26 Aprel 2024, Cümə

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Bu fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilmişdir. Bu, xalqın tarixi yaddaşıdır, milli yaddaşımızı dirçəldən mühüm rəsmi sənəddir. Bu sənəd xalqımıza qarşı törədilən soyqırımının obyektiv mənzərəsini yaratmağa və ona siyasi-hüquqi qiymət verməyə imkan yaratdı. Bu fərman eyni zamanda keçmiş tariximizə və bugünkü problemlərə baxışları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm dövlət sənəd, konseptual siyasi baxışlara əsaslanan metodoloji baza olmuşdur. Bu baxımdan Azərbaycan xalqının başına gətirilən soyqırımı cinayətlərinin mahiyyətinin açıqlanması və pərdə arxası məqamların araşdırılaraq təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Bəlkə də tarixdə yeganə millətdir ki, Azərbaycan türkləri bir əsrdə bir neçə dəfə fəlakətə məruz qalmış, soyqırımına, deportasiyaya uğramış və hələ də bunun acısını yaşamaqdadır. Törədilən soyqırımı cinayətləri antitürk zehniyyətlə yoğrulan ermənilərin “Hai-Taht” doktrinasından qaynaqlansa da, Azərbaycanın bütün bölgələrində baş verən hadisələrin arxasında böyük güclərin də hər birinin öz marağı olmuşdur. Bu dövlətlərin hər birini birləşdirən yeganə amil isə antitürk zehniyyət idi.

İnkaredilməz həqiqətdir ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. Hal-hazırda dünyada baş verən hadisələrdə, Böyük Güclərin geosiyasi maraqlarında da bu amilləri müşahidə etmək mümkündür. Bu geosiyasi maraqlarda Əl-Qaidə, İŞİD, Boko Haram, Əl Nusra və s. terror təşkilatları bəhanə və əsas amil kimi istifadə olunmaqda, icraedici vasitəyə çevrilməkdədir. XXI əsrin əvvəllərində adları qeyd olunan həmin terror təşkilatlarının oynadığı rolu XX əsrin əvvəllərində də məhz erməni terror təşkilatları oynayırdılar. “Böyük Ermənistan” vədi ilə qızışdırılan ermənilər aldığı silah-sursat və maddi qaynaqlarla təşkilatlanır, təlimatlandırılır və genişmiqyaslı cinayət hadisələrinə imza atırdılar. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin Çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir. Hələ XX əsrin əvvəllərində çarizmin Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəyini” bildirmişdi. Bir nəfərin qətlə yetirilməsi ilə başlayan kiçik bir qığılcım böyük bir partlayışın xəbərçisi ola bilərdi. Bir nəfərin öldürülməsi ilə münaqişə başlayacaq, sonra Rusiya hər iki tərəfi də silahlandıracaqdı. Çünki Qafqaz xalqlarının bir-birilərinə düşmən kəsilmələri Rusiya baxımından olduqca vacib idi. Ermənilərin dövlət qurmaq həvəsləri, gerçəkləşdirilən qətliamlar Rusiyanın maraqlarına son dərəcə uyğun idi.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündə Bakıdan başlandı və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayıldı və getdikcə şiddətləndi. Naxçıvandakı qırğın daşnakların və çar məmurlarının təhrikləri nəticəsində baş verdi.

1905-ci il hadisələrinin şahidi olan M.S.Ordubadi “Qanlı illər” adlı əsərində münaqişənin ortaya çıxmasının səbəblərini belə izah edir: 1) Erməni Daşnaksütyun komitəsinin müstəbid idarə üsulunu təşkil etməsi, qızışdırıcı mövqe tutması; 2) Məhəlli hökumət məmurlarının etinasızlığı və Çar üsul-idarəsinin ikili oyunu; 3) Müsəlman əhalinin elmsizliyi və baş verən siyasi hadisələrdən bixəbər olması və 4) Ermənilərin avtonomiya – idarə muxtariyyəti həvəsində olmaları.

Tarixi sənədlərdə erməni daşnakları ilə birlikdə çar məmurlarının da milli münaqişəni bilavasitə qızışdırdıqları, evlərin, mağazaların talan edilməsində, qətliamların törədilməsində birbaşa rol oynadıqları yer almaqdadır.

Ermənilərin türkə olan nifrət psixologiyası və türkü öldürməkdən mənəvi zövq alma düşüncəsi 1905-1907-ci illərlə məhdudlaşmamış, 1918-ci ildə də davam etmişdir. Məhz bunun nəticəsidir ki, Mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələrində hədsiz sayda insan erməni zülmünün qurbanı olmuşdur.

Arxiv materiallarında göstərilir ki, əla silahlanmış və mükəmməl təlim görmüş ermənilər müsəlmanların evlərinə hücum edərək onları öldürür,         3-4 günlük çağaları xəncər və süngüylə qətlə yetirir, uşaqları alovların içinə atırdılar. Sadəcə insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də yox edildi.

Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Dro, Njde, Hamazasp, Yapon, Andranik kimi cəlladlar Azərbaycan xalqının qanına susamışdılar. Naxçıvanda baş verən cinayətlər haqqında isə xüsusilə bəhs etmək lazımdır. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilmirdi. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta erməni ordularını məğlub edirdilər. Ancaq bununla birlikdə, ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi. 

Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. Mənbələr onun kimliyi haqqında o qədər də dolğun məlumat verməsə də, törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar verir. Andranikin Naxçıvana hücumu 1918-ci ilin iyun ayına təsadüf edir. Andranik Naxçıvana hərbi yürüşlərindən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyaylada türk qatili kimi tanınmış, Ərzurum soyqırımının əsas təşkilatçılarından olmuşdu. Bu insan elə bir cinayətlərə imza atıb ki, məsələn, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü. Andranikin Araz çayına tökdüyü insanların cəsədlərini nüvədililər çayın kəndlərinin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn etmişdilər. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür.

Yaycıdan Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan azərbaycanlı kəndlərini dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunub, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahbudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.

Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna məruz qaldığı və əhalisinin də Araz çayına atılması ilə bağlı məsələlər göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində türklərin qətlə yetirilicəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə aşağıdakı ifadələr yer alırdı: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”.

          Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində       10 mindən artıq günahsız insan qətlə yetirildi. Bu vaxt Duzdağ tərəfdən açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı. Bu elə bir cinayət idi ki, mənbələrin verdiyi məlumata görə, 20 gün ərzində kənd içərisində bir-birinin üstünə qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdu.

          Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra 1918-ci ilin sentyabr ayında Sisyana, noyabr ayında isə Gorusa gəlir və orada məskən salır. Bu tarixdən Zəngəzurun və bütün Qarabağın qara günləri başlayır. Sisyandan başlamış Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. O, Şərur rayonunun Danzik, Dizə kəndlərinə də hücum etmək istəmiş, lakin məğlub olmuşdu. Andranik bu məğlubiyyətin əvəzini Qarağacda və Şabili kəndlərini yandırıb əhaliyə divan tutmaqla çıxır. Törətdiyi qırğınların miqyası o qədər böyük idi ki, Andranik öz qanlı cinayətləri ilə artıq Naxçıvanı öz hakimiyyətinə tabe etdiyini düşünürdü. Onun məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan və Türkiyənin        6 əyaləti Böyük Ermənistanın tərkibinə daxil olmalı, yəni dənizdən dənizə terrorçu, hərbiləşdirilmiş Daşnak Partiyasının ruhuna uyğun hökumət yaradılmalı idi.  

          Nümunələrin sayını artırmaq mümkündür, lakin məsələ ilə bağlı ortaya çoxsaylı suallar çıxır: 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında hansı dövlət dayanırdı? Xarici dəstək olmasaydı, ermənilər belə cinayətlərə əl ata bilərdilər mi? Faktlara müraciət edək: 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Uilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi. Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı. Nəticədə İngiltərənin Hərbi Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul etdi. Bununla birlikdə erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verildi. İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərildi. Sadəcə pul deyil, müxtəlif silah və sursatlar da ermənilər üçün tədarük edildi. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah, və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvətlərindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar”

          İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursat təmin edən ermənilər Azərbaycanda ciddi etnik təmizlik siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73.727 nəfər ermənilər tərəfindən qətlə yetirilmişdir. 1915-1921-ci illər arasında Cənubi Azərbaycanda isə ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90.000 nəfərin üzərində idi.

          Bu cinayətlər ermənilərdə nifrət psixologiyasının bariz nəticəsi olsa da, türk soyqırımının arxasında böyük dövlətlərin dəstəyi olduğu, o cümlədən maliyyə yardımı və hərbi təchizatın təsiri də xüsusilə qeyd edilməlidir. Gəlinən nəticə bundan ibarətdir ki, 1905-1907-ci illərdə Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda ermənilər tərəfindən törədilən cinayətlərin arxasında birbaşa Çar Rusiyası dayanırdısa, 1918-1920-ci illərdə baş verən soyqırımı cinayətlərinin arxasında İngiltərə dayanmışdır. Məhz böyük dövlətlərin gizli və açıq dəstəyinin nəticəsidir ki, keçmişdə olduğu kimi, yaxın dövrdə də ermənilər eyni ssenari üzrə cinayətlər törətmişdir. Lakin ermənilərin törətdikləri cəzasız qalmamış, Müzəffər Azərbaycan ordusu Vətən müharibəsində “Dəmir Yumruq” əməliyyatı ilə düşmənə  layiqli cəzanı vermişdir.

Emin ŞIXƏLİYEV

Tarix üzrə fəlsəfə doktoru, dosent

“Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 

 

Vüsal CABBARZADƏ və Nurşən ƏSƏDZADƏ

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR