(Portret hekayə)
İsmayılovlar ailəsində kiminsə doğum günü olanda adət üzrə aş süzülər, dolma bişirilər, böyükdən-kiçiyə hər kəs mehriban, səmimi süfrədə əyləşib Allah verəndən bir tikə yeyib-içər, deyib-gülər, keçmiş günləri yada salardı. Təbii ki, ailəcə süfrə başında əyləşməyin başqa gözəl və mənəvi tərəfləri var. Sevdiklərinin ətrafında insan həmin günü bütün dərddən azad olur. Əmrah İsmayılovlar ailəsinin böyük oğlu idi. Həmin doğum günü də elə Əmrahın yoldaşı Şura xanımın dünyaya gəldiyi 27 sentyabra təsadüf etmişdi. Süfrə başında yeməyə hazırlaşan ailə üzvləri qəflətən açılan qapının qarşısında dayanan Əmrahı təlaşlı görəndə əlindəkiləri yerə qoyub ona tərəf baxdılar. Əmrah isə balaca qara gözlərini atası Xudaverdi kişinin üzünə zilləmişdi. Cümlələri necə quracağını, məlumatları haradan başlayacağını toparlamağa çalışırdı. Bir az çəkən bu baxışların sükutunu pozan ata səsləndi:
– Nə dayanıbsan, ay oğul, bu gün Şuranın doğum günüdür, demə ki, unutmuşam. Ayıb olar. Gəl əyləş yanımda, yeyək-içək. Sakit-sakit masaya yaxınlaşan Əmrahın üzündə növbələşən, həm qəhər, həm sevinc, həm də məyusluq emosiyalarını görməmək mümkün deyildi. Gücünü toplayıb ailə üzvlərinə o xəbəri verdi: – Ad günü yadımdan çıxmayıb. Kefinizi qaçırmaq istəmirəm, atacan, amma ad gününü yarımçıq qoymalı olacağıq. Başımızda böyük bir qara bulud var. O bulud ki Vətən torpaqlarının başının üstünü alıb. Müharibənin sədaları gəlir.
– Səhər o xəbərlə ayıldıq. Erkəndən ermənilər bizim mövqelərimizi atəşə tutublar. Tovuz istiqamətində mülki əhalini minaatanlardan hədəf alıblar, itkilərimiz də var. Baxmayaraq ki, bizim hərbçilərimiz də onları cavab atəşi ilə susdurub. Məlumdur ki, müharibə çətinliksiz mümkün deyil. Bir də onların adət etdiyi ənənə işə salınmışdır. Çarəsiz, günahsız mülki əhaliyə zərər vururlar. Əmrah sözünə davam etdi: “Qərar verilsəydi, biz də buradan qatılardıq. İştirak edərdik. Bir olmaq zamanıdır. Ali Baş Komandanımız əmr versin, döyüş meydanına yollanaq. Göstərək onlara gücümüzü. Oturdaq dığaları yerinə.
Stoldan bikef qalxan Ruhiyyə xanım ailə üzvlərinə səsləndi:
– Yedinizsə, yığışdıraq süfrəni, Allah düşmənə lənət eləsin. Əlbəttə, oğul, mənfurları bizim müqəddəs torpaqlarımızdan qovmaq lazımdır. Bəsdir, illərdir, çörəyimizi yedilər. Bir də ki, bu dəfə də ad gününü qeyd etməyək, nolacaq ki, guya dünya dağılacaq? İnşallah qarşıdan 10 noyabr Əmrahın, 10 dekabr balaca Xudaverdinin (Əmrahın oğlu) doğum günləri gəlir, inşallah bütün çətinliklər xoş xəbərlərlə aydınlanar. Hamının ad gününü birlikdə qeyd edərik sevinclə.
Elə Əmrah da Vətəni yağıdan təmizləmək həsrətilə, Vətən sevgisilə Vətəni qorumağa gün sayırdı. Müharibə bölgəsinə getmək üçün. Hər bir milli ruhlu hərbçi kimi televiziyanı izləyərkən mənən əzab çəkirdi ki, biz nə zaman torpaqlarımızı işğaldan azad edə biləcəyik? Nəhayət, oktyabr ayı Əmrah müqəddəs torpaqlarımızın müdafiəsinə gedir. Snayperçi idi Əmrah. Çox dəqiq hədəf alırdı. Günnütün və ətraf yüksəkliklərin azad olunmasında da iştirak etmişdi. Yaddaqalan döyüş taktikası ilə döyüşçü yoldaşları hər dəfə xatırlayır Əmrahı. Belə dəqiq zərbələrinin nəticəsi idi ki, Günnütün işğaldan azad olunmasındakı iştirakına görə ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin adından pul mükafatı da verilmişdi. 8 il idi ki, xüsusi təyinatlı kimi çalışırdı. Hərbi sirrə dərindən yiyələnməsi ona bir çox üstünlüklər qazandırmışdı. Cəsarətli və qorxmaz idi. Vətən üçün savaşmağı haqq işi bilirdi və müharibəyə könüllü olaraq “Mən də gedirəm” deyənlər içərisində vardı.
Torpaqların azad olunmasında xüsusi qəhrəmanlıq göstərən Əmrah dostu Ruzi İbrahimovun şəhid olması səhnəsini unuda bilmirdi. Yaman pis təsir etmişdi. Amma əhval-ruhiyyəsini tez bir zamanda düzəltməli idi. Gücünü toplayıb, növbəti döyüşlərdə ikiqat nifrətlə düşmən həmlələrini məhv edir. Hər dəfə də gözləri qarşısında şəhid olan Ruzi kimi şəhidləri xatırlayır. Axırıncı dəfə noyabrın 8-i atası Xudaverdi kişiyə zəng edir.
– Ata, bilirsən, necə irəliləmişik? Atom sürəti ilə. Çox sürətlə gedirik kilometrlərlə məsafələri. Görəsən burada döyüşən oğulları qürurlanarsan, fəxr edərsən hər biri ilə. Evdəkilərə denə ki, üzülməsinlər, Ruzi qəhrəmancasına şəhid oldu. Fəxr eləsinlər. Vətən sağ olsun! Az qalıb qələbəyə yaxında xoş xəbərlər gələcək, gözdə qulaqda olun. Doğum günümə də az qalıb. İnşallah gözəl xəbərlərlə sizləri müjdələyərəm. Uşaqları öpərsən. Anasının, yoldaşının da növbə ilə səsini eşidib halallaşır, sağollaşır.
Noyabrın 9-da çox ağır döyüş əməliyyatı keçirilir, qaranlıqda saatlarla döyüş gedir. Həmin gün çox şəhid olur, Əmrah isə yaralanır. Bir neçə dəqiqə huşsuz vəziyyətdə qalsa da, gözlərini açır. Döyüşçü yoldaşlarından birinin iniltisini eşidir, ayağa qalxır ki, kömək etsin. Çiyninə alıb gələndə alnından nişan alınır və əbədiyyətə yumulur qara, balaca gözləri. Noyabrın 10-na keçən gecə – doğum günü şəhidlik məqamına yüksəlir. 5 saat sonra – onun dünyaya gəldiyi gün xalqı bayram edir, Qələbə sevincini yaşayır. Bütün Azərbaycan Əmrahı anır və təbrik edir. Doğulduğu gün dünyandan vidalaşdığı gün olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.
Əmrah azad olunan torpaqların hər birinin müjdəsini yaşadı, sevindi, güldü. Zəfəri bütün qəlbi ilə hiss etdi və gözü arxada qalmadı. Hər il Əmrah ad günündə hədiyyə alsa da, bu dəfə ən böyük hədiyyəni ad günündə bizə, xalqına o bəxş etdi: Azad olan torpaqlarda Qələbə sevinci ilə...
Türkan HÜSEYNLİ