23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən sayılan insan sağlamlığı, təhlükəsiz yaşayış kimi həyativacib iki faktorun əsasında fəaliyyətini quran səhiyyə sisteminin və polis orqanlarının hərtərəfli inkişafı, bu sahələr üzrə istər texniki imkanlar, istərsə də kadr islahatı baxımından əldə olunan nailiyyətlər ümumi rifaha xidmət edir. Təsadüfi deyil ki, müasir dövrdə baş verən qlobal proseslər zəminində mütəşəkkil hal alan qanun pozuntuları, cinayətkarlıq, eləcə də müxtəlif xəstəliklər, xüsusilə də bəşəriyyətin yeni bəlasına çevrilən pandemiya dünya ölkələrinə, şəhərlərinə hərtərəfli zərər vurmaqda davam etsə də, muxtar respublikamızda belə xoşagəlməz vəziyyətlər müşahidə olunmur. Bütün bu qabaqlayıcı tədbirlərin, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələn, işinə məsuliyyətlə, vicdanla yanaşan səhiyyə və polis orqanları işçilərinin fədakar əməyi də təqdirəlayiqdir. Onlardan bir neçəsi ilə əlaqə saxlayıb fəaliyyət istiqamətlərindən, həyata keçirdikləri işlərdən söhbət açmağa çalışdıq.

Müstəqillik illərində ölkəmizdə ictimai asayişin təmin olunması üçün genişmiqyaslı tədbirlərin reallaşdırıldığını vurğulayan Şərur Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün komandiri, polis mayoru Şahin Bağırov deyir ki, bir ölkə nə qədər inkişaf etsə də, əgər vətəndaşlarının suveren hüquqları, qanuni mənafeləri və təhlükəsizliyini qoruya bilmirsə, gec-tez tənəzzülün, hərc-mərcliyin baş verəcəyi qaçılmazdır. Məhz bu baxımdan müasir dövrdə inkişaf edən ölkələrin idarəetmə mexanizmində əsas məqsəd, ilk növbədə, bu yüksəlişi qorumaq naminə ictimai asayişi, sabitliyi yaratmaqdır. Müstəqillik illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahədə aparılan uğurlu islahatlar öz bəhrələrini verib, ictimai asayiş təmin olunub, qanun pozuntularının səviyyəsi minimuma endirilib. Asayiş keşikçiləri hesab olunan polislərin fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizdə polis akademiyası fəaliyyət göstərir və burada ixtisaslı kadrlar yetişdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Orta İxtisas Polis Məktəbi muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasına geniş imkanlar açıb. Məktəb üçün müasir tədris kompleksinin tikilərək istifadəyə verilməsi kursantların, eləcə də sıravi və kiçik rəis heyətindən olan dinləyicilərin yüksək səviyyədə təhsil almaları ilə yanaşı, onların dövlətə və dövlətçiliyə sədaqət, vətənpərvərlik ruhunda peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır.

Polis mayoru onu da bildirir ki, xidmət etdiyi Şərur rayonu ərazi və əhali baxımından muxtar respublikanın ən böyük bölgələrindən olduğu üçün burada çalışan asayiş keşikçilərinin üzərinə də bir sıra mühüm vəzifələr düşür. Peşə xarakteristikasına uyğun məsuliyyəti dərindən dərk edən rayon polis şöbəsinin əməkdaşları verilən əmrə əsasən müvafiq tapşırıqların vaxtlı-vaxtında dəqiq, düzgün icrasını yerinə yetirməyə çalışırlar. Şərurda fauna və flora ehtiyatlarının zənginliyi burada qanunsuz ov hallarının başvermə ehtimalını artırdığı üçün polis əməkdaşları mütəmadi olaraq bu istiqamətdə nəzarət tədbirlərini həyata keçirir, yerlərdə insanlarla görüşlər təşkil olunur, maarifləndirici söhbətlər aparılır. Bundan başqa, ictimai təhlükəsizlik, müvafiq yerlərdə insanların, nəqliyyat vasitələrinin sərbəst, rahat hərəkətinin düzgün tənzimlənməsi qarşıda duran vacib məsələdir ki, bu amil daim diqqətdə saxlanılır, səkilərdə, yollarda, eləcə də dövlət təşkilatlarının ərazilərində təmizliyin qorunması üçün də müvafiq işlər görülür. Ötən ildən başlayaraq dünyada geniş yayılan pandemiya muxtar respublikada da qabaqcıl tədbirlərin görülməsini şərtləndirib, biz də Şərur rayonunun timsalında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
Tibb xidməti polkovnik-leytenantı, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında Ümumi cərrahiyyə bölməsinin rəisi Rafiq Bayramovun dediklərindən: – 2001-ci ildən Azərbaycan Ordusunda hərbi xidmətdəyəm. Bir həkim-cərrah olaraq respublikamızın, demək olar ki, bütün istiqamətlərində yerləşən hərbi hissə və hospitallarında fəaliyyət göstərmişəm, neçə-neçə xəstə və yaralı hərbçilərimizin həyata qaytarılmasında əlimdən gələni əsirgəməmişəm. Əvvəlcə Qazax-Tovuz istiqamətində, sonra Füzuli istiqamətində, hazırda isə Naxçıvan Qarnizonunun Hərbi Hospitalında 2015-ci ildən xidməti fəaliyyətimi davam etdirirəm. İkinci Qarabağ müharibəsi başlayan bir gündən hospitalımızın bütün heyəti xəstə və yaralıların qəbulu üçün daim hazır vəziyyətdə idi. Döyüşlərdə iştirak edən tibb heyəti ilə mütəmadi əlaqələr saxlayır, onlara öz tövsiyələrimizi verirdik. Müharibə Azərbaycanın Böyük Qələbəsi ilə başa çatdıqdan sonra biz yenə də öz peşəkar fəaliyyətimizə davam etdik. Döyüşlər zamanı ağır və yüngül xəsarət alanların öz sağlamlıqlarını bərpa etməsi üçün nə lazımdırsa –əməliyyat, gündəlik qulluq və qayğı, müalicə prosedurları kollektivimiz tərəfindən peşəkarcasına aparıldı. Qeyd olunan işlər, təbii ki, muxtar respublika rəhbərinin hərbçilərə göstərdiyi qayğının bariz nümunəsidir. Ali Məclisin Sədri dekabr ayı ərzində bir neçə dəfə qazilərlə şəxsən görüşdü, onlara qayğı göstərdi və Vətən uğrunda döyüşərək yaralanmış hərbi qulluqçuların daim dövlət qayğısını hiss edəcəklərini bildirdi. Mən bir həkim-cərrah olaraq qazilərimizə göstərilən bütün müalicə prosedurlarında yaxından iştirak edirəm. Qazilərimizin müalicə və reabilitasiya məsələləri hələ davam edir. İnanırıq ki, tezliklə hamısı öz əvvəlki sağlamlıqlarına qovuşacaqlar. Son olaraq Vətənimizə daim sülh arzu edirəm.

2013-cü ildə keçirdiyi əməliyyat­-istintaq tədbiri nəticəsində qazandığı müvəffəqiyyətə görə vaxtından əvvəl kapitan rütbəsi alan, Naxçıvan Şəhər Polis İdarəsinin post patrul xidməti bölüyünün taqım komandiri Hümbət Allahverdiyev deyir ki, bölüyün əsas vəzifəsi şəhərdə ictimai təhlükəsizliyə riayət olunmasına nəzarəti təmin etməkdir. Qeyd edir ki, son illərdə muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri nəticəsində şəhərimiz başdan-başa dəyişilərək müasir görkəminə qovuşub. Bu istiqamətdə görülən tədbirlər sırasında, xüsusilə diqqətçəkən məqam yol infrastrukturunun yenilənməsi, yeni nişanların, yeraltı və yerüstü piyada keçidlərinin yaradılmasıdır ki, bu da polis əməkdaş­larının fəaliyyətini düzgün şəkildə qurmalarına geniş imkanlar açmaqla yanaşı, insanların təhlükəsiz hərəkətinə də zəmin yaradıb.
Hümbət Allahverdiyev onu da bildirir ki, piyada keçidləri qurulduğu ilk vaxtlarda ara-sıra kiçik nöqsanlar aşkar olunsa da, qısa müddətdə maarifləndirici söhbətlərin aparılması, lazımi nəzarət tədbirlərinin görülməsi nəticəsində xoşagəlməz hallar, demək olar ki, minimum səviyyədədir. Bundan əlavə, xidmətin əməkdaşları mütəmadi olaraq küçə, prospekt və xiyabanlardakı postlarda insanların təmizlik qaydalarına, qurub-yaradılanlara qarşı münasibətinə nəzarəti təmin etmək məqsədilə fəaliyyətini düzgün şəkildə qurmağa çalışır. Vətəndaşlardan daxil olan şikayət və ərizələr, məlumatlar əsasında əməliyyat-istintaq hərəkətləri həyata keçirilir, insanların qanunla nəzərdə tutulan mənafelərini qorumaq məqsədilə digər zəruri tədbirlər dərhal yerinə yetirilir. Təbii ki, bütün bu tədbirlərin vaxtlı-vaxtında, yubanmadan, səmərəli şəkildə həyata keçirilməsində polis orqanlarının intensiv fəaliyyəti üçün yaradılan maddi-texniki imkanların əlverişliliyini də, xüsusilə qeyd etmək lazımdır. Bütün əməkdaşlarımız adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva qeyd edir ki, ötən il bir sıra hadisələrlə yadda qaldı. Bir azərbaycanlı kimi ən böyük qürurumuz əldə etdiyimiz Qələbə oldu. Digər tərəfdən, bütün dünyanı ağuşuna alan pandemiya ilə mübarizə apardıq. Həkimlərimiz, tibb işçilərimiz bütün insanların ümid yerinə çevrildi, onlar əhalinin sağlamlığı keşiyində mərdliklə dayandılar. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə görülən qabaqlayıcı tədbirlər hesabına muxtar respublikamız pandemiyanın ağır nəticələri ilə üzləşmədi. Ötən ilin mart ayından diyarımızda karantin tədbirlərinə başlanıldı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, xəstəxanalarımızda müasir laboratoriya quruldu və lazımi tibbi ehtiyatlar yaradıldı. Pandemiyanın yarada biləcəyi fəsadların və atipik pnevmoniyanın reanimasiyası üçün alınan 2 ədəd Ekstra Korporal Membran Oksigenasiya (EKMO) aparatından biri Yoluxucu Xəstəliklər Mərkəzində yerləşdirildi, xəstələrin stasionar müalicəsi mərkəzdə davam etdirildi. Tibb işçilərinin və əhalinin infeksiyalardan qorunması məqsədilə filtrli maska, kombinezon, qoruyucu eynək, digital termometr, spirt, əl dezinfektantı, xloramin və başqa zəruri materiallar alınaraq digər tibb müəssisələri kimi, Yoluxucu Mərkəzə də verildi. Mərkəzdə, xüsusilə Reanimasiya şöbəsində kadrların pe­şə­kar­­lıqlarının artırılması, xəstəliyin müayinə və müalicə protokollarından düzgün istifadə edilməsi, ağır xəstələrin vaxtında ixtisaslı həkimlər tərəfindən konsultasiyası, tibbi heyətin mühafizəsi diqqət mərkəzində saxlanıldı. Mərkəzdə tibbi heyətin, eləcə də sağlam insanların qorunması tədbirləri də müntəzəm olaraq davam etdirilir. Onu da deyim ki, dövlətimiz tərəfindən həkimlərimizin əməyi yüksək qiymətləndirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən koronavirus infeksiyasına qarşı aparılan profilaktik tədbirlərdə, o cümlədən xəstələrin müayinə və müalicələrində iştirak edən tibb işçiləri aylıq vəzifə maaşının bir neçə misli məbləğində mükafatlandırıldılar. Ölkə­mizdə pandemiya şəraiti hələ davam edir. Bütün növ virusların yayılmasına qarşı birlikdə mübarizə aparmalı, həyatı, əzizlərini sevən insanlar özlərini qorumalıdır. Bir həkim kimi bundan sonrakı fəaliyyətimdə də vətəndaşlara layiqincə xidmət edəcək, onların sağlamlığının qorunması yolunda əlimdən gələni əsirgəməyəcəyəm.

Babək Rayon Polis Şöbəsinin baş polis sahə inspektoru, polis kapitanı Vüsal Novruzov deyir ki, vəzifəyə təyin olunmaq işin bir tərəfidirsə, qarşıya qoyulan tapşırığı polis adına layiq, qanunamüvafiq şəkildə uğurla yerinə yetirmək əsas məsələdir: – Artıq 6 ildir ki, bu məsuliyyətli işdə verilən tapşırıqları layiqincə icra etməyə çalışıram. Polisin işi, əsasən, vətəndaşlarla bağlı olduğu üçün gərəkdir ki, insanlarla ünsiyyət saxlamağı, kiçikdən-böyüyə hər kəslə dil tapmağı bacarasan. Polis sahə inspektorunun əsas vəzifəsi yerli icra hakimiyyəti orqanları ilə birgə ərazilərə müntəzəm baş çəkmək, müasir tikililərə, qurulub-yaradılanlara nəzarət etmək, qanunsuz ağac kəsiminin, ov edilməsinin, məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılmasının qarşısını almaqdır. Bildiyimiz kimi, ilin soyuq dövrlərində insanların mavi yanacağa, elektrik enerjisinə tələbatı artdığından bu sarıdan qəzaların baş verməsi gözləniləndir. Bunun üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə yerlərdə olur, insanlarla maarifləndirici söhbətlər aparırıq ki, xoşagəlməz hallar yaranmasın. Bundan başqa, qanunsuz küçə ticarəti, taksi və digər fəaliyyətlərə qarşı da müvafiq tədbirlər həyata keçirir, üzərimizə düşən vəzifələri layiqincə icra etməyə çalışırıq. Bildiyimiz kimi, ötən il Babək rayonunun inzibati ərazi vahidində dəyişiklik edildi, qəsəbəyə şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusu verildi. Rayonda böyük quruculuq, abadlıq tədbirlərinə başlandı ki, bununla üzərimizə düşən vəzifələr daha da artdı. Polis andına sadiq qalaraq insanların təhlükəsiz yaşayışını təmin etmək, dövlətimizin qurub-yaratdıqlarını lazımınca qoruyub saxlamaq naminə bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
Naxçıvan səhiyyəsində öz fəaliyyəti ilə seçilən, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin həkimlərindən Vüsal Əliyev deyir ki, Naxçıvanda səhiyyənin inkişafına dövlətin qayğısı yüksək səviyyədədir. Əhalinin sağlamlığının qorunmasında xəstəxanamızın peşəkar həkimləri mühüm rol oynayır. Pandemiya dövründə də beynəlxalq standartlara uyğun qəbul olunmuş qaydalarla fəaliyyətimizi davam etdirdik, təşkilati maarifləndirmə işləri ilə də məşğul olduq. Uğurumuz o oldu ki, bir çox xəstələrimiz müalicə olunduqdan sonra sağalaraq evlərinə buraxıldı. Hazırda xəstəxanamızda dezinfeksiya işləri davam etdirilir.
Həkim bildirir ki, son dövrlərdə xəstəxana kollektivi olaraq könüllü şəkildə humanitar tibbi aksiyalarda iştirak edirik. Muxtar respublikamızın hər bir bölgəsinə gedərək sosial imkanları məhdud şəxslərə, ahıl, tənha və kimsəsiz insanlara evlərində, körpələr evində uşaqlara tibbi xidmət göstərir, onların müayinə-müalicəsini aparırıq. Qeyd etmək istərdim ki, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün muxtar respublikanın hər bir bölgəsində humanitar tibbi aksiya keçirir. Mən də bu aksiyaların həm iştirakçısı, həm də təşkilatçısıyam. Aksiyalar zamanı qazilər müxtəlif müayinələrdən keçirilir, onlara tibbi yardım göstərilir, dərman və tibbi maska, müvafiq təyinat və məsləhətlər verilir, vəziyyəti qismən ağır olan qazilərimiz rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün xəstəxanamıza dəvət edilir, burada onların müayinələri davam etdirilir. Qazilərimizin müayinəsinə hər sahədən həkimlərimiz, tibb bacıları cəlb edilir, onları portativ rentgen aparatından keçirməklə müayinə və müalicələrinin hansı istiqamətdə aparılacağını müəyyən edirik. Bütün müayinələr, dərman təminatı xəstəxanamızın hesabına, təmənnasız həyata keçirilir. Sonda həkimlərimizə işlərində müvəffəqiyyət, bütün insanlara sağlam həyat arzu edirəm.

Bu gün muxtar respublikamızda səhiyyənin inkişafı, daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, bu yöndə reallaşdırılan qabaqlayıcı tədbirlər belə deməyə əsas verir ki, vətəndaşlarımızın sağlamlığının qorunması, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi etibarlı əllərdədir. Həkimlərimiz, polislərimiz məsuliyyətli və şərəfli vəzifələrinin öhdəsindən layiqincə gəlməklə göstərilən diqqət və qayğını, etimadı doğruldurlar. Sağlamlığımızın, sabitliyimizin keşiyində mətinliklə dayanan həkimlərimizə, daxili işlər orqanlarının işçilərinə çətin və məsuliyyətli, yorulmaz fəaliyyətlərinin öhdəsindən hər zaman belə layiqincə gəlmələri diləyi ilə...

 Nail ƏSGƏROV
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR