23 Dekabr 2024, Bazar ertəsi

Qədim yurdumuzun hüsnünə xüsusi gözəllik verən Yaz fəsli qədəmlərini yavaş- yavaş qoyduqca torpağa elimiz gözəlləşir, çiçək açır. Hara baxırsan, haraya üz tutursan, bağında, bostanında yaz qayğılarını çəkən insanlara rast gələrsən. İlin bu vədəsində Şərur rayon Danyeri kənd sakini, ailə təsərrüfatı sahibi Yaqub Həsənovun da işi çoxdur, o bağları səliqəyə salmaqla məşğuldur. Bu qədər ağacın məhsulunu harada və necə satışa çıxarır,  – deyə maraqlanır, onunla həmsöhbət oluruq:

 – Uzun illərdir, bağçılıqla məşğul oluram. Yetişdirdiyim məhsulun şəxsi istifadədən artıq hissəsini bazara çıxarıram. Amma məhsul eyni vaxtda yetişdiyindən az bir müddətdə bazarda satıb qurtara bilmir, min bir əziyyətlə ərsəyə gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxu zay olurdu. Son illər muxtar respublikamızda tikilib istifadəyə verilən soyuducu anbarlar, emal və sənaye müəssisələri bu problemi aradan qaldırıb. Yetişdirdiyimiz  məhsulun daimi alıcısı olduğuna inanıb daha səylə çalışır, daha çox məhsul əldə etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstəririk. Bağlarımızda yetişdirdiyimiz meyvələr öz emal müəssisələrimizdə istehsal olunaraq süfrəmizə gəlir. Bilirik ki, içdiyimiz meyvə suyu təmiz şəkildə qatqı maddələri qatılmayaraq emal edilib. Həm emal və sənaye müəssisələri yerli xammalla təchiz edilir, həm də bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz məhsul zay olmur. Uzun illərdir, bağçılıqla məşğul olduğunu deyən Yaqub əmi onu da diqqətimizə çatdırır ki, vaxtı ilə sovetlər dönəmində indi işlədiyimizdən də çox çalışsaq da, zəhmətimizin bəhrəsini görə bilmirdik. Yetmiş il istismar edildiyimizi həmin quruluş dağılanda hiss etdik. Müstəqilliyi yeni qazandığımız illərdə çox çətinliklərlə üzləşsək də, xalqımızın ulu öndərinin qayıdışı yurdumuza can verdi. Dahi rəhbərin uzaqgörənliyi ilə torpaq əsl sahibinə qaytarıldı. Həmin illərdə əsası qoyulan torpaq islahatları bu gün öz bəhrəsini verir. Ali Məclis Sədrinin  diqqət və qayğısı ilə istifadəyə verilən soyuducu anbarlar, emal müəssisələri  bizim işimizi daha da asanlaşdırır. Bu gün kəndli əlinin qabarı, alnının təri ilə yetişdirdiyi məhsulu istədiyi kimi dəyərləndirir. Bu imkanı isə dövlətimiz bu sahədə gördüyü işlərin sayəsində edir. Bu il də bol, bərəkətli olacaq inşallah. Bağlarımızda yetişdirdiyimiz alma, şaftalı, gilənarın bol olması o deməkdir ki, süfrələrimiz də onlardan hazırlanmış meyvə məhsulları ilə dolacaq. Həm ucuz, həm də keyfiyyətli. Zəhmət adamı ilə söhbətimizdən sonra emal müəssisəsi ilə tanış olmaq qərarına gəlirik.

Son illər keyfiyyətli məhsul istehsalı ilə adından söz edilən müəssisələrdən olan

 “Gəmiqaya Meyvə Məhsulları”, “Gəmiqaya Şərab Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktoru Yunis Yaqubovla müəssisəni gəzir öyrənirik ki, burada müxtəlif meyvə şirələri, şərab, istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanın bol bəhrəli bağlarında yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı”, “Furutda” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisədə meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. Bunun üçün yeni bina inşa olunub və burada İsveçin “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqları quraşdırılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir ki, bu da məhsulun istənilən xarici bazarda özünə yer tuta bildiyindən xəbər verir. Diyarımızın ən qədim əkinçilik sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır.

          Müsahibim deyir ki, istеhsаl оlunаn məhsullаrın хаmmаlı, əsаsən, yеrli sahibkarlardan, kənd adamlarından  аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməmələrinə öz müsbət təsirini göstərir. Elə vaxt olur ki, ağac çox meyvə gətirməsi səbəbindən, bəzən də, təbiət hadisələri nəticəsində yerə tökülür, zədələnir. Belə zədələnmiş məhsulu nə soyuducu anbara təhvil vermək olur,  nə də bazara çıxarmaq. Biz  zədələnən meyvələri də uyğun qiymətə alır, meyvə suyuna, şəraba çeviririk. Belə ki, həmin zədələnmiş meyvələr təmizlənir, onun yararsız hissəsi götürülür, qalan hissə də çəyirdəyindən ayrılaraq xammala çevrilir. Yerli məhsullardan hazırlanan meyvə nektarları isə yüksək keyfiyyəti ilə seçilir, bazarda özünəməxsus yer tutur. Bu da həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir. Bu ildə də ötən dövrdə olduğu kimi bu istiqamətdə işlər uğurla davam etdiriləcək. Meyvə bağlarında yetişdirilən məhsulların tədarük olunması diqqət mərkəzində saxlanılacaq. Ayrı-ayrı rayonlardan gətirilən məhsullar vaxtında qəbul edilərək xammal halına gətiriləcək. Müəssisədə ikinci bir xətt də vardır ki, burada hazır məhsulu püreyə çevirir, xüsusi qablaşdırmalarda, aseptik torbalarda, soyuducu anbarlarda saxlayır, yaz və qış fəsillərində keyfiyyətli məhsul əldə edirik. Bu ildə sahibkarlardan, kənd sakinlərindən alınan meyvələr tədarük olunub eyni qaydada hazır məhsula çevriləcək. Hazırlanan xammala qoruyucu və kif önləyici maddələr vurmağa ehtiyac olmur. Çünki Naxçıvanın bərəkətli torpaqlarında yetişdirilən meyvələr ekoloji cəhətdən çox təmizdir. Naxçıvanda yetişən meyvələrdə şəkərlilik (biriks )miqdarı ölkəmizin digər bölgələrindən daha çox olduğu üçün daha keyfiyyətli məhsul istehsal olunur. Hazırlanmış meyvə püresi, cemi laboratoriyamızda yoxlanılır, baxış keçirilir, şəkərlilik dərəcəsinə uyğun olaraq cemin həcmi artırılır və məhsul hazırlanır.

Müəssisənin direktoru onu da diqqətimizə çatdırır ki, mühüm coğrafi mövqedə yerləşən qədim yurdumuz Vətənimizin ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş və icrası bitən “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramları”nın icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Mart ayının 12-də Ali Məclisin Sədri Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 2021-2025-ci illəri əhatə edəcək yeni Dövlət proqramı da əvvəlki proqramların icrası dövründə əldə olunmuş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir. Meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulması proqramın əsas məqsədlərindən biridir. Bu Dövlət proqramının reallaşdırılması bundan sonra da daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasını, muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınmasını, tərəvəz əkininin genişləndirilməsini təmin edəcək.

Burada texnoloq vəzifəsində çalışan, ABŞ-da bu sahə üzrə xüsusi kurs keçən gənc mütəxəssis Nazim Cəfərli və texnoloq Elşad Novruzov bildirdi ki, istеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müəssisədə möhkəm baza yaradılıb, bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və ərzaq təhlükəsizliyi tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Məlumat üçün qeyd edək ki, 2014-cü ildən istehsal edilən meyvə nektarları Gürcüstan bazarına da çıxarılır.

Yunis Yaqubov onu da deyir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən müəssisələr qarşısında duran əsas vəzifələrdən biri bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmaqdır. Bu yaşamaq və sonrakı inkişaf üçün zəruri şərtdir. Müasir bazar iqtisadiyyatı buraxılan əmtəənin keyfiyyətinə qarşı prinsipcə başqa tələblər irəli sürür. Hazırkı zamanda hər bir şirkətin yaşaması, onun əmtəə və xidmətlər bazarındakı sabit vəziyyəti rəqabətə davamlılıq həddi ilə ölçülür. Öz növbəsində, rəqabətə davamlılıq iki göstərici – qiymətin səviyyəsi və məhsulun keyfiyyətinin səviyyəsi ilə bağlıdır. Digər ikinci amil tədricən birinci yerə çıxır. Məhsulun keyfiyyəti şirkətin nüfuzunun artması, gəlirinin çoxalması, yüksəlməsi deməkdir. Buna görə də, keyfiyyətin idarə olunması üzrə iş rəhbərdən tutmuş hər bir işçi üçün mühüm fəaliyyət növüdür. Məhsulun keyfiyyətinin yüksəldilməsi dünyanın aparıcı şirkətlərinin işinin xarakterik tendensiyasıdır. Müəssisədə yaradılan laboratoriya emal edilən məhsulun keyfiyyətinə nəzarətə də şərait yaradır. Operator vəzifəsində yeddi ildir, çalışan Məmmədov Coşqun deyir ki, meyvə şirəsini analiz etmək üçün laboratoriyamızda hər cür şərait yaradılıb. Şirələrdən müəyyən olunmuş qaydada analiz götürür və müasir standartların tələb etdiyi şəkildə müayinədən keçiririk. Eyni qaydada şərab istehsalı sahəsində emal edilən məhsulların da keyfiyyətinə nəzarət edirik. Çalışırıq ki, emal etdiyimiz məhsul standartlara cavab versin. Burada istehsal edilən meyvə suları kiçikdən-böyüyə hamının sevdiyi içkiyə çevrilsin.

Sağlam bir orqanizm üçün güclü immunitet lazımdır. Bu olmasa, orqanizm bütün xəstəliklər və infeksiyalar qarşısında aciz olar. İmmunitetin güclü olması üçün antioksidantlar, vitamin və mineralların orqanizmə qəbulu vacibdir. Orqanizmin güclü olmasının sirri isə meyvələrdədir. Güclü immunitet üçün vitaminlərlə zəngin olan meyvələrdən istifadə etməyi tövsiyə edirlər. Meyvə şirələrinin sehrli qüvvəsi isə danılmazdır. Təbii ki, bu şirələr qədim Naxçıvanımızın bağlarından toplanıb emal edilən, bu gün süfrələrimizin bəzəyinə çevrilən “Gəmiqaya Meyvə Məhsulları”nın məhsullarıdır.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR