Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın böyük gələcəyi Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil dövlətin qurulması və inkişafı yönümündə xalqın maraqlarına xidmət edən siyasət əsas prioritetə çevrildi. Ölkənin bütün sferalarında, o cümlədən humanitar düşüncə sistemində gedən yeni təfəkkür prosesləri, azərbaycançılıq ideologiyasının qabardılması, milli məfkurə xəttinin önə çəkilməsi, uşaqlara qayğı və diqqətin artırılması, gənc, savadlı nəslin formalaşmasının əsas qayə təşkil etməsi müstəqillik təntənəsinin nəticəsi idi.Dövlət başçımızın sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir.
Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir. Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Ulu Öndərimiz Heydər Əliyev öz ana dilini bilməyən insanları şikəst insanlar adlandırırdı.
Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. Xalqımız laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Belə bir ifadə var: “Ana dili, ana südü kimi ləzzətlidir insana”. Ana dilimizdə güldüyümüz, ağladığımız, danışdığımızdan aldığımız dadı, ləzzəti heç bir başqa dildən ala bilmərik. Ana dilini bilmək tarixdən gələn bir zərurətdir Bütün bunları toplayıb, araşdırıb uşaq ədəbiyyatında əks etditmək isə biz tədqiqatcıların işidir. Bizim min illər boyu həyat sürmüş xalqımız bu gün Azərbaycanın gənclərinə bir irs qoyub getmişdir.
İnsanın öz ana dilinə olan ehtiyacı torpağa, çörəyə, havaya, suya olan ehtiyacı qədər zəruri və müqəddəsdir. Ana dili hər bir millətin, xalqın satılıb alınmayan ən qüdrətli, ən qiymətli sərvətidir. Vətənimiz, dövlətimiz, sərvətimiz talan edilsə də, əlifbamız dəfələrlə dəyişdirilsə də, xalqın dilini, söz yaddaşını ondan almağa heç bir qüvvə qadir olmamışdır. Bu əvəzsiz nemətdən istifadə edən ulu əcdadımız onun vasitəsi ilə ucalmış, ucalaraq xalq olmuş, millətə çevrilmişdir. İnsanı kamil bir varlıq kimi digər canlılardan ayıran və onu dünyanın əşrəfi mərtəbəsinə qaldıran Yaradanın ona bəxş etdiyi dildir – nitqdir. Tarixin ağrılı-acılı sınaqlarından uğurla çıxan ana dilimiz ən dəyərli milli mənəvi sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.
H.Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Onun öz sözlərindən sitat gətirmək yerinə düşər: “Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.” Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır.
Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi. Bütün bunlara baxmayaraq, Ümummilli lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ana dilimizin şərəfinə ölkəmizin böyük şəhərlərindən olan Naxcıvan Muxtar Respublikasında “Ana dili” abidəsi ucaldıldı. Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili ulu öndər H.Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsini yaşamaqdadır.
Azərbaycan Respublikası təhsil sistemində, təhsilin forma və məzmununda köklü dəyişikliklər etmək üçün ümummilli lider H. Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq edildi. Bu proqramın mahiyyət və məzmunundan və ümumiyyətlə, təhsilin dövlət həyatında oynadığı əvəzsiz rolundan danışarkən ümummilli liderimiz demişdir. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini mədəniyyətini dünya standartlarına çatdırsın, o millət hər şeydən çox təhsilə fikir verməli, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolda gedirik. Əmin ola bilərsiniz ki, bu yolla gedəcəyik” Uşaqlar üçün yazılmış əsərlərin süjeti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövqlərinin və dünyagörüşlərinin inkişafına kömək edə bilsin. Təkcə ana dilində yazılan dərsliklərin deyil eini zamanda sinifdənxaric oxu üçün yazılan kitabların da qayğısına qalmalıyıq. Biz pedaqoq alimlər bu sahədə olan ziyalıar şairlər, yazıcılar necə yazmaqla yanaşı, həm də nə yazmaq, hansı janrda yazmaq barədə düşünməli eyni zamanda uşaq ədəbiyyatının bütün əhatə və çalarlığı ilə inkişaf etdirməliyik. Ana dilimizdə yazılmış dərs vəsaitlərinə baxsaq görərik ki, daha primitiv nüanslara uşaqlar maraq göstərmir. Cünki uşaqlar dövr zamanla ayaqlaşaraq çox irəlidədirlər. Bu ğün uşaq dərsliklərinə baxsaq görərik ki, uşaq nəyi öyrənir? Və biz nəyi veririk uşağa?
Uşaq ədəbiyyatında yeni dil, yeni estetika, yeni baxış və ifadə qatına adlama prosesi müstəqillik dönəminin payına düşür. Uşaqlarımızda milli müəyyənlik, milli düşüncə və eyni zamanda ana dilimizə sevgi formalaşdırmaq istəyi, üçrəngli bayrağımız, himnimizlə öyünmək, Vətən, hürr, azadlıq duyğulu mətnlərin daha çox üstünlük təşkil etməsi, çağdaş uşaq ədəbiyyatının aparıcı istiqaməti olmalıdır.
Uşaq ədəbiyyatı uşaq şüuruna nitqlər yolu ilə daxil olur. Uşaqlar üçün yazılan bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərə alınmalıdır. Uşağın daxili duyğularını, sevincini, əzablarını, psixoloji-ruhi yaşantılarını bütöv şəkildə ortaya qoyan əsərlərə ehtiyacımız böyükdür. Bu problem bütün dövrlərdə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır. Uşaq ədəbiyyatının keçdiyi yol, inkişaf qanunauyğunluğu, mövzu və problem dairəsi haqqında çox bəhs edilib. Bəs bu gün çağdaş uşaq ədəbiyyatının problemləri, mövzu dairəsi nədir, hansılardır? Hazırda Azərbaycan uşaq ədəbiyyatımız özünəməxsus inkişaf yolu keçməkdədir. Uşaq ədəbiyyatı dünyası öz mövzuları və süjetləri, fərqli qəhrəmanları, dili və üslubu olan bir ədəbiyyat kimi inkişaf edir.
Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının bir neçə yaradıcı nəsli böyük ədəbiyyat meydanında öz sözünü deməkdədir. Qarabağ faciəsi, işğal olunmuş yurd yerlərimizin, şəhid olan oğullarımızın obrazı, onların vəsfi, tərənnümü. Bu gün isə 28 il işğal altında qalmış Qarabağımızın azad olunması 44 günlük qələbəmiz, zəfər tariximizi yazan şəhid oğullarımız bütün bunlar yazılmalıdır. İkinci Qarabağ müharibəsində uşaqların acı həyat hekayələri, müharibələrin törətdiyi fəlakətlər, sülhün əmin-amanlığın tərənümü və s. mövzular qələmə alınmalıdır. Bir də dünyanı bürüyən texnoloji sivilizasiyanın uşaq baxışlarından dərki. Diqqət eləsək, görərik ki, elə bizim müstəqillik dövrü Azərbaycan ədəbiyyatını qapsayan mövzulardır. Xalqın və millətin taleyində elə taleyüklü məqamların ifadə, vəsf, tərənnüm anı gəlir ki, bütün ədəbiyyatın ruhu, ovqatı eyni amala, eyni mərama qulluq etmiş olur.
XX əsrin əvvəllərində maarifpərvər ziyalıları - müəllim və yazıçıları uşaq mətnləri yazmağa təhrik edən səbəblərdən biri də məktəblərdə şagirdlərin mütaliəsi üçün qiraət kitablarının yoxluğu idi. Ona görə maarifpərvər yazıçılar ana dilində yalnız dərsliklər deyil, sinifdənxaric oxu üçün kitabların yazılması qayğısına da qalırdılar. Bu gün də ziyalıları uşaq ədəbiyyatının bütün əhatə və çalarlığında inkişafı düşündürməli dövrün tələbinə uyğun əsərlər yazmalıdırlar. Yəni necə yazmaqla yanaşı, həm də nə yazmaq, hansı janrda mövzu meydana qoymaq barədə düşünməlidirlər. Yalnız uşaq şeirləri, təmsillər, nağıllar deyil, həm də güclü hekayələrin yazılması onları düşündürən səbəblər olmalıdır. Cağdaş dövrdə yeni tipli məktəblərin, kolleclərin, litseylərin meydana gəlməsi bu kimi yeniliklər zamanın tələbinə uyğun olaraq ana dilində dərslik və dərs vəsaitlərinə diqqətin artırılmasını tələb edir. Maarifçilik dalğasının geniş intişarı, mətbuat şəbəkəsinin genişlənməsi, xüsusilə uşaqlar üçün jurnalların nəşri genişlənməli yeniliklərlə təzahür etməlidir. Bütün bunlar uşaq ədəbiyyatının inkişafına təkan verən amillərdir. Bütöv bir ziyalı zümrəsinin milli təəssübkeşliyi sayəsində yaradılmalı, uşaq ədəbiyyatı məhz, sağlam və təməlli başlanğıcdan nəşət tapdığı üçün bu gün də yaşama və var olma gücündədir. Начало формы Bütün sahələrdə olduğu kimi, uşaq ədəbiyyatına münasibətdə də kəmiyyət dərəcəsi keyfiyyətə nisbətən qat-qat artıq olan bir durumda yaşayırıq.
H.Əliyev demişdir: “Uşaq ədəbiyyatı uşaqları zəngin mənəvi və estetik zövqə malik, zəmanəsinin ən humanist biliklərinə yiyələnən yetkin bir insan kimi tərbiyə etməlidir.” Ana dilini qoruyub saxlamaq və uşaqlara sevdirmək Azərbaycan uşaq ədəbiyyatının ən böyük tarixi nailiyyətidir. Əsl uşaq ədəbiyyatı - ən yaxşı ana dili dərsliyidir. Vətənpərvərlik - uşaq ədəbiyyatının canı və ruhudur. Uşaq ədəbiyyatı Azərbaycan ədəbiyyatının əbədi Vətəniyyəsidir. Sadə və aydın ana dilində yazılmış və vətənpərvərlik üstündə köklənmiş Azərbaycan uşaq ədəbiyyatı xalqımızın müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlanmasına şərəflə xidmət etmişdir. Uşaqların böyük həyata hazırlanmasını uşaq ədəbiyyatı olmadan təsəvvür etmək mümkün deyildir. Bu məqamda uşaq ədəbiyyatı övladlarını yaşdan-yaşa, addım-addım irəli aparmaq, düşündürmək, tərbiyə etmək vəzifələrini yerinə yetirən valideynlərin də işini həyata keçirir. Uşaq ədəbiyyatı uşaqlığın bütün mərhələlərinin bələdçisi və sükançısıdır. Bir sözlə, uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir. Ən kamil uşaq əsərləri ən çox yadda qalan dərslərdir. Uşaqların ətraf aləm haqqındakı ilkin təəssüratları ailə mühitində formalaşmaqda olan tərbiyəvi keyfiyyətlərin üstünə gəlir və onu daha da zənginləşdirir. Bağça dövrü - məktəbəqədər tərbiyə isə uşaqların ailədə və ətraf aləm vasitəsilə əxz etdikləri məlumatları, ilkin bilgiləri, öyüdləri cəmləşdirməklə bərabər həm də onlara bədii əsərlər, mahnı və musiqi ilə əlaqədar əlavə biliklər verərək onları məktəbə hazırlayır. Bağçalar uşaqların ilk şeir, hekayə və mahnı məktəbləri funksiyalarını həyata keçirir. Ona görə də bağça tərbiyəsi uşaq aləminin formalaşdırılmasında mühüm mərhələdir. Nə qədər çətin olsa da, sovet dövründə də uşaq ədəbiyyatımız ciddi bir inkişaf yolu keçmişdir. Sovet ideologiyasının təsiri ilə yaranan uşaq ədəbiyyatı nümunələri ilə bir sırada, bu dövrdə Azərbaycan uşaq ədəbiyyatının xəzinəsinə əbədi olaraq daxil olmuş şeir və hekayələr yazılıb nəşr edilmişdir.
Təbii ki, belə bir şəraitdə hər kəs öz öhdəsinə düşəni etməlidir ki, inkişaf və tərəqqi yolunu tuta bilək. Burada əsas məqsəd məhz bundan ibarətdir. Bildiyimiz kimi uşaqlar üçün yazılan əsərlər həcmcə azlıq təşkil etsə də, ümumilikdə uşaq psixologiyasını düzgün anlayan, onu istədiyi məcraya yönəltməyi bacaran, saf uşaq şüurunda mütərəqqi, pedaqoji tərbiyənin əsasını anlatmaq baxımından dəyərli nümunəvi əsərlər yazılmalı, müfəssəl təhlil olunmalı, oxucularına çatdırılmalıdır. Belə ki yeniyetmələrin, gənclərin dünya görüşünün inkişafında maraq dairəsinin genişlənməsində əxlaq və mənəviyyatının formalaşmasında, bədii zövqün cilalanmasında ana dilinin zənginlikləri uşaq ədəbiyyatının köməyi ilə öyrənilir.
Müasir dövrdə qlobal problemlərin bir-birini əvəz etməsi, sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, qlobal iqlim dəyişiklikləri və digər hadisələr ictimaiyyəti ciddi narahat etsə də, uşaqların taleyinə aid məsələlər gündəmdən düşməmiş, daim diqqət mərkəzində olmuşdur. Müxtəlif həyat hadisələrinə, ətraf aləmə böyük maraq göstərən, hər şeyin mahiyyətinə varmağa çalışan bugünkü uşaq əqli intellektual qabiliyyəti ilə 30-40 il bundan əvvəlki yaşıdlarından xeyli fərqlənir. Orta ümumtəhsil məktəblərinin ilk pillələrindən başlayaraq uşaqlara həyat, ətraf aləm, özündən böyüklərin işi-peşəsi haqqında məlumat vermək, onlarda müəyyən anlayışlar formalaşdırmaq, mənəvi hisslərini, milli-vətənpərvərlik tərbiyəsini qüvvətləndirmək indi dövrün ən başlıca məsələlərindəndir. Lakin problem xarakterli bu məsələlərin, qarşıda duran vəzifələrin həllini təkcə ümumtəhsil məktəblərinin, digər təlim-tərbiyə ocaqlarının üzərinə atmaq bu günün tələbləri ilə həmahəng səslənmir. Bu da məlumdur ki, hər bir məktəbin, ailənin, hər bir uşağın ana dilimizə məhəbbət, zənginliklərini öyrətmək biz böyüklərin müəllimlərin tərbiyəcilərin borcudur.
Müasir dövrün indiki mərhələsində xalqımıza kamil, şüurca yetkin insanlar daha çox lazımdır. Belə insanların yetişməsində uşaq ədəbiyyatının misilsiz əhəmiyyəti vardır. Məhz elə buna görə uşaq ədəbiyyatının ideya-bədii səviyyəsinin yüksəldilməsinə dövlət qayğı göstərir. Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada uşaqların mütaliəsinə diqqət artırılır, onların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur, müxtəlif səpkili müsabiqələr keçirilir.
Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə malikdir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. Və bu baxımdan da uşaqlar üçün yazılan əsərlərdə ana dilimizin qayğısına qalaraq uşaqlara sevdirərək öyrətməli, müasir dövrün nəbzi tutulmalı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu uşaq yazıçılarını düşündürən ən aktual problemlərdən biridir.
Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, uşaq ədəbiyyatı məqsədinə görə yox, xarakter xüsusiyyətinə görə, yəni forma və məzmun sadəliyinə, dil və üslub səlisliyinə görə ümumi ədəbiyyatdan ayrılır. Lakin bu gözəl nümunələr ümumi ədəbiyyatımızın kontekstində dəryada damlalara bənzəyir. Bütövlükdə uşaq ədəbiyyatımız çətin döyüşlərdə, zamanın sınaqlarından çıxmış və azərbaycancılıq məfkurəsində ana dilimizin qorunmasında uşaqların mənəvi dünyasının zənginləşməsində əhəmiyyətli rol oynayır. Uşaqların bədii zövqünün dərəcəsi, əməyə münasibəti, vətənpərvərlik, humanist duyğularının inkişafı da buraya daxildir. Uşaq ədəbiyyatı həmçinin balalarımıza həyatı öyrədir, onlara bilik və məlumatlar verir. Uşaq ədəbiyyatı oxucularına həyatı daha dərindən dərk etməkdə kömək edir, dünyagörüşlərini genişləndirir, bədii zövqlərini inkişaf etdirir.
Beləliklə, bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq, bizimlə, qəlbimzidə yaşayacaqdır. Yekun olaraq deyə bilərik ki, bu gün ana dilimizin qayğısına qalaraq uşaq ədəbiyyatının inkişafı, problemi, vəziyyəti ümumiyyətlə əldə olunan son nailiyyətlər də araşdırılıb tədqiq edilməli, üzə çıxarılmalı yeni nəsilə çatdırılmalıdır.
Nəzakət İsmayilova
fililogiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutu
Email:nezaket.ismayı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.