Türk xalqının ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 106-cı ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvanda tədbir keçirilib.
Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyəti Ticarət nazirinin müavini və Gömrük İdarəsinin rəisi Rza Tuna Turaqay, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səhət Həbibbəyli, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə ordusunun zabitləri, bir sıra təşkilat və media nümayəndələri, türkiyəli tələbələr iştirak ediblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Anım tədbirində çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 106 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Baş konsul Azərbaycan şəhidlərini də unutmayıb. Qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı Qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşılandı. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərib.
Türkiyə Cümhuriyyəti Ticarət nazirinin müavini və Gömrük İdarəsinin rəisi Rza Tuna Turaqay Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər. Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı Qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
Tədbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” kəlamları bir daha xatırlanıb.
Çıxışlardan sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət ediblər. Burada Çanaqqala Dəniz Zəfəri və şəhidlərinin, İkinci Qarabağ Zəfəri və şəhidlərinin şərəfinə Azərbaycan və Türkiyənin Dövlət bayraqları qaldırılıb.
Sonra Çanaqqala zəfərinin 106-cı ildönümü ilə bağlı Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib.
Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, öz ehtiramlarını bildiriblər.
Xəbərlər şöbəsi