Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş mayor Vüsal Vəliyevin əziz xatirəsinə
Salam, əziz dost. Yenə hüzurundayam. Axşam yuxumda səninlə danışırdım. Birlikdə idik. Üzünüz gülürdü. Sanki yuxum çin çıxıb. Fərqlilik var səndə. Tək səndə yox, hamınız bu gün başqa cür baxırsınız üzümə.
– Sevincliyik, qardaş. Bilirsən? Biz elə bir orduyuq ki, təkcə ailəmiz, dostumuz, qohumlarımız yox, bütövlükdə, xalqımız bizimlə öyünür.
– Elədir, qardaş. Hər adama qismət olmayan zirvədə durmusunuz. “Dəmir yumruq” ətrafında birləşərək 44 gün ərzində heç kəsin fəth edə bilmədiyi bir zirvəyə yüksəldiniz, bizi də zirvələrə ucaltdınız.
– De görüm, şəhadət yüksəlişindən Vətəni necə seyr edirsən?
– Hər kəs gəlir, bizləri ziyarət edir. Yaxınlarım gələndə üzüntüdən bəzən kədərlənib göz yaşı axıdırlar. Amma biz bu gün çox sevincliyik. Sən görməmisən Şuşa səmasını. Bax bu igidlərlə mən o səmadan “Xarıbülbül” Musiqi Festivalını izlədik. Hələ onu da deyim ki, “Azərbaycan”, “Naxçıvan” mahnılarını birgə ifa etdik. Onlar Vətən toprağından, biz isə Vətən səmasından. Vaxtilə mərmi, top səsləri gələn diyarımızda “Qarabağ şikəstəsi”nin səsi eşidilirdi.
– Demək sevincinizin səbəbi bu imiş?
Hələ var… Onu da deyim ki, atamla birlikdəyəm. Atam da mənimlə o səmada idi. Atam bu torpaqlarda çox olub, yaxşı tanıyır bu əzəli torpaqlarımızı. Gördüyün bu gənclərə atam o müqqəddəs diyarın tarixi yerlərini tanış edir.
Bizim üçün bundan sevincli gün ola bilərmi? Qısa zamanda Ananı çox sevdiyi, onunla fəxr etdiyi balasına qovuşdurduq. Biz onun üçün bu zirvəyə sevə-sevə yüksəldik.
– Əziz dostum, bu qəhrəman yurd siz qəhrəmanlarını heç vaxt unutmayacaq.
– Qardaş, tək mən yox, hamımız bunun şahidiyik. Bu xalqın Vətən sevgisi bulaq kimidir. Onu kökdən qazıyıb atmaq olmayacaq. Hər zaman bu torpaqda müdriklər, bizim kimi igidlər yetişəcək.
– Çox haqqın var bizlərin üzərində. Haqqını halal et.
– Bu torpaq bizi yetişdirdi, böyütdü, ərsəyə gətirdi.
– Halal olsun. Ruhun şad olsun, cənab mayor.
– Vətən sağ olsun!
Sərxan İSMAYILOV