23 Dekabr 2024, Bazar ertəsi

Qədim türkün dünya duyumunda Od çərşənbəsinin rəmzi mahiyyəti

İlin son ayının 4 çərşənbəsi xalq təqviminə əsasən İlaxır çərşənbələr adlanır. Su, Torpaq, Yel çərşənbələrinin ardınca Günəş, istilik simvolu olan Od çərşənbəsi torpağı tamamilə dirildir, canlandırır. Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır. Qədim türk mifologiyasına görə odu Göy Tanrı veribdir.

Od çərşənbəsinə xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə” də deyirlər. Muxtar respublikamızın bölgələrindən toplanmış folklor örnəkləri arasında odla bağlı müxtəlif inanc nümunələri mövcuddur ki, onlardan bəziləri diqqətçəkəndir. Çox qədimdə təzə anadan olmuş uşağı odun, ocağın başına dolayar, sonra ananın qucağına verər, bununla uşağın paklandığına inanardılar. Əgər bu üsulla uşaq paklanmazsa, o, natəmiz hesab edilər, ana onu rahatlıqla qucağına ala bilməzdi. Bu mərasimin izləri elə ərazidə xalq yaddaşında yaşayan “Çevir ocağa, al qucağa” məsəlində özünü qoruyub saxlamışdır. 

Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur ki, bunlara kiçik janr nümunələri sırasında daha çox rast gəlmək mümkündür. “Od yanmasa, yerdən tüstü çıxmaz”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri; “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar; “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” kimi alqışlar qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir.
Qədim diyarımızın bəzi bölgələrindən toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, Od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz Od çərşənbəsində tonqal ətrafında yallı rəqsinin icrası od hamisinə olan inancın qalıqlarını nümayiş etdirir. Qeyd edək ki, qədim türk mifoloji dünyaduyumunda od hamisi Tanrının kiçik oğlu kimi qəbul edilirdi. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir. Naxçıvan ərazisindən toplanmış rəvayətlərdən birində deyilir ki, od qalamaq ənənəsi “Muxtardavası” deyilən davadan qalmadır. Lakin qeyd edək ki, od qalamaq ənənəsi qədim türk etnosunun oda ehtiramı, səcdəsi kimi rəmzi mahiyyət daşıyaraq bu gün də icra olunmaqdadır və bu mərasim türk dünyaduyumunun elementi olaraq müasir dövrümüzə gəlib çıxmışdır. Əvvəllər od üzərindən tullanarkən müxtəlif nəğmələr də ifa olunurdu. Bu nəğmələr indiki dövrümüzdə artıq arzu, istək, dilək şəklini alaraq təmizlənmə, paklaşma ilə bağlı alqış-dualara çevrilib: “Ağrım, acım səndə qalsın”, “Ağrım, dərdim-sərim, qıç ağrım, bel ağrım, qol ağrım sənə gəlsin, sənin sağlamlığın mənə gəlsin”, “Pislər sənə, yaxşılar mənə” və sair. Naxçıvan ərazisində bəzi yerlərdə bu mərasim heyvanlar üçün də icra olunur. Belə ki, mal-qaranı da iki tonqal arasından keçirərək od vasitəsilə təmizlənənəcəyi inancı ilə bağlı mərasimi icra edirlər.
Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə Od çərşənbəsində deyil, bütün İlaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Müxtəlif ayin və rituallar icra olunur. Bunlardan İlaxır çərşənbə – Od çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir.
Diyarımızın zəngin adət-ənənələri və milli dəyərlərimizə sadiqliyi ilə xüsusilə seçilən Ordubad rayonunda Novruzun ən çox sevilən ərəfəsi – İlaxır çərşənbə, yəni Od çərşənbəsi “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirninin müxtəlif növlərindən aparırlar. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı vermişlər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca zirvəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?” Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.
Bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır, ilin son çərşənbəsində, yəni Od çərşənbəsində artıq hər şey nizamlı şəkildə hazır olur. Hər evdə hiss edilən bayram əhval-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Ordubad rayonunda yaşlı nəslin nümayəndələrindən bəzisi İlaxır çərşənbəyə “ilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi” də deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun.
Od çərşənbəsində Naxçıvan ərazisində icra olunan adətlərdən biri də “Danatma” mərasimidir. Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən, mərasim ərazinin gənc oğlan və qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yolboyu susub danışmamalıdır. Əgər danışarsa, gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub-olunmadığını yoxlamaq məqsədilə bir nəfəri onu güdmək üçün təyin edirlər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa, həmin su təmiz hesab edilir, mərasimdə iştirak edən hər kəs həmin sudan həm içir, həm də növbəti mərasim – “Vəsfi-hal” mərasimi üçün istifadə edirlər. Eyni zamanda suyu gətirən gənc də mükafatlandırılır. “Vəsfi-hal” mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa və digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyini “müəyyən edirlər”.
Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma nümunələri isə bu baxımdan daha aktivdir:
Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.
İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, – deyərlər.
İlaxır çərşənbə Od çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvandan toplanmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər ikisində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.
İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduqları arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, İlaxır çərşənbədə evdə xeyir saçan, xeyirli sözlər danışmaq məqbul sayılar.
Qeyd edək ki, İlaxır çərşənbə – Od çərşənbəsi çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır.
İlaxır çərşənbələrlə bağlı mərasim və ayinlərin çoxu bu gün də xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünyaduyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir.
Rəngarəng ritualları ilə İlaxır çərşənbələrin bəzəyi olan Od çərşənbəmizi qədim Odlar diyarımızın onilliklərboyu düşmən tapdağında inləyən, nəhayət, öz halal yurddaşlarına qovuşan cənnətməkan Qarabağımızda tonqal qalamaqla qeyd edəcəyik. Müqəddəs şəhidlərimizin Vətən sevgili, torpaq məhəbbətli pak ruhundan od alan bu tonqalın işığı, hərarəti Şuşalı, Kəlbəcərli, Ağdamlı, Laçınlı bütöv Vətənimizin firavan sabahlarını aydınladacaq, müqəddəs şəhidlərimizin ruhunu isidəcək! “Türkün alqışı alqışdır”, – deyən ulularımızın hikmətli söz xəzinəsindən aldığımız alqışlara qoşularaq deyirik ki, Ana yurdumuzun hər guşəsində şölələnən ocağımız sönməsin!, Ulu Tanrı ocağımızdan ruzi-bərəkəti əskik etməsin, tonqallarımız Vətən torpağında hər zaman gur yansın!

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR