Dünya hərb tarixinin ən güclü savaşlarından biri olmuş Çanaqqala zəfərindən 106 il ötür. 1915-ci ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlayan və Antanta birliyi kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxan türk əsgəri öz qətiyyəti, cəsarəti və böyük qəhrəmanlığı ilə düşmənlərini geri oturdaraq adını tarixə yazdırmışdır.
XX əsrin əvvəllərində 600 ildən artıq hökmranlıq etmiş Osmanlı imperiyası süquta doğru getməyə başlamışdı. Xaricdə və imperiya daxilində baş verən proseslər Osmanlını getdikcə çökdürür, onun dayaqlarını sarsıdırdı. Trablis və Balkan savaşlarındakı məğlubiyyət isə Avropadakı bütün torpaqların əldən çıxmasına səbəb olmuşdu. Mövcud vəziyyətdən istifadə edən böyük güclər öz maraqlarını təmin etmək üçün müxtəlif planlar qururdular. Belə ki, Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyir, İngiltərə Süveyş kanalı və Hind okeanına gedən yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək istəyir, Fransa Livan, Suriya və Kilikiya üzərində hakimliyini arzulayır, almanlar Şərqə, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli sayılırdı. Onların məqsədi bu boğazları tutmaqla Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi.
1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləyirdi. Lakin Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Müttəfiqlərin Aralıq dənizi qüvvələri komandanı admiral Carden Çanaqqala boğazını keçərək İstanbula girmək üçün üçmərhələli hücum planı hazırlamışdı və belə hesab edirdi ki, bir ay ərzində İstanbulu alacaqdır. O, planın gedişini sınaqdan çıxarmaq üçün 7 zirehli gəmi ilə kəşfiyyat xarakterli hücum həyata keçirdi və sahil qüvvələrinə zərbə vurdu. Türklər güclü müdafiə olunduqlarından ikinci hücum gecikdirilərək 19-25 fevral 1915-ci il tarixləri arasında, 7 gün fasilələrlə davam etdirildi. Onlar ancaq türk toplarının atış mənzilindən kənardan edilən atəşlərlə Türkiyənin müdafiə qüvvələrinin 19 topunu sıradan çıxarmaqla müəyyən müvəffəqiyyət qazandılar və fevralın 26-da boğaza girdilər. Müvəqqəti müvəffəqiyyətdən başı dumanlanan Carden Londona teleqraf göndərərək 14 gün müddətinə İstanbula girəcəyini bildirdi. Üçüncü mərhələ ciddi hazırlıqdan sonra martın 18-də həyata keçirildi. Düşmən boğaza yaxın məsafədə topladığı 36 müxtəlif döyüş, 7 təyyarə gəmisi, 7 dənizaltı, 14 minatəmizləmə gəmisi və 6 yardımçı gəmilərin böyük bir hissəsi ilə hücuma başladı. Bu döyüşlərdə türk müdafiəsinin ən önəmli yeri Müstahkəm mövqeyi idi. 1915-ci ilin ilk aylarında burada 27 bölük halında qurulmuş bir mina qrupu ilə 104 top vardı. 6 saatlıq döyüşdə düşmənin 3 gəmisi batırıldı, 3-ü isə ağır zərbə alaraq döyüş qabiliyyətini itirməklə geri çəkildi.
Beləliklə, İstanbulu bir aya ələ keçirmək xəyalı bir donanmanın maddi və mənəvi məhvinə səbəb oldu. Dəniz döyüşlərində ağır zərbə alan müttəfiq ordular qurudan əməliyyat keçirmək məqsədilə sahilə qoşun çıxarmaq qərarına gəldilər. Bunun üçün bir aydan artıq hazırlıq görüldü. Aprelin 24-dən başlayaraq müttəfiq donanması müəyyən məsafəyə qədər boğaza yaxınlaşdı, ancaq quruya qoşun çıxara bilmədilər. Aprelin 28-də Kirtə ətrafındakı döyüşlərdə böyük itki verən ingilislər geri çəkildilər. Quruda ağır döyüşlərdən biri də aprelin 24-də və 25-də başlanıb fasilələrlə davam edən Arıburnu döyüşü idi. Döyüşdə Mustafa Kamalın komandanlıq bacarığı nəticəsində ciddi müvəffəqiyyətlər əldə edilmiş, Arıburnu, Anafartlar, bütövlükdə, Gelibolu yarımadasında böyük müvəffəqiyyətlər qazanılmışdı. Dəniz döyüşlərində olduğu kimi, Çanaqqala ətrafında gedən quru döyüşləri də müttəfiqlərin ordularını geri çəkməsi və türk ordusunun zəfəri ilə bitdi.
Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən, bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak edirdilər. Çoxlu sayda ziyalı həm vuruşur, həm də əsl vətənpərvərlik təbliğatı aparırdı. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı. Türklər döyüşdə elə vuruşurdular ki, sanki gələcəyin mübarizəsi gedirdi. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması onların mərdlik və cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilir. Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə, heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” demişdilər.
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün – 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu kimi sayılmışdır. Bununla yanaşı, Çanaqqala döyüşü məhvolma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmişdir.
Tarixi həqiqətlərdən biri də budur ki, Çanaqqalada və digər ərazilərdə qanlı döyüşlərin getdiyi bir dövrdə ermənilər türk xalqına arxadan zərbə vuraraq “ikinci cəbhə” açdılar. Hərbi əməliyyatlar başlayan kimi Türkiyə Böyük Millət Məclisinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan ermənilərdən ibarət hərbi hissələrlə birlikdə rusların tərəfinə keçdi. Qaronun başçılıq etdiyi dəstələr türk kəndlərini dağıdır, əhalini amansızcasına qırırdılar. Tək bir gündə – 21 fevral 1914-cü ildə Qarsda və Ərdahanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı 1915-ci illə bitmədi, əksinə, sonrakı illərdə daha da şiddətləndi, 1916-cı il mayın 11-də Malazgird şəhərində 20 min türk vəhşicəsinə öldürüldü.
İstər Çanaqqala zəfərinin əldə edilməsində, istərsə də ermənilərin törətdikləri soyqırımının qarşısının alınmasında Azərbaycan xalqının qəhrəman övladları da yaxından iştirak etmişlər. Çanaqqala döyüşlərində türk ordusu 253 min şəhid vermişdir. Arxiv sənədlərindən məlum olur ki, şəhid olanların 3 mini azərbaycanlı idi. Azərbaycan xalqı qan və can qardaşlarını cəbhədə tək qoymamış, qəhrəman oğullarımız türk əsgərləri ilə çiyin-çiyinə yağı düşmənə qarşı rəşadətlə vuruşmuşdur. Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Osmanlı ərazilərində Azərbaycan könüllülərindən ibarət dəstələr təşkil edilirdi. Bu taborlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları üçün bölgəni yaxşı tanıyırdılar və onlardan cəbhədə istifadə etmək haqqında Osmanlı hökuməti tərəfindən xüsusi qərar qəbul edilmişdi.
Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə azərbaycanlıların Türkiyəyə göstərdiyi yardımlar haqqında tədqiqatçı, jurnalist Abdulhamit Avşar yazırdı: “Milli mübarizənin başlanması ilə Azərbaycan türkləri Anadoluya mənəvi dəstəyi ilə birlikdə, müxtəlif maddi dəstəklər də göstərmişdir. Bu maddi dəstək mövzusu çox önəmlidir. Çünki Azərbaycan Xalq Cümhuriyyəti o tarixlərdə hələ bir yaşında dövlət idi. Hələ öz varlığını qəbul etdirmək, yaşamaq uğrunda mübarizə aparmaqda idi. Bu vəziyyətə və yardımına ehtiyac duyduğu güclərin Anadolu milli mübarizəsinin düşmənləri olduğuna baxmayaraq, əlindən gələn yardımı göstərməyə çalışmışdır”. Daha sonra müəllif Türk Silahlı Qüvvələri Baş Qərargahının Arxiv İdarəsindəki sənədlərə istinadən yazır ki, Azərbaycan Ordusundan alay böyüklüyündəki bir birlik Albay Səməd bəyin komandanlığında Cənubi Azərbaycan üzərindən Ərzuruma gələrək Anadolu milli mübarizəsi sıralarına qoşulmuşdur. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağı xəbərini ilk olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü vermişdir. Belə ki, 8 iyul 1920-ci il tarixdə Türkiyə Böyük Millət Məclisində ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət bəy Azərbaycandan kömək məqsədilə əlavə bir qüvvə gəldiyini açıqlamışdır. Bir piyada taboru və bir süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilmişdir. 15-ci süvari alayına qoşulan birlik Şərqi Anadolunun ermənilərdən geri alınması ilə sona çatan Doğu hərəkatında olmuş, Sarıqamışın, Qarsın, Gümrünün ermənilərdən geri alınmasında mühüm xidmətlər göstərmişdir. Azərbaycan türklərindən ibarət 15-ci süvari alayının bu qələbəsinə görə onun nəzdində 6-cı süvari tüməni təşkil edilmişdir. Bu tümən şərq cəbhəsində İstiqlal savaşının sonuna qədər vəzifəsini yerinə yetirmişdir. Bu hərbi birlikdən başqa, milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü xidmət etmişdir. Onların əksəriyyəti İstiqlal savaşından sonra orduda qalmış və yüksək rütbələrədək yüksəlmişlər.
Türkiyəyə çətin müharibə şəraitlərində daim kömək əlini uzadan Azərbaycanda yaradılmış Xeyriyyə Cəmiyyətinin də fəaliyyətini qeyd etmək lazımdır. Bu cəmiyyət tərəfindən Birinci Dünya müharibəsi zamanında rus işğalı altında olan ərazilərə – Oltu, Həsənqala, Hınıs, İspir, Van, Muş, Bəyazid, Ərzincan, Ərzurum, Qars, Trabzon və digər yerlərə ərzaq, pul, geyim, yanacaq və sair yardımlar göndərilmişdir. Bunun nəticəsidir ki, Qurtuluş savaşında Türkiyə yanacaqla bağlı çətinlik çəkməmişdir.
Azərbaycan türklərinin Türkiyə türklərinə yardım etməsi məsələsindən söz düşmüşkən bir faktı da qeyd etmək vacibdir. Belə ki, 1921-ci il martın 17-də Mustafa Kamal Atatürk Türkiyənin Bakıdakı səfiri Məmduh Şövkət bəy vasitəsilə Nəriman Nərimanovdan borc pul istəmiş, N.Nərimanov isə bu istək qarşılığında dərhal bir milyon qızıl göndərərək Mustafa Kamal Paşaya belə bir cavab yazmışdır: “Paşam, türk millətinin bir gələnəyi vardır; qardaş qardaşa borc verməz, əlindən tutar. Qardaş hər durumda qardaşın əlindən tutar. Hər zaman və hər şərtdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımızın çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrə daim diqqət yetirmiş, bu yaxınlığı yüz milyonlarla türkün artıq dillər əzbərinə çevrilmiş “bir millət, iki dövlət” sözləri ilə ifadə etmişdir. Ulu öndər demişdir: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”. Təsadüfi deyil ki, Azərbaycanı 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də ilk olaraq bütün sahələrdə dəstəkləyən, ona mənəvi dayaq duran Türkiyə Respublikası olmuşdur.
Böyük öndərlər – Heydər Əliyev və Mustafa Kamal Atatürkün Azərbaycan və Türkiyə üçün arzuları bu gün hər iki ölkədə reallaşdırılır. Bu gün iki qardaş ölkə arasında bütün sahələr üzrə qurulan əməkdaşlıq dünyaya nümunədir. Sevindirici haldır ki, sıx əlaqələrə malik olan Azərbaycan ilə Türkiyənin iqtisadi, siyasi, hərbi gücü, beynəlxalq aləmdəki nüfuzları hər il daha da artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə bizim qardaşımız, böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur”.
Türkün tarixi şanlı tarixdir. Türk əsgəri bir əsr bundan əvvəl Çanaqqalada şərəfli tarix yazdığı kimi, Azərbaycan əsgəri də Qarbağda bu tarixi yazdı. O dövrdə türk əsgərinin qəhrəmanlığı bütün dünyanı heyrətə saldığı kimi, bu dəfə də Azərbaycan əsgəri hər kəsi heyrətləndirdi. Buna görə də Çanaqqala və Qarabağ zəfərləri bütün Türk dünyasının zəfəri, hər iki tərəfin şəhidləri Türk dünyasının şəhidləridir.
“Şərq qapısı”