz hallar arxada qalıb, indi muxtar respublikanın inkişafı, tərəqqisi ilə qol-qanad açır, pərvazlanır səhifələrin, axarlı olsun. Ulu diyarın tarixini, keçdiyi inkişaf yolunu mahiyyəti açan yazıları, gözəl tərtibatı, maraqlı dizaynı, foto keyfiyyəti ilə gələcək nəsillərə çatdıran maarifçilik salnaməsi, hər zaman uğurlarla, nailiyyətlərlə qürurlandırasan oxucularını, gecə-gündüz sinəndə dolub daşan sözlərin daim dəyərli, kəsərli, qiymətli olsun, əvvəlki yubileylərin kimi, 100 illiyin də dövlətimizin diqqət və qayğısı ilə yüksək şəkildə qeyd olunacaq, gözün aydın. 100 yaşın mübarək, ey çinar ömürlü söz təknəsi, maarifçilik salnaməsi, neçə belə yüzilliklər görəsən!

Nail ƏSGƏROV

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR