Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir. Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev 2012-ci ilin yekunları ilə bağlı məruzə ilə çıxış etmişdir.
Nazir bildirmişdir ki, Ədliyyə Nazirliyi 2012-ci ildə əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə işini genişləndirmiş, ədliyyə orqanları əməkdaşlarının və geniş ictimaiyyətin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmişdir.
Ötən il icra xidmətinin bölmə və qruplarının icraatına 1043 icra işi daxil olmuş, bunlardan 361 icra işinin icrası başa çatdırılmış, 531 icra işi icraya yönəlmiş, 57 icra işi geri qaytarılmış, 89 icra işi ərazi aidiyyəti üzrə göndərilmiş, 5 icra işinin icraatı dayandırılmışdır.
İki təhsil müəssisəsi qeydiyyata alınmış, vətəndaşlıq vəziyyəti aktları ilə əlaqədar təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 7585 manat rüsum dövlət büdcəsinə ödənilmişdir.
Qeyd edilmişdir ki, ötən il nazirliyə 2174 müxtəlif məzmunlu sənəd daxil olmuşdur. Həmin sənədlərdən 129-u ərizə-şikayət, 2045-i isə müraciət xarakterlidir. Müqayisə göstərir ki, 2012-ci ildə 2011-ci ilə nisbətən sənəd sayında 764 fakt azalma, vətəndaş müraciəti sayında isə 16 fakt çoxalma olmuşdur. Vətəndaş müraciətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmış, mahiyyəti üzrə aidiyyəti orqanlara göndərilmiş, şikayətçilərə qanuna uyğun cavablar verilmiş, onların hüquqları izah edilmişdir.
Rayon (şəhər) bələdiyyələrində görülən işlər araşdırılarkən müəyyən edilmiş nöqsanlar və qüsurlar barədə aktlar tərtib edilmiş, nöqsanların aradan qaldırılmasına əməli köməklik göstərilmiş, tövsiyələr verilmişdir. Fəaliyyəti zamanı qanun pozuntularına yol verdiklərinə görə 23 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.
Nazir bildirmişdir ki, məhkumların hüquq və vəzifələrinin izah edilməsi, onlarla hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 2012-ci il 3 fevral tarixli birgə tədbirlər planı çərçivəsində davamlı olaraq cəzaçəkmə müəssisələrində məhkum və təqsirləndirilən şəxslərlə görüşlər təşkil edilmişdir. Həmin görüşlərdə məhkumları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
2012-ci ildə Məhkəmə Ekspertiza Mərkəzinin Naxçıvan filialının icraatına 100 ekspertiza işi daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 iş azdır. İcra olunmuş ekspertizalar üzrə, ümumilikdə, 179 suala cavab verilmiş, 4 sual uyğun texniki şərait olmadığına görə cavablandırılmamış, 7 sualın təhqiqatı davam etdirilir.
2013-cü ildə qarşıda duran vəzifələrdən danışan Suliddin Əliyev əməkdaşlara işlərində uğurlar arzulamışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov kollegiya iclasında çıxış etmişdir.
Əzəmət HƏSƏNOV