23 Dekabr 2024, Bazar ertəsi

(esse)

Azərbaycan ədəbiyyatının ölməz siması sayılan Mikayıl Müşfiq bir zaman yazırdı: “Bu yaz başqa bir yazdır...” Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu Novruz 30 illik həsrətin sonu, Şuşada, Laçında, Kəlbəcərdə qalanan tonqal, bu torpaqlarda gələcək üçün tutulan arzu, dilək deməkdir. Necə də xoşdur min illik adəti, baharın gəlişini babalardan bizə yadigar qalan Azərbaycan torpağının Qarabağ adlı guşəsində də qeyd etmək!!! Hər qarışı, daşı, torpağı, çayı, meşəsi yadırğayıb bu kəlməyə, Novruz tonqalının hərarətinə. Bu müqəddəs bayramımıza sayılı günlər qaldıqca, sanki igidlərin qanı ilə suvarılan Murovdağın yamacları elə bu gün gülə, çiçəyə qərq olmaq istəyir. Qarabağ düzləri, meşələri, “Gəl, bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar deyil, doğma Azərbaycan dilində aşıq şeirləri, şən-şaqraq musiqilər, nəğmələr dilə gəlsin”– deyir.

Bu yaz bir başqa yazdır... Çaylar yeni illə, yeni günlə, Novruzla üzərinə düşən düşmən izini, hənirini təzələmək istəyir. Yenidən qaynamaq, çağlamaq , doğulmaq, yenidən daha şux, daha ətirli güllərə həyat vermək üçün SU durulur, TORPAQ yeni həyat, yeni bar-bərəkət gətirmək, YEL bu xoş müjdəni ellərə çatdırmaq üçün daha gur əsmək, havanı yağı nəfəsindən təmizləmək üçün qasırğa qoparmaq, GÜNƏŞ isə odu ilə düşmənin məkrli niyyətini yandırıb kül etmək üçün tələsir! 

Ürəkdə bir hayqırtı, bir istək dilə gəlir... Ən uca zirvəyə qalxıb qıy vurmaq, ay ellər, Qarabağa Novruz gəlir! – deyə dünyaya hay salmaq keçir.
Bu yaz bir başqa yazdır... Bu il bayram tonqalımız da başqa olacaq, əvvəlki illərdəkindən daha gur yanacaq. Novruz tonqalını Şuşanın ən hündür dağlarının zirvəsində qalayacağıq. İgidlərimizin dillərə dastan olan Şuşa döyüşünə şahidlik edən dağlar indi də Novruz tonqalı ilə düşmənə gözdağı verəcək. Həm də qədim Oğuz elinin müdrik ağsaqqalı olan Dədə Qorqudun dediyi kimi üç böyük tonqal yandıracağıq. Qoy düşmən bilsin ki, yurdumuzun ocağı gur yanır... Axı Oğuz yurdunda üç tonqal qələbə rəmzidir! Bütün keçmiş ağrı-acılarımızı, kədərimizi bu tonqalda yandırıb birlik və bərabərlikdən doğan qələbə ovqatımızla Qarabağın ilk Novruz səhərində Günəşi salamlayacağıq. Qarabağ atlarının ayaq səsiylə canlanan Cıdır düzü bənövşənin, novruzgülünün, xarıbülbülün ətri ilə salamlayacaq yurdumuzu. “Cəngi” nin əks-sədası ilə yurdumuzun hər qarışı – daşı, torpağı, sıldırım qayaları ana yurdun səmasında məğrur-məğrur dalğalanan Bayrağımızı salamlayacaq. Baharın müjdəçisi olan qaranquşlar qanadları ilə Vətən torpağının azadlıq qoxan ətrini dünyaya yayacaqlar.
Bu yaz bir başqa yazdır... Bu bahar yurdumuza uzun illər həsrətində olduğumuz yeni həyat, yeni gün, işğalda olan torpaqlarımıza azadlıq, firavanlıq gətirdi. İsa bulağının zümzüməsi ilə oyanan ağaclar, otlar, çiçəklər Vətən torpağında azadlıq baharının füsunkar rəsmini çəkərək, sanki dünya şöhrətli rəssamlara meydan oxuyur.
Bu yaz bir başqa yazdır... Quşların cəh-cəhi də, çiçəklərin ətri də, suların zümzüməsi, aşıqların səsi, sazların avazı da başqadır. Çünki bu yaz yurdumuzu salamlayan Günəş azadlığın sönməyən alovuyla isidir elimizi, ruhumuzu, qəlbimizi. Çin olan arzularımızın şöləsi ilə aydınlanan ana yurd şəhidlərin müjdələndiyi cənnətə bənzəyir bu bahar.
Bu yaz bir başqa yazdır... Bu yaz torpağın torpağa, ananın balaya, bir sözlə, Azərbaycanın Qarabağına qovuşduğu bahardır. Bahar bayramın mübarək olsun, ana Vətənim, cənnət Qarabağım, gözəl Naxçıvanım! Bu bayram sevincini bizlərə yaşadan, yaddaşımızın solmayan baharına çevrilən igid şəhidlərimiz, ruhunuz şad olsun! Ulu babalarımızdan bizə miras qalan, birlik və bərabərlik rəmzinə çevrilən Novruz bayramınız mübarək olsun, Qarabağı bizə qaytaran Vətənimin mərd igidləri! Xoş müjdəli Novruzun mübarək, anamız Azərbaycan!

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə
II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR