AMEA Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri, nəticələri, dərsləri” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1918-ci il 31 Mart soyqırımı və bu faciənin ağır nəticələrindən danışıb. Bildirib ki, həmin qırğınların əsas qayəsi etnik balansı dəyişmək və ermənilərin mənfur planlarının reallaşması üçün zəmin hazırlamaq idi. Çıxışda ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə xalqımıza qarşı törədilən erməni qəddarlığının rəsmi şəkildə bəyan edilməsindən, Prezident cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının erməni vandalizminin ifşasından, çoxsaylı tədqiqatların aparılması, beynəlxalq aləmdə təbliğinin əhəmiyyətindən bəhs edilib.
44 günlük Vətən müharibəsinin nəticələri haqqında fikir bildirən alim deyib ki, Ali Baş Komandanın səriştəli rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar təkcə düşməni diz çökdürmədi, ermənilərin əsrlərdən bəri davam edən “missiyasına” tutarlı cavab oldu. Bu gün bir sıra dünya dövlətlərinin Azərbaycan həqiqətlərini tanıması bu istiqamətdə görülən işlərin uğurlu nəticəsidir.
Konfransda AMEA Naxçıvan Bölməsi əməkdaşlarından dosentlər – Emin Şıxəliyev, İlhami Əliyev, Toğrul Xəlilov və Elxan Məmmədov müxtəlif mövzularda məruzələr ediblər.
Qeyd edək ki, dünən bölmədə muxtar respublika məktəbliləri üçün “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası” mövzusunda interaktiv dərs də keçilib. İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti