23 Dekabr 2024, Bazar ertəsi

Sədərəkdəki Şəhidlər xiyabanında təşkil edilən tədbirdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman oğulları xalqımızın ürəyində əbədi məşələ döndü. Onların qəhrəmanlıqları dillərə dastan oldu. Tarixboyu qəhrəman bir el kimi tanınan Naxçıvanın nər igidləri 44 günlük Vətən müharibəsində zəfər dastanı yazdı. Onlar doğulduqları torpaqdan yüzlərlə kilometr uzaqda canlarından keçdilər. Vətən andı içərək bu yola çıxdılar. Qələbə bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında, Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər. Azad edilmiş torpaqlarımızda zəfər bayrağı dalğalananda, himnimiz səslənəndə igid Vətən oğullarının ruhu şad olur.

Vurğulanıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Ərtoğrul Nadirli 31 mart 1997-ci il Sədərək rayonu Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsi alıb, Tovuz bölgəsinə göndərilib. Sonra Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb. 27 sen­tyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında iştirak edib, şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin atası Hümbət Rzayev göstərilən qayğıya görə minnətdarlığını bildirərək deyib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Oğlu Ərtoğrulun bu gün 24 yaşının tamam olduğunu deyən şəhid atası diqqətə çatdırıb ki, burada övladımın məzarı başında, ad günündə anılması Vətən uğrunda canından keçənlərin heç vaxt unudulmaması deməkdir. Şəhid atası onu da bildirib ki, Ərtoğrul döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçımız tərəfindən “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə,” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR