23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncam və həmin sərəncama əsasən tədbirlər planının təsdiq olunması bu taleyüklü möhtəşəm müqavilənin böyük siyasi, hüquqi və tarixi əhəmiyyətini bir daha təsdiqlədi. Bununla bağlı tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli ilə həmsöhbət olduq, ona bir neçə sualla müraciət etdik: 

– Adıçəkilən müqavilə ilə bağlı bir tarixçi-alim kimi fikirlərinizi bilmək maraqlı olardı...
– Moskva və Qars müqavilələrinin bağlanmasına həmin dövrün bilavasitə və ya dolayısı ilə Azərbaycanla bağlı olan regional və beynəlxalq siyasi reallıqlar prizmasından baxmaq lazımdır. Ona görə də bu reallıqlar, düşünürəm ki, ən azı 4 istiqamətdə nəzərdən keçirilərsə, onların əhəmiyyəti daha qabarıq görünə bilər:

Birincisi, Moskva və Qars müqavilələri imzalanarkən Türkiyə dövləti qismində Osmanlı dövlətinin deyil, Türkiyə Böyük Millət Məclisi Hökumətinin əsas tərəflərdən biri kimi çıxış etməsi prizmasından – 1815-ci ildə keçirilən Vyana konqresində çar Rusiyası tərəfindən Osmanlı dövlətinin əvvəlcə Avropa, sonra isə Asiyadakı ərazilərini ələ keçirmək məqsədi güdən “Şərq məsələsi” ortaya atılmışdı. Sovet Rusiyasının bir çox məsələlərdə öz sələfinin siyasətini davam etdirdiyi bir vaxtda, müqavilələri artıq xeyli zəifləmiş və süqut etməkdə olan Osmanlı dövləti ilə deyil, məhz hələ tanınmamış və Türkiyə ərazisi üzərində öz hakimiyyətini bərqərar etməmiş TBMM Hökuməti ilə imzalaması, Sovet dövlətinin o dövrün mövcud geostrateji reallıqları və sırf öz mənafeyi baxımından atdığı addım olsa da, Moskva və Qars müqavilələrinin bu gün qüvvədə olmasını və bugünkü aktuallığını şərtləndirən əsas amillərdəndir. Başqa sözlə, Mustafa Kamal Paşanın başçılıq etdiyi TBMM Hökumətinin sovet Rusiyası ilə münasibətləri həmin dövrdə Cənubi Qafqazda geostrateji vəziyyəti qısa müddətdə və ciddi şəkildə dəyişdirmişdi. Təsadüfi deyil ki, o zaman İngiltərənin Baş naziri olan Lloyd Corc 1920-ci ilin yayında Rusiya nümayəndələri ilə Londonda apardığı ticarət danışıqlarında öz dövləti ilə “ticarət münasibətlərinin ilkin şərtlərindən biri kimi” sovet dövləti təmsilçilərindən Türkiyədə Kamalçılara verilən dəstəkdən imtina edilməsi tələbinin olduğunu bildirmişdi.
İkincisi, Sovet Rusiyasında “xalqların öz müqəddəratını təyin etməsi” prinsipindən sui-istifadə edilərək 1920-ci illərdə gen-bol həyata keçirilən “muxtariyyətləşmə hərəkatı” kontekstində – məlumdur ki, ilk dəfə 1918-ci ildə ozamankı ABŞ prezidenti V.Vilson konqresdə 1918-ci il yanvarın 8-də çıxışı zamanı irəli sürdüyü və konqresin də qəbul etdiyi 14 maddənin sonuncusu “xalqların öz müqəddəratını təyin etməsi” prinsipi idi. 1920-ci ildən başlayaraq Sovet Rusiyasının keçmiş çar imperiyasının öz tərkibinə qatdığı və sovet dövləti üçün hazır müstəmləkə kimi miras qoyduğu ərazilərdə yaşayan xalqlar üçün zahirən çox cəlbedici görünən həmin prinsipdən gen-bol istifadə edərək, guya müstəmləkə altında olan xalqların hüquqlarını təmin etmək üçün, əslində isə sırf öz imperialist maraqları baxımından “muxtariyyətləşmə hərəkatı” başlatmışdı. Belə bir şəraitdə 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri ilə yalnız 2 ərazi – Naxçıvan və indiki Acarıstan (Batum və ətraf ərazilər) müddətsiz imzalanan xüsusi beynəlxalq müqavilələrdə muxtar ərazi statusuna malik olmaq hüququ qazanmışdılar. Qalan bütün muxtariyyətlər (1918-1921-ci illərdə müsəlman xalqların yaşadıqları ərazilərdə artıq 7 muxtariyyət yaradılmışdı, 1924-cü ildə isə SSRİ tərkibində 11 muxtar vilayətin və 11 muxtar respublikanın yaradılması başa çatdırılmışdı) Sovet Rusiyasının mərkəzi dövlət hakimiyyəti orqanlarının aktları əsasında təşkil edilmişdi. Təsadüfi deyil ki, Cənubi Qafqaz dövlətlərinin tərkibində olan 5 muxtariyyətdən (Azərbaycanda Naxçıvan Muxtar Respublikası və 1923-cü ildə yaradılmış qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti, Gürcüstanda isə Acarıstan, Abxaziya və Cənubi Osetiya muxtariyyətləri) məhz Naxçıvan və Acarıstan muxtariyyətləri tərkibində olduqları dövlətlər üçün etnik münaqişə və siyasi separatizm ocağına çevrilmədilər. Naxçıvanın timsalında etnik-milli və coğrafi-siyasi baxımdan buna heç bir əsas yox idi, Acarıstanı isə Gürcüstan hökuməti 2003-2004-cü illərdə baş verən və kənardan idarə edilən separatçı siyasi-hərbi proseslərdə ciddi münaqişəyə çevrilməkdən xilas edə bildi.
Üçüncüsü, Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərin Osmanlı dövlətinin əraziləri üzərində mandat əldə edərək regionda yeni siyasi-coğrafi reallıqlar yaratmaqla bağlı yürüdülən imperialist siyasət kontekstində – 1918-1920-ci illərdə regionda baş verən siyasi-coğrafi və hərbi-siyasi hadisələrin təhlili bunu deməyə əsas verir ki, müttəfiq dövlətlərin, xüsusilə ABŞ və İngiltərənin Naxçıvanla bağlı siyasətlərinin kökündə Naxçıvan ərazisini ermənilərin işğalına vermək məqsədi dayanırdı. İngilislər, hətta 1919-cu ilin may-iyun aylarında qısa müddətə olsa da, bu məkrli planlarına nail olmuşdular. Təsadüfi deyil ki, hələ Birinci Dünya müharibəsinin davam etdiyi illərdə İngiltərə Lordlar palatasının sədri lord G.N.Kerzon demişdi: “Türkiyə ilə türk xalqları arasında bir bufer dövlətin yaradılması qaçılmazdır. Bu problemin həlli üçün “erməni dövləti” timsalında bir xristian topluluğun təşkili vacibdir”. Elə həmin dövrdə İngiltərənin xarici işlər naziri lord A.C.Balfur erməni nümayəndə heyəti ilə görüşündə bir qədər də irəli gedərək Cənubi Qafqazda erməni dövlətinin qurulmasını “Antantanın, xüsusilə də İngiltərənin müharibədəki məqsədlərindən biri” adlandırmışdı. Belə bir vəziyyətdə müqavilələrin, xüsusilə Naxçıvanla bağlı müddəalarının əhəmiyyəti özünü bir daha qabarıq büruzə verir.
Dördüncüsü, əgər 1921-ci ildə Moskva və xüsusən Qars müqaviləsi imzalanmasaydı, Naxçıvanın sovet dövlətinin tərkibindəki sonrakı taleyi xeyli qaranlıq görünürdü və bununla bağlı müsbət ehtimallar yürütmək çətindir. Belə ki, hətta müqavilələrdən sonra Naxçıvana Azərbaycanın tərkibində yekun muxtariyyət statusu verilməsi üçün 3 il lazım oldu, halbuki Qars müqaviləsi imzalanmamışdan bir neçə ay əvvəl – 1921-ci il iyulun 16-da artıq Moskva müqaviləsində haqqında danışılan ikinci ərazidə – Batum və ətraf əraziləri əhatə edən Acarıstan Muxtar Sovet Sosialist Respublikası artıq yaradılmışdı. Belə bir vəziyyətdə sovet hakimiyyəti orqanları Naxçıvanın muxtariyyət statusu ətrafında bürokratik manipulyasiyaya davam edir, statusun mümkün qədər aşağı səviyyədə olmasına çalışırdı. Təsadüfi deyil ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ikinci çağırış 1923-cü il iyunun 16-da keçirilən üçüncü sessiyasında qəbul edilmiş qərarla Naxçıvan SSR Azərbaycan SSR-in tərkibinə daxil edilir və Naxçıvan diyarı kimi yenidən təşkil olunurdu. Türkiyə hökuməti sovet hökumətinə göndərdiyi 25 iyun 1923-cü il tarixli notasında bunu Moskva və Qars müqavilələrinin Naxçıvanla bağlı maddələrinin birtərəfli pozulması kimi dəyərləndirmiş və etirazını bildirmişdi. Yalnız bundan sonra Naxçıvanın müqavilələrdə nəzərdə tutulan statusu ilə bağlı məsələ öz yekun həllini tapmışdı.
Ən nəhayət, sovet dövləti özünün imza atdığı müqavilələrə məhəl qoymayaraq Cənubi Qafqaz MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ərazisinin bir hissəsini, ümumən, 657 kvadratkilometr Azərbaycan torpağını qanunsuz olaraq Ermənistana verdi. Muxtariyyət statusu olduğu halda bu addım atılmışdırsa, status olmadan Naxçıvan ərazisinin sonrakı taleyinin necə olacağını demək mümkün deyil.
Məhz bütün bunları nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.
– Müqavilənin beynəlxalq siyasi aləmdə Azərbaycan üçün əhəmiyyəti barədə nə deyərdiniz?
– İlk olaraq müqavilə Azərbaycana beynəlxalq müstəvidə öz ərazi bütövlüyünü qorumaq üçün geniş imkanlar yaratdı. Bir tərəfdən Naxçıvanın erməni hərbi təcavüzündən ötən bir əsr ərzində müdafiə edilməsinə, digər tərəfdən onun tarixi Azərbaycan torpaqları kimi qorunub saxlanılmasına nail olundu. Eyni zamanda Naxçıvanın Zəngəzurun işğalı ilə ölkəmizin əsas hissəsindən coğrafi baxımdan ayrı düşməsi amili beynəlxalq siyasi aləmdə Azərbaycan torpaqlarının 1918-1920-ci illərdə işğalını isbat edən danılmaz fakt kimi istifadə edildi. Onsuz da tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə yaradılan qondarma, heç bir tarixi-coğrafi və siyasi əsası olmayan Ermənistan ötən bir əsr ərzində Naxçıvana olan ərazi iddialarından heç vaxt imtina etməsə belə, Qars müqaviləsinə imza atan tərəflərdən biri kimi öz məkrli və işğalçı niyyətini həyata keçirmək istərkən müqavilənin timsalında öz qarşısında daim bir sipər gördü. Məhz bu amil beynəlxalq hüquq baxımından və diplomatik müstəvidə 1990-cı illərin əvvəllərində ermənilərin açıq hərbi təcavüzünün genişləndiyi mərhələdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasında əvəzsiz rol oynadı. Belə ki, ərazi məsələsi həm müvafiq dövlətin hüququ, həm də beynəlxalq hüquq əsasında tənzimlənən predmetdir. Beynəlxalq müqavilələr beynəlxalq hüququn tərkib hissəsi sayıldığından Naxçıvan muxtariyyəti ilə bağlı əsas təsisedici sənəd Moskva və Qars müqavilələridir. Məhz həmin beynəlxalq müqavilələrdən irəli gələn öhdəlik əsasında 1924-cü ildə Naxçıvan Muxtar Respublikası təsis edilib.
– Ötən əsrin 90-cı illərində həmin müqaviləni görkəmli dövlət xadimi Heydər Əliyev Türkiyədə yenidən gündəmə gətirdi. Bu, sonrakı hadisələrin inkişafına necə təsir göstərdi?
– Şübhəsiz ki, o dövrdə Naxçıvanın işğaldan müdafiəsi məsələsi özünün kompleks həllini tələb edirdi. Bunun da yolu, əslində, unudulmuş Moskva və Qars müqavilələrinin yenidən aktuallaşdırılmasından keçirdi. Yaranmış kəskin hərbi-siyasi vəziyyətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyev həmin müqavilələri əsas götürərək uğurlu bir diplomatik proses başlatdı və Naxçıvanın hərbi sahədə olduğu kimi, hüquqi-siyasi və diplomatik sahədə də müdafiəsi işi uğurla təşkil olundu. Nəticədə, hər iki müqavilənin əsas tərəflərindən biri olan Türkiyə Cümhuriyyəti Naxçıvanın təhlükəsizliyinin müdafiəsi işinə fəal şəkildə qoşuldu. 1992-ci ilin may ayında Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul edərək 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan muxtariyyətinin qarantı olduğunu bütün dünyaya bəyan etdi. Türkiyə, nəinki bilavasitə özünün fəal siyasi-diplomatik gedişləri ilə Naxçıvanın müdafiəsinə qoşuldu, eyni zamanda onun dəstəyi ilə 1992-ci ilin may ayında düşmənin hərbi əməliyyatları genişləndirdiyi bir vaxtda dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi ki, bu da, bütövlükdə, real nəticəyə gətirib çıxaran böyük diplomatik uğur idi.
– Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Süleyman Dəmirəllə müstəqil Azərbaycan dövlətinin Türkiyə ilə əlaqələrinin yeni mərhələsinin əsasını qoydu. Ötən ilin payızında Azərbaycan-Türkiyə siyasi müttəfiqliyinin etibarlılığının yenidən şahidi olduq. 44 günlük Vətən müharibəsində bir daha bunu gördük.
– Türkiyə Cümhuriyyətinin böyük dövlət və siyasi xadimlərindən olan Süleyman Dəmirəl və ulu öndər Heydər Əliyev kimi iki nəhəng dövlət xadiminin o dövrdə formalaşan şəxsi dostluq münasibətləri sonradan iki qardaş dövlət arasında həm də sürətli siyasi-strateji yaxınlaşmanın möhkəm təməlini qoydu. Görkəmli dövlət xadimi Heydər Əliyevin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri bunun ifadəsi oldu. 1992-ci ilin martında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin göndərdiyi şəxsi təyyarə ilə Heydər Əliyevin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində imzalanan 13 maddədən ibarət sənəddə muxtar respublikaya maliyyə, iqtisadi, texniki dəstək verilməsi, muxtar respublikanın zəruri ehtiyaclarının ödənilməsi üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, tərəflər arasında enerji layihələrinin qurulması, nəqliyyat strukturunun yaradılması, bank işi, turizm və informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq əlaqələrinin qurulması, 100 nəfər tələbənin Türkiyəyə təhsil almağa göndərilməsi də razılaşdırıldı.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və iqtisadi blokadanın yarılmasında 1992-ci il may ayının 28-də Sədərək-Dilucu körpüsünün açılışı mühüm addım oldu.
Ümummilli liderimizin 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti işləmiş S.Dəmirəllə şəxsi dostluq münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin əvvəlcə Baş naziri, 2017-ci ildən isə Prezidenti vəzifəsində işləyən Rəcəb Təyyib Ərdoğanla eyni səmimiyyətlə yeni dövrün tələblərinə uyğun daha sıx inkişaf etdirilməsi dünyada bənzəri olmayan iki qardaş dövlətin qarşılıqlı fəaliyyət nümunəsini meydana çıxarmışdır. Məhz bu kontekstdə ötən il sentyabrın 27-dən noyabrın 10-dək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda baş verən 44 günlük Vətən müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanı siyasi və diplomatik cəbhədə fəal şəkildə müdafiə etdi, özünün əvəzsiz mənəvi dəstəyini nümayiş etdirdi. Məhz bu sarsılmaz həmrəylik və mənəvi birlikdən doğan gücün 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdırılmasında mühüm siyasi rol oynadığı danılmazdır.
– Müsahibə üçün sağ olun.

Müsahibəni qələmə aldı:
 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR