19 Aprel 2024, Cümə

Əsrlərboyu həmişə humanist, insanpərvər xarakterinə, özünün yeraltı və yerüstü sərvətlərinə görə ağır sınaqlara məruz qalsa da, soykökünü olduğu kimi saxlamağa özündə mənəvi qüvvə tapan xalqımızın qəhrəmanlıqlarla dolu tarixini saxtalaşdırmaq meyilləri uzun illərdir ki, bu xalqın düşmənləri, xüsusən yaxın qonşu hesab etdiyimiz, yaşamağa torpaq verdiyimiz çörəyi dizləri üstündə olan ermənilərin öz məkrli siyasətlərini həyata keçirmələri üçün yazılmamış qanuna çevrilib. Bunun davamı olaraq yazdıqlarına, saxtalaşdırmalarına başqalarını da inandıra biliblər. Həqiqətlərin təhrif olunmasının isə xalqımızın taleyinə nələr yazdığı tariximizin pozulmayan səhifələri, qan yaddaşımızdır.

Tarixə bir qədər nəzər salsaq, ermənilərin hələ iki əsr bundan əvvəl başlayan əsassız torpaq iddialarını aydın şəkildə görə bilərik. “Böyük Ermənistan” vədi ilə qızışdırılan ermənilər aldığı silah-sursat və maddi qaynaqlarla təşkilatlanır, təlimatlandırılır və genişmiqyaslı cinayət hadisələrinə imza atırdılar. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir. Hələ XX əsrin əvvəllərində çarizmin Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəyini” bildirmişdi. Amerikalı alim Castin Makkarti isə münaqişənin hansı səbəblərdən ortaya çıxması ilə bağlı yazır ki, çar Rusiyası hər iki millət arasında baş verən münaqişəni öz maraqları baxımından faydalı görürdü. Tarixi sənədlərdə erməni daşnakları ilə birlikdə çar məmurlarının da milli münaqişəni bilavasitə qızışdırdıqları, evlərin, mağazaların talan edilməsində, qətliamların törədilməsində birbaşa rol oynadıqları yer almaqdadır. 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində – Bakıda, Gəncədə, Naxçıvanda, İrəvanda, Şuşada ermənilərin törətdikləri soyqırımı hadisələrini görən yazıçı Məmməd Səid Ordubadi bu münaqişənin ortaya çıxmasının səbəblərini “Qanlı illər” əsərində hərtərəfli izah edir. Bir sıra tarixçi alimlər və siyasətçilər də həmin hadisələrə düzgün qiymət verərək münaqişənin kökündə nələrin dayandığını ortaya qoyur, bununla da özünü “zavallı”, “məzlum” kimi qələmə verən ermənilərin iç üzünü açırlar. 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyas almışdır. Bu soyqırımı həm miqyas etibarilə, həm də vəhşiliyi ilə heyrət doğurur. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və digər bölgələrdə soydaşlarımıza qarşı keçirdikləri soyqırımında azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 12 min azərbaycanlını qətlə yetirmiş, müsəlman məhəllələrini talayıb-çapmış, “İsmailiyyə” binasını yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını, “Tağıyev teatrı”nı, “Təzə pir” məscidini dağıtmışlar. Ümumilikdə, 42 min soydaşımız öldürülmüş, 144 kənd dağıdılmışdır. Bu qırğınların iştirakçısı olan daşnak dəstəsinin komandiri Hamazasp deyirdi: “Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm. Mən buraya qayda yaratmaq və sovet hakimiyyəti qurmağa gəlməmişəm... Məni Xəzər dənizindən Şahdağadək olan ərazilərdə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.
S.Şaumyan bolşevizm bayrağı altında qırğınlar törətsə də, baş vermiş qanlı faciələrdən vəcdə gələrək öz daşnak simasını gizlədə bilməyib yazırdı: “Şəhərlərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq. Biz hətta erməni polkunun yardımına belə, əl atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir”. S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak qüvvələrinin soyqırımı törətməkdə əsas məqsədlərindən biri müsəlman əhalinin var-dövlətini qarət etməkdən ibarət idi. Mart soyqırımı zamanı Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak götürülmüş, Bakı Xalq Komissarları Soveti yıxılandan sonra Bakıdan gəmi ilə qaçarkən həbs olunan S.Şaumyana məxsus yüklərin içindən 80 milyon manata yaxın qızıl pul tapılmışdı.
Bakı ilə yanaşı, ermənilər Azərbaycanın digər ərazilərində – Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, xalqımıza divan tutmuşlar. Belə ki, erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgəsində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı isə öz torpaqlarından didərgin salmışlar. Daşnaklar həmin illərdə indiki Ermənistanda – qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlının çoxunu məhv etmiş, qalanları isə ərazidən qaçmış, didərgin həyatı yaşamışlar. Xalqımızın böyük oğlu Nəriman Nərimanov sonralar yazacaqdı: “Müsəlman – hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağı kifayətdir”.
Həmin illərdə daşnaklar Azərbaycandan ayrı düşmüş Naxçıvana da yiyələnmək üçün yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində Andranik Ozanyan xüsusi yer tutur. O, təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. Ermənilərin “milli qəhrəman” kimi tanıdıqları Qaragin Njde Ərəzin, Camaldın, Yaycı, Aşağı Aza, Sabir Dizə, Düylün, Vənənd, Dəstə və Kotam kəndlərini dağıdıb, əhaliyə divan tutmuşdur. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. Onun “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. O zaman ilk soyqırımını Culfa rayonunun Yaycı kəndində törətmişlər. Erməni qan­içənlər Araz çayı sahilindəki 4 minə yaxın əhalisi olan Yaycı kəndini yerləyeksan etmiş, kənd əhalisinin 2000-2500-nü qətlə yetirmiş və Araz çayına tökmüşdülər. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu, Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür. Həmin vaxt Nehrəm ətrafında rüsvaycasına məğlub edilmiş Andranikin dəstələri geri qaçmağa məcbur olmuşdu. Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan kəndləri dağıda-dağıda bu istiqamətdə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kənd­lərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.
Arxiv materiallarında ermənilərin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində isə 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır.
Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna məruz qaldığı və əhalisinin isə Araz çayına atılması ilə bağlı məsələlər göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində türklərin qətlə yetiriləcəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə deyilir: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”. Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurunun silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Bu vaxt Duzdağ tərəfdən açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı. Bu elə bir cinayət idi ki, mənbələrin verdiyi məlumata görə, 20 gün ərzində kənd içərisində bir-birinin üstünə qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdu.
Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. O, Şərur rayonunun Danzik, Dizə kəndlərinə də hücum etmək istəmiş, lakin məğlub olmuşdu. Andranik bu məğlubiyyətin əvəzini Qaraağac və Şabili kəndlərini yandırıb əhaliyə divan tutmaqla çıxır. Törətdiyi qırğınların miqyası o qədər böyük idi ki, Andranik qanlı cinayətləri ilə artıq Naxçıvanı öz hakimiyyətinə tabe etdiyini düşünürdü. Onun məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan və Türkiyənin 6 əyaləti “böyük Ermənistan”ın tərkibinə daxil olmalı, yəni “dənizdən-dənizə” terrorçu, hərbiləşdirilmiş Daşnak Partiyasının ruhuna uyğun hökumət yaradılmalı idi.
Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşmüş, Naxçıvanın erməni işğalına düşməsinə yol vermə­mişlər. Bununla əlaqədar 20 tabor yaradılmış, onlar silahlandırılmış, III Kalbalı xanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə böyük rəşadət göstərmişdir. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab vermiş, ərazidən qovmuşlar. O dövrdə Naxçıvanda 6 minədək üzvdən ibarət silahlı dəstə olmuşdur. Onlar döyüş keyfiyyətlərinə görə, ingilislərin də təsdiq etdiyi kimi, erməni qoşun hissələrindən heç də geri qalmırdı.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına əsasən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi ölkəmizdə və onun hüdudlarından kənarda qeyd edilir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Ötən illər ərzində doğma Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq, 1988-ci ildə yenidən ermənilərin əsassız torpaq iddiaları ucbatından yaradılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq, düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə geri alınaraq ərazi bütövlüyümüzü təmin etmək, bunun üçün aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək kimi məsələlər prioritet vəzifə kimi diqqətdə saxlanılıb. Bütün bunları nankor ermənilər də görür, ölkəmizin iqtisadi və hərbi qüdrətinin getdikcə güclənməsi, Azərbaycanın dünya siyasi arenasında söz sahibi olmasından, böyük iqtisadi səmərə verən qlobal layihələrə qoşulmasından, Ermənistanın isə bu layihələrdən kənarda qalması ilə razılaşmaqdan başqa çarəsi olmamasını yaxşı dərk edirdi. Ermənistan görürdü ki, bu gün Azərbaycanın güclü ordusu var. Cənubi Qafqaz regionunda söz sahibi, qüvvə sahibi olan bu ordu Ali Baş Komandanın əmri ilə qısa bir vaxtda torpaqlarımızı azad etmək qüdrətinə malikdir. Elə 2016-cı ilin aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə keçirilən möhtəşəm paradından da xəbərsiz deyildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı isə bu xalqın mübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, hər an düşməndən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşımasının ifadəsi oldu.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin ölkə­mizə basqını Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın alınması, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radio elektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi.
Təbii ki, bu günədək əldə olunmuş nailiyyətlər, Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanıb. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı. Ölkə başçısı da Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında səsləndirərkən bunu bir daha qeyd etdi: “Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik”.
Dünyanın bir çox hərbi ekspertləri, eləcə də düşmən Azərbaycanın qələbələrində əsas rolu müasir silahların və pilotsuz uçuş aparatlarının oynadığını qeyd edirdilər. Ancaq Şuşa uğrunda gedən döyüşlər dünyaya əsl reallığı nümayiş etdirdi. Qafqazın ən uca zirvələrindən birində yerləşən Şuşa şəhərində mövqeyini möhkəmləndirən düşmən Azərbaycan əsgərinin nəyə qadir olduğunu öz gözləri ilə gördü.
44 günlük mübarizədə naxçıvanlılar öz vətəndaşlıq borclarını yüksək səviyyədə yerinə yetirdilər. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi qiymət də təsdiq edir: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Artıq 5 aydır ki, xalqımız Böyük Qələbə sevincini yaşamaqdadır. Ermənilərin ikiyüzillik əsassız iddialarının boşa çıxması, əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilmiş soyqırımlara tutarlı cavabdır.

“Şərq qapısı”

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR