23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndinə əsasən vətəndaşların ilkin hərbi qeydiyyata alınması işinin təşkili və təmin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında duran əsas vəzifələrdəndir. Bununla əlaqədar vətəndaşların ilkin hərbi qeydiyyata alınması işinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən daim nəzarətdə saxlanılır və bu işin təkmilləşdirilməsi, eləcə də mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində təhlillər aparılır və zəruri tədbirlər həyata keçirilir.

İlkin hərbi qeydiyyat - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində müddətli həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının qeydiyyata alınmasıdır.

          Çağırışaqədər yaş həddində olan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması aşağıdakı məqsədlərlə həyata keçirilir:

 

          - çağırışaqədər yaş həddində olan vətəndaşların hərbi qeydiyyata alınması;

          - çağırışçıların sayının müəyyən edilməsi;

          - çağırışçıların həqiqi hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi;

- çağınşaqədər yaş həddində olan vətəndaşların təhsil, ixtisas (peşə) və fiziki hazırlıq      

   səviyyəsinin müəyyən edilməsi.

       Çağırışaqədər yaş həddində olan vətəndaşlar xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə olunmalı, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.

       “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

       Respublika ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri, rayon və şəhər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim etməlidirlər.

       Çağırışçılar haqqında məlumatların vaxtında verilməməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 603-cü maddəsinin 1-ci bəndində aşağıdakı qaydada inzibati məsuliyyət nəzərdə tutulur:

       - ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə

       vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,

       hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

       Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması işinin təşkili və keçirilməsinin planlaşdırılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və Xidmətin yerli idarə, şöbə və bölmələrində aparılır.

       Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınmasının planlaşdırılması ilə əlaqədar aşağıdakı tədbirlər həyata keçirilir:

       - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ilkin hərbi qeydiyyata alınması üçün gəlmələri barədə xəbərdarlıq qaydaları və gəlmə vaxtlarının çatdırılması;

       - ilkin hərbi qeydiyyata alma müddətində Xidmətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerliidarə, şöbə və bölmələrində keçirilməsi planlaşdırılan siyasi-tərbiyəvi və mədəni-kütləvi tədbirlərin keçirilməsi;

       - ilkin hərbi qeydiyyata alınanların tibbi şəhadətləndirilməsinin keçirilməsi üçün ixtisaslı həkim mütəxəssislərin seçilməsi;

       Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması ilə əlaqədar planlaşdırılmış tədbirlər haqqında icra hakimiyyəti başçısına hər il dekabr ayında məlumat verilir, bu işin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün təkliflər olunur. Təkliflər müzakirə edildikdən sonra icra hakimiyyəti başçısının müvafiq sərəncamı verilir.

       Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmaqla rayon (şəhər) icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı tərkibdə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradılır:

       Komissiyanın sədri - Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəisi;

       Komissiyanın üzvləri - həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq və psixoloq) iştirak etməlidirlər;

       Komissiyanın katibi - tibb işçisi.

       İcra hakimiyyəti orqanları vətəndaşların Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerİi idarə, şöbə və bölmələrinə ilkin hərbi qeydiyyata alınması üçün gəlmələrini təmin etməlidirlər.

       Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində vətəndaşların ilkin hərbi qeydiyyata alma komissiyasına gəlmələri barədə xəbərdarlıq edilməsi dekabr ayının 25-dək yerinə yetirilir.

       İlkin hərbi qeydiyyata alma komissiyasına şəxsən gəlməkdən ancaq sərbəst hərəkət etməyə imkan verməyən ağır xəstəliklərə düçar olmuş vətəndaşlar müvafiq müalicə-profilaktika müəssisələrinin və yaxud tibbi-sosial ekspert komissiyalarının verdikləri arayışlar əsasında azad olunurlar.

       İlkin hərbi qeydiyyata alma komissiyasına təyin olunmuş vaxtda gəlməməyin üzrlü səbəbləri aşağıdakılar hesab edilir:

       - çağırışaqədər yaş həddində olan vətəndaşların xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında);

       - fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilməlidir).

       İlkin hərbi qeydiyyata alınma komissiyasında təyin olunmuş vaxtda üzrsüz səbəbdən iştirak etməyən vətəndaşlar üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulur. Belə ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə-otuz manat məbləğində cərimə edilir.

Rəşad Baxşəlili

Naxçıvan Muxtar Respublikası səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlər Xidmətinin Naxçıvan

şəhər İdarəsinin əməkdaşı, baş leytenant

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR