23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2021-ci il mart ayının birinci yarısında bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 5 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.

Nazirlər Kabinetinin 6 mart tarixli qərarları ilə “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”, “Poçt göndərişlərinin saxlanılması, açılması, satışı və məhv edilməsi Qaydaları” və “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydalar”ı təsdiq edilmişdir. Sonuncu Qaydalara əsasən sürətli poçt xidmətlərinin göstərilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Sürətli poçt göndərişlərinin maksimal çəkisi 30 kiloqram, ölçüsü minimal 90x140 millimetr, maksimal uzunluğu 1500 millimetr, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 3000 millimetr olmalıdır. Belə poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, bitkilər, çap məhsulları, dərman preparatları, meyvə, tərəvəz, eləcə də təyinat ölkəsində idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və mallar göndərilir. Qeyd edək ki, sürətli poçt göndərişləri muxtar respublika daxilində ən geci 3 təqvim günü, muxtar respublikadan kənara isə ən geci 15 təqvim günü müddətində alıcıya çatdırılmalıdır.
Nazirlər Kabinetinin 2021-ci il 12mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə(pətəyə) görə subsidiya verilməsi Qaydası”nda dəyişiklik edilərək müvafiq məqsəd üçün yaradılmış komissiyanın tərkibi yenidən formalaşdırılmışdır.
Həmçinin Nazirlər Kabinetinin eynitarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərində yoxlamaların aparılması Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qərara əsasən təsərrüfat subyektlərində yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu hissədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. Yoxlamalar yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə – ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən sahibkara münasibətdə – iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə – üç ildə bir dəfədən çox olmayaraq, yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində isə yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə – altı ayda bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə – ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə – iki ildə bir dəfədən çox olmayaraq aparılır. Bu Qaydalarda göstərilən hallardan başqa xidmət tərəfindən təsərrüfat subyektlərində yoxlamaların (sahibkarların və istehlakçıların yazılı müraciəti əsasında aparılan yoxlamalar istisna olmaqla) aparılması qadağandır.
Adıçəkilən qərarlarla yanaşı, Nazirlər Kabinetinin 2021-ci il 12 mart tarixli Qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan tibbi sənədlərin alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin siyahısı” təsdiq edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR