Ali təhsil ocaqlarında keçirilən tədbirlərdə əvvəlcə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Dövlət Universitetində 40-a yaxın rəsm əsərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Universitetin rektoru, dosent Elbrus İsayev belə sərgilərin xüsusi əhəmiyyət daşıdığını önə çəkib. Çıxışda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən bəhs olunub.
Sonda soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
“Naxçıvan” Universitetində keçirilən tədbirdə universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ermənilər əsrlərboyu xalqımıza qarşı soyqırımı cinayətləri törədiblər. Böyük bir nifrətlə, xüsusi amansızlıqla törədilən bu soyqırımlar erməni xislətinin əsl mahiyyətini aydın şəkildə sübut edir.
Ümumi tarix kafedrasının dosenti Elçin Zamanov soyqırımı siyasətinin mahiyyəti haqqında danışıb. Tarix müəllimliyi ixtisasının tələbələri Elyar Əhmədov və Sənan Abdullalı müxtəlif illərdəki soyqırımı hadisələri, erməni terroru haqqında çıxış ediblər.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Azərbaycan xalqının ermənilər tərəfindən tarixən məruz qaldığı soyqırımı və deportasiya faciələrindən bəhs edib.
Digər məruzə və çıxışlarda xain qonşumuzun Azərbaycana qarşı törətdikləri soyqırımının tarixi, onun acı nəticələri və sonrakı illərin siyasi vəziyyəti haqqında geniş məlumat verilib.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli filmə baxış olub.
Xəbərlər şöbəsi