Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol mədəniyyət, həyat, iqtisadiyyatdır. Yollarin abad, səliqəli, rahat, geniş olması təkcə nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb etmir, həmçinin ölkənin qüdrətindən, iqtisadi gücündən xəbər verir.
Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Bu amil ölkəmizin tranzit əhəmiyyətini xeyli artırır. Respublikada görülən yol inşaat işlərinin miqyasının ölçüyəgəlməz dərəcədə geniş olmasında bu faktorun da yeri var. Son illər aparılan quruculuq işlərinin bir hissəsi olaraq bölgələrdə kənd və qəsəbə yolları təmir olunur, yeni istiqamətdə nəqliyyat qovşaqları yaradılır.
Dövlət səviyyəsində bu sahəyə maraq həmişə olub və nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzindədir. Artıq bir neçə ildir ki, ölkəmizin avtomobil yolları şəbəkəsinin saxlanılması, təmiri, yenidən qurulması və tikintisi layihələri hazırlanıb. O da faktdır ki, yol tikinti işlərinin keyfiyyətli görülməsi işlərində inşaat və yol işləri texnikasinin tətbiqindən çox şey asılıdır. Bu istiqamətdə işlər Naxçıvan Muxtar Respublikasında da əhəmiyyətli dərəcədə nəzərə çarpır.
Artiq iki ilə yaxindir ki, Naxçıvan Dövlət Universitetində təhsil aliram. Bir jurnalist-tələbə kimi iki il ərzində etdiyim müşahidələr görə Naxçıvanın yolları heç ölkəmizin paytaxtı Bakı şəhərinin və regionda sayılıb seçilən ölkələrin yollarından geri qalmir. Keyfiyyətlə aparılan yol-inşaat işləri göz oxşayır. Hətta universitetdə təhsil alan əcnəbi tələbələrlə həmsöhbət olduğumuz zaman onların bəziləri öz ölkələrində bu qədər təmiz, rahat və abad yolların olmadığını etiraf edirlər. Qeyd edək ki, təkcə Naxçıvan şəhərinin deyil, muxtar respublikanın digər şəhərləri və rayon mərkəzlərinin də yol infrastrukturu göz oxşayır. Hətta ən ucqar dağ kəndlərinə belə çəkilən asfalt yollar ilin istənilən fəslində bura ilə əlaqəni davamlı olaraq saxlayır. Yəni qışın qarında, yazın leysanlarında, payızın yağmurlarında yollarda hərəkət intensiv olur.
Naxçıvan şəhərinin küçə və yolları isə ayrı bir mövzudur. Deyirlər ki, təkcə Naxçıvan şəhərində 100 minə qədər əhali yaşayır və hər gün 10 mindən artıq adam bu şəhərə daxil olur və çıxır. Təbii ki, son vaxtlar güclənən iqtisadiyyat insanların yaşayışına, maddi vəziyyətinə də müsbət təsir edib. Nəticədə vətəndaşların şəxsi avtomobil almaq imkanı genişlənib. Bu da yollarda avtomobillərin sayını artırıb. Amma, Naxçıvan şəhərinin rahat və yol hərəkəti qaydalarına ciddi riayət edilən yollarında bu nəqliyyat sıxlığı o qədər də hiss olunmur. Çünki qeyd etdiyimiz kimi, piyadalar və sürücülərin nizam-intizamına müvafiq qurumlar tərəfindən mütəmadi nəzarət edilir. Şəhərin rahat yollarında sürət həddinin qaydalara uyğun olması artıq Naxçıvanda xüsusi sürücü mədəniyyətini formalaşdırıb. Bu isə təkcə yerli sakinlərin deyil, hətta şəhərə qonaq gələn əcnəbilərin də diqqətini çəkir. Bir sözlə səliqəli, tıxacsız Naxçıvan yolları göz oxşayır. Ən əsası isə odur ki, Naxçıvanda sürücülərin və piyadaların yol hərəkəti qaydalarına ciddi riayət etməsi nəticəsində bu şəhərdə qəzalar, tıxaclar müşahidə edilmir. Piyada zolaqlarından keçən zaman avtomobil sürücülərinin sakit tərzdə gözləyərək insanlara yol verməsi, piyadaların isə yolu haradan gəldi deyil, nəzakətli şəkildə keçid xəttindən istifadə etməsi ən gözəl yol mədəniyyətidir.
Məncə artıq təkcə ölkəmizin yol və nəqliyyat problemi yaşayan iri şəhərləri deyil, hətta bəzi ölkələrin də bu mədəniyyəti məhz Naxçıvandan öyrənməyə ehtiyacı var!!!
Səbinə Əliyeva
NDU “Jurnalistika” II kurs tələbəsi