23 Dekabr 2024, Bazar ertəsi

(esse)

Qış son günlərini, saatlarını sayıb bir göz qırpımında yola düşdü. Yavaş-yavaş dağların qarı əriməyə başladı. Yaz da yaxın məsafədə sağına-soluna baxa-baxa öz növbəsini gözləyirdi. Hazırlığını da görmüşdü gəlmək üçün. Gözəl bir günün gözəl bir səhəri yaz məftunedici gəlişi ilə yeni ilə qədəm qoyacaq. Hər yerdə yaşıllıqlar xalı olub yeri qucaqlayacaq, gül-çiçəklər ahəstə-ahəstə düzülüb qol-boyun olacaq. Möhkəmcə, doğmaca sarılacaq bir-birinə...

Mehriban bir birlik, xoş bir niyyət içində bir rəsmə dönən mənzərə, tablo qurulur qarşıda. Bu tabloya “Arzularımızın baharı” tablosu deyirlər. Tablonun müəllifi təbiət, rəngləri də təbiət rəngləridir. Ecazkar həmin rənglər... Yaz rəngləri... Bahar gözəllikləri... Bu rənglərdə nələr yoxdur, nələr? Təbiətin bir-birini başa düşən ahəngi... Səs-səsə verən bahar sevinci... Bir-birinə uyğunlaşan rənglər dəstxəti... Qol-budaq olan yaşamaq həvəsi...

Bu rənglərdə nazlı güllər çiçək açıb, xoş əhval-ruhiyyəyə bürünüb. Bir-birinə yazın gəlişini xəbər verir. El adətidir, təbiət öz sevincli xəbərini müjdələyir, hər kəsə təmtəraqlı gəlişindən söz açır. Bu mənzərələrin iziylə qonaq gedirik yaz çöllərinə, bahar hərarətli ellərə. Bu ellərdə baharın nəfəsi bir fərqli görünür... Başqa görünür... Daha canlıdır xəyalları... Daha səmimidir qonaqları. Bu rənglərdə Qarabağ torpağının qoxusu var. Şuşa qalasının keçilməz sədləri var. Kəlbəcərin dağları, Zəngilanın meşələri, Cəbrayılın düzləri var. Ağdamın Xaçın çayı, Zəngilanın Həkəri çayı coşub-daşır. Gülərüzdür bu bahar... Səmimidir, sehrlidir bu bahar... Baxdıqca hərdəmxəyal görünən təzahürü təbiətin ecazkar nəfəsidir.Yuxu kimi yuxusu. Xəyal kimi xəyalı. Uzaqlardan qan-tər içində, qaça-qaça gəlib bizə çatan, yaxınlaşan, qəlbləri isidən bütünlüyü... Birliyə çevrilən doğma diyarları... Bütövləşən torpaqları... Möcüzə kimi möcüzəsi... Əfsanə kimi əfsanəsi... Təbiətin sevincdən danışan, söhbətləşən ruhu... Xoşbəxtlik ruhu... Gileyli qalan xarıbülbülü, yarışsız qalan Cıdır düzü bu tabloda nə qədər xoşbəxtdir... Rənglidir... Bu tablo baharın gəlişini birlikdə qarşılamağımızdan danışır. Dastanlar, şeirlər, hekayələr düzüb-qoşur. Çox həvəsində idi bu yaz tablosunun. Hər il arzu tuturdu, dua edirdi, Qarabağ torpaqlarının bu tabloda yer alması üçün. Tonqallar qurulur, niyyətlər edilirdi. Axı uzaqlarda hər il baharı ayrı-ayrı qeyd edirdik. Rəsmimiz də yarımçıq qalırdı, rənglərimiz də. Ona görə də hər kəsin diləyinə, istəyinə çevrilirdi. Bir sözlə, sevgi kimi sevgisi, arzu kimi arzusu idi bu tablo. Onu bəzəyən gözəlliklərin altında çox ürək dağlayan rənglər var. Müqəddəs rənglər. Bu çalarların yaradılmasına vəsilə olan qanqızılı rənglər. Ürəkli rənglər. Mərd, qəhrəman rənglər. Arzularımızın baharının rəngləri ilə bəzənən, arzuladığımız bahara qovuşduran bu tablonun yaradıcısı, səbəbkarı, bu qanlı rənglərin hüznü bizi həm üzür, həm də qürurlandırır. Bu tablo xalqa bəxş edilmiş bir xoşbəxtlik rəmzidir. Var olmaq sevincidir.
Arzuların qol-budaq açdığı, ümidlərin doğduğu həmin bütünləşən Azərbaycandır. Bu tablo bu yaz daha füsunkardır, gözəl gülən, gözəl danışan, gözəl görünən “Xoşbəxtlik tablosunun” əsas ideyası işğaldan azad olan torpaqlarımızda qeyd olunan Novruz bayramıdır.

 Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR