23 Dekabr 2024, Bazar ertəsi

Heydər Əliyev ideallarına sarsılmaz sədaqət Naxçıvanı yeni-yeni uğurlara aparır

Ölkəmizin zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası blokadanın və pandemiyanın yaratdığı ciddi çətinliklərə baxmayaraq, qədimliyini və tarixiliyini qorumaqla sosial-iqtisadi baxımdan sürətli inkişafını uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, fədakar naxçıvanlıların səyləri nəticəsində burada bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilir, yeni yollar çəkilir, milli və müasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, istirahət bağları və parkları, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılır, istehsal müəssisələri yaradılır. Bir sözlə, ulu öndərimiz Heydər Əliyev ideallarına sarsılmaz sədaqət nümayiş etdirən Naxçıvan iqtisadi, sosial və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Dövlətimizin başçısının dediyi kimi: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”. Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bunu bir daha aydın şəkildə görmək olar.

 Azərbaycanın abadlaşan möhtəşəm yaşayış məntəqələrinin sayı hər ay daha da artır

Bu gün muxtar respublikada aparılan abadlıq-quruculuq işləri şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, həmin yaşayış məntəqələrinin simasını əhəmiyyətli dərəcədə dəyişib, əhalinin sabaha inamını artırıb, sakinlərin rahat yaşayışı təmin edilib. Ötən ay Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndləri də Azərbaycanın abadlaşan möhtəşəm yaşayış məntəqələrinin sırasına qoşulub.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə həmin kəndlərdə yeni sosial obyektlər istifadəyə verilib. Bu hadisə sakinlərin böyük sevincinə səbəb olub. Çünki istifadəyə verilən müasir infrastruktur insanların həyat şəraitinin yaxşılaşmasına əhəmiyyətli töhfə verəcək. Yeni tikilən gözəl məktəblər, kənd və xidmət mərkəzləri, ambulatoriyalar, yenidən qurulan yollar sakinlərə böyük qayğının ifadəsidir. İndiyədək Naxçıvan şəhərinə gələndə gördüyümüz gözəlliyin eynisini bu gün həmin kəndlərdə də görə bilirik. Ötən ildən bütün dünyada pandemiyanın geniş yayıldığı və ölkəmizin ağır müharibədən çıxdığı bir dövrdə belə geniş quruculuq işlərinin həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafının göstəricisidir.

Təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir

Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən il 1106 şagird yerlik 5 ümumtəhsil məktəbi, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar, 2021-ci ilin yanvar ayında isə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil quruculuğu ilə yanaşı, ötən il yeni təhsil müəssisələrinin və innovativ dərnəklərin yaradılması da diqqətdə saxlanılıb. 2020-2021-ci tədris ilindən Ali Məclis sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Müəllimlərin işə qəbulu, xüsusilə gənc kadrların ucqar dağ kəndlərindəki ümumtəhsil müəssisələrinə üstünlük vermələri rayon mərkəzləri ilə yanaşı, həmin kəndlərdə də müasir təhsil infrastrukturunun yaradılmasının və müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir.

Fevralın 5-də Nüsnüs kənd tam orta məktəbi də müasir məktəblər sırasına qoşulub. Həmin gün Ali Məclisin sədri məktəbin yeni binasının açılışını edib, burada yaradılan şəraitlə maraqlanıb.

Ali Məclisin sədri Nüsnüs kənd tam orta məktəbinin istifadəyə verilməsi və qazandıqları uğurlar münasibətilə kollektivi təbrik edərək deyib: “...Azərbaycan müstəqillik əldə etdikdən və Ulu Öndərimiz ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsili əsas məsələlər sırasına çıxardı. Ümummilli Lider deyirdi: “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Həmin dövrdə ölkəmiz müharibə şəraitində yaşayırdı, torpaqlarımız işğal olunmuşdu. Lakin məktəb tikintisinə diqqət göstərilir, müəllimlərin əməyi qiymətləndirilirdi. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilə qayğının vacibliyini bildirərək demişdir: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”.

Göstərilən qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dünyanın müxtəlif ali məktəblərində təhsil alır, ölkəmizin inkişafına töhfələrini verirlər. Bütün bunlar isə təhsilin Azərbaycan dövlətinin həyatında ən vacib sahələrdən biri olduğunu təsdiq edir”.

Yeni sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin vətəndaşına qayğısının növbəti nümunəsidir

Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində fevralın 5-də Nüsnüsdə yeni kənd mərkəzinin açılışı olub.

Həmin gün Nüsnüs kənd həkim ambulatoriyasının da açılışı olub. Ali Məclisin sədri ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Nüsnüs kəndində digər bir önəmli sosial obyektin - yeni xidmət mərkəzinin açılışı da olub. Ali Məclisin sədri mərkəzlə tanış olduqdan sonra sakinlərlə görüşüb. Muxtar respublika rəhbəri deyib: “Nüsnüs kəndi tamamilə abadlaşıb, yenidən qurularaq ölkəmizin müasir kəndləri sırasına daxil olub. Burada qurulanlar kəndin bütün sakinlərinin rahatlığına xidmət edəcəkdir. Bütün bunlar dövlətimizin vətəndaşına göstərdiyi qayğının nümunəsi, dövlət-xalq birliyinin, ölkənin iqtisadi inkişafının, sabitliyin, ən əsası isə ümummilli lider Heydər Əliyev siyasətinin, yolunun davam etdirilməsinin və bu yola sədaqətin göstəricisidir. Ölkəmiz uzun illər müharibə vəziyyətində, torpaqlarımız işğal altında idi. Lakin ölkəmizin iqtisadi gücü imkan verirdi ki, həm quruculuq işləri aparılsın, həm də ordu quruculuğu sahəsində tədbirlər həyata keçirilsin, torpaqlarımız işğaldan azad olunsun. Hər bir vətəndaş ölkənin möhkəmlənməsinə, iqtisadi inkişafına, sabitliyin qorunmasına töhfəsini verməlidir. Dövlət-xalq birliyi odur ki, vətəndaş dövləti üçün səy göstərir, çalışır, dövlət də vətəndaşı üçün lazım olan şəraiti yaradır. Nəticədə, insanların yaşayış səviyyəsi yaxşılaşır. Bu gün 2300-dən artıq sakinin yaşadığı Nüsnüs qəsəbə tipli kəndə çevrilib. Kənd sakinləri qurulub-yaradılanları qorumalı, kəndin abadlığı, təsərrüfatlar, xüsusilə ailə təsərrüfatları inkişaf etdirilməli və məskunlaşma artmalıdır. Kənd məktəbində hər il birinci sinfinə daxil olan şagirdlərinin sayı onu deməyə əsas verir ki, kənddə məskunlaşma yaxşıdır. Kəndin qurulmasında, abadlaşmasında, inkişafında sakinlərin də əməyi olmuşdur. Yaradılan şərait rahat yaşayışa imkan verəcəkdir. Ona görə də qurulanlar qorunmalı, hər bir sakin ölkəmizin inkişafına töhfəsini verməlidir”.

Müasir kənd yolları inkişafın göstəricisidir. Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi də həmin yaşayış məntəqələrinin inkişafına stimul verəcəkdir.

Muxtar respublikada tarixi-mədəni irsimiz kimi qorunub-yaşadılan su dəyirmanları bu torpaqda taxılçılığın inkişafından xəbər verir. Su dəyirmanlarının Naxçıvana məxsus adət-ənənələrin yaranmasında da böyük rolu vardır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb. Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı istifadəyə verilib.

Aparılan kompleks quruculuq işlərindən hər bir yaşayış məntəqəsinə pay düşüb

Bu gün muxtar respublikanın ucqar kəndlərində də abadlıq-quruculuq işləri aparılır. Sakinlər böyük zəhmət hesabına həyata keçirilən bu işləri çox yüksək qiymətləndirir və dövlətimizin qayğısını razılıqla qarşılayırlar. Yuxarı Əndəmic kəndində istifadəyə verilən sosial obyektlər də təbiəti gözəl olan yaşayış məntəqəsinə ikiqat gözəllik bəxş edir. Fevralın 5-də burada yeni kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının açılışları olub.

Açılış tədbirlərində iştirak edən Ali Məclisin sədri kənd sakinləri ilə görüşündə deyib: “Bu gün Nüsnüs və Yuxarı Əndəmic müasir kəndlər sırasına qoşulur, yeni obyektlər istifadəyə verilir. Aşağı Əndəmic də daxil olmaqla, digər işlər də ilin sonuna qədər başa çadırılacaqdır. Abadlıq işlərinin aparılması ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını, sabit şəraitdə yaşayışın təmin olunmasını daim diqqətdə saxlayır. Bu siyasətin bəhrələri hər kənddə görünür. Burada ailə təsərrüfatları formalaşmışdır ki, bu da sakinlərin yaşayışını təmin etməklə bərabər, ölkənin inkişafına da töhfə verir. Bütün bunlar ona görə həyata keçirilir ki, insanlar rahat yaşasın, kəndlər abadlaşsın və məskunlaşma artsın, dövlət-xalq birliyi davam etdirilsin”.

Ali Məclisin sədri kənd sakinlərini təbrik edib, dövlət-xalq birliyinin nəticəsi olan birgə fəaliyyətin ölkənin gələcəyinə xidmət edəcəyinə əminliyini bildirib.

Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır.

Fevralın 5-də Ali Məclisin sədri Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb, məsciddə bərpa işlərinin mart ayından etibarən davam etdirilməsi barədə tapşırıq verib.

Ordumuz qüdrətimizdir

Bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir. Ordu quruculuğu sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər isə artıq dünya səviyyəsində diqqətlə öyrənilir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş milli ordumuzun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğal altında qalan torpaqlarımızı azad etməsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Bu gün Ali Məclisin sədri tərəfindən Naxçıvanda ordu quruculuğuna göstərilən diqqətin nəticəsidir ki, qədim diyarımızın müdafiəsi etibarlı şəkildə təmin edilib. 2017-ci il oktyabrın 18-də ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad gücümüzü düşmən qarşısında bir daha nümayiş etdirib. 2018-ci ilin may ayında Naxçıvanda 11 min hektardan artıq ərazinin və mühüm əhəmiyyətə malik strateji yüksəkliklərin, o cümlədə Şərur rayonunun Günnüt kəndinin düşməndən azad edilməsi ordumuzun qüdrətinin növbəti nümunəsidir. Xüsusi təyinatlı bölmələrin cəlb edildiyi “Kəşfiyyat”, “Dağçılıq”, “Snayper” hazırlığı, eləcə də zabit təkmilləşdirmə kursları, Naxçıvan Muxtar Respublikasında təşkil olunan Qarnizon Xüsusi Təyinatlı birləşmə və hərbi hissələrinin, eləcə də 2019-2020-ci illərdə Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə birgə keçirilmiş “Sarsılmaz qardaşlıq” döyüş atışlı taktiki təlimlərə cəlb olunan xüsusi təyinatlılar yüksək vətənpərvərlik hissi ilə bilik və bacarıqlarını, əldə etdikləri praktik təcrübəni 44 günlük Vətən müharibəsində əməliyyata başladıqları ilk anda böyük ustalıqla tətbiq edərək düşmənin döyüş əzmini qırıblar.

Fevralın 8-də Ali Məclisin sədri Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib, çıxışında deyib: “Vətən müharibəsində Naxçıvandan olan hərbçilər də iştirak edərək şücaət, peşəkarlıq və vətənpərvərlik göstəriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvanda motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmiş, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Muxtar respublikada hərbi infrastrukturun möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir yaşayış binaları, hərbi şəhərciklər tikilərək istifadəyə verilmiş, zabit-gizir ailələri mənzillərlə təmin olunmuşlar”.

“Vətənpərvər və peşəkar şəxsi heyət olmadan nizami ordu yaratmaq mümkün deyil”, - deyən Ali Məclisin sədri bildirib ki, ordu quruculuğu sahəsində qazanılan ən böyük uğurlardan biri də peşəkar və vətənpərvər şəxsi heyətin formalaşdırılmasıdır. Muxtar respublika rəhbəri bu yolda şəxsi heyətə uğurlar arzulayıb.

Həmin gün Ali Məclisin sədri Vətən müharibəsi iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırıb.

Dostluğun, qardaşlığın növbəti nümunəsi

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.

Ali Məclisin sədri deyib ki, Türkiyə Respublikası həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olmuşdur. Qazanılan uğurlarda Türkiyə Silahlı Qüvvələrinin də böyük rolu vardır. Buna görə də Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmətimizi bildiririk. Bu park İkinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılıb və buraya Türkiyə-Naxçıvan Dostluq Parkı adı verilib. Bu da gələcək nəsillər üçün nümunə olacaqdır.

Muxtar respublika rəhbəri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirib.

Naxçıvanın muxtariyyəti ölkəmizin tarixi nailiyyətidir

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötdü. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşıb, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranıb. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olub, bu torpaqda XVIII əsrdə Naxçıvan xanlığı, 1918-ci ildə Araz-Türk Respublikası fəaliyyət göstərib. Naxçıvana muxtariyyət statusunun verilməsi isə çoxəsrlik dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilib. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin imzalanmasından 3 il sonra - 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 66, onun hər bir nəfərə düşən həcmi 48, əhali gəlirləri 61, sənaye məhsulu 114, informasiya və rabitə xidmətləri 132, nəqliyyat sektorunda yük daşınması 26, kənd təsərrüfatının ümumi məhsulu 14, xarici ticarət dövriyyəsi isə 27 dəfə artıb. Bu dövrdə yaşıllıqların sahəsi genişlənərək ümumi ərazinin 20 faizinə çatıb, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olub. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyümüş, şəhər, qəsəbə və kəndlərin sayı artmışdır. Hazırda muxtar respublikada 217 səhiyyə, 492 mədəniyyət, 442 sənaye müəssisəsi fəaliyyət göstərir, 34 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıqla məşğul olur. Naxçıvanda inkişafı xarakterizə edən ən mühüm amillərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Muxtar respublikada 10 elektrik stansiyası vardır ki, onun da 8-i alternativ və bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərir.

Bu faktları fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü ilə bağlı keçirilən tədbirdə çıxış edən Ali Məclisin sədri qeyd edib. Ali Məclisin sədri bu tarixi gündə şəhidlərimizin xatirəsini yad edib, Naxçıvanda sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, təltif olunanları və mükafat alanları, onların timsalında bütün muxtar respublika əhalisini təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir... Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.

Tədbirdə Naxçıvan Muxtar Respublika mükafatlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Ali Məclisin sədri muxtar respublika mükafatlarını, orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası daim gücləndirilir, tikilən yeni binalar təhsilin səviyyəsinin daha da yüksəlməsinə yol açır

Bu gün Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksək-ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə seçilir. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılıb, “Universitet şəhərciyi” salınıb. Hazırda universitetin əyani və qiyabi şöbələrində bakalavr üzrə 5648, magistratura üzrə 360, doktorantura üzrə 138 və rezidentura üzrə 52 tələbə təhsil alır. Yaradılmış imkanların nəticəsidir ki, universitetə əcnəbi tələbə qəbulu ilbəil artmaqdadır. Hazırda Türkiyə, İran, Banqladeş, Nigeriya, Pakistan, Özbəkistan, Rusiya, İraq, Cənubi Koreyadan olan 1029 əcnəbi tələbə universitetdə təhsil alır. Ali təhsil ocağında 444 müəllim çalışır. Müəllimlərin 3-ü AMEA-nın müxbir üzvü, 19-u elmlər doktoru, 161-i isə fəlsəfə doktorudur.

Ötən il də universitetin həyatında yenidənqurma, quruculuq və abadlıq ili kimi qaldı. Belə ki, universitetin Xarici dillər fakültəsi yenidən qurulub, Magistratura Mərkəzinin, Memarlıq və mühəndislik, Təbiətşünaslıq və kənd təsərrüfatı, Konservatoriya, Beynəlxalq münasibətlər və hüquq, Təbiətşünaslıq və Kənd Təsərrüfatı, Pedaqoji fakültələrinin binalarında, Tələbə evində, Sosial Xidmət Mərkəzində, İdman kompleksində, Universitet xəstəxanasında təmir işləri davam etdirilib, maddi texniki təchizat daha da zənginləşdirilib. Universitetdə Beynəlxalq Münasibətlər və Hüquq, Xarici Dillər fakültələri yaradılıb, iqtisadiyyat ixtisası üzrə ingilis dilində tədrisə başlanılıb. Bununla yanaşı, universitetin müxtəlif ixtisaslarının bazasında yeni mərkəz, laboratoriya və kabinələr qurulub, “Smart” tələbə kartları layihəsinin ilk mərhələsi uğurla reallaşdırılıb. Ötən il Naxçıvan Dövlət Universitetinin həyatı üçün ən önəmli yenilik isə Texnologiyalar Parkının yaradılması olub.

Fevralın 15-də isə universitetin həyatında daha bir əlamətdar hadisə baş verib. Həmin gün Ali Məclis sədrinin iştirakı ilə Xarici dillər fakültəsinin dörd mərtəbədən ibarət yeni tədris korpusu istifadəyə verilib. Fakültədə 12 elektron lövhə, 7 proyektor, internetə qoşulmuş 112 kompüter istifadəyə verilməsi isə maddi-texniki bazanın kifayət qədər gücləndirildiyini göstərir. Çünki bu, bəzi universitetlərdə tətbiq olunan yeni texnologiyalardan çoxdur.

Ali Məclisin sədri “Universitet” televiziyasının ingilis dilində yayımlanan ilk xəbər buraxılışını izləyib, Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Muxtar respublika rəhbəri deyib: “Naxçıvan Dövlət Universitetinin qısa zaman ərzində keçdiyi yola nəzər saldıq. Bu, zaman baxımından qısa olsa da, görülmüş işlər böyük bir dövrə sığar. Vaxtilə ölkənin çətin bir dövründə muxtar respublikada ilk işlərə Naxçıvan Dövlət Universitetində başlandı. Yeni korpus tikildi, fakültələr yaradıldı, lazımi avadanlıqlarla təmin olundu. Bu gün isə onun bəhrəsini görürük. Muxtar respublikanın kadr təminatında bu universitetin xüsusi rolu vardır. Universitet bundan sonra da fəaliyyətini uğurla davam etdirməlidir. Kollektivin qarşısında duran əsas vəzifə tədrisi düzgün təşkil etməkdən, gənclərə xarici dilləri yaxşı mənimsətməkdən və onları mütəxəssis kimi hazırlamaqdan ibarətdir. Müdriklər deyirlər ki, bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər sal. Bu gün ölkəmizdə gənclər hansı səviyyədə yetişdirilirsə, gələcək də o cür olacaqdır”.

Ali Məclisin sədri universitetin rektorluq binasının layihələndirilməsi və “Universitet” televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə tapşırıqlar verib.

Həmin gün Ali Məclisin sədri universitetdə yeni yaradılmış mərkəz, kabinə və laboratoriyalara baxıb. Bildirilib ki, Ali Məclis sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində “Əczaçılıq Simulyasiya” kabinəsi və Sosial Xidmət Mərkəzində “Yaşıl Əczaxana” yaradılıb.

Ali Məclisin sədri universitet əməkdaşlarının müxtəlif elmi jurnallarda dərc olunan məqalələrindən ibarət sərgiyə baxıb, kriminalistika ilə bağlı xarici ədəbiyyat nümunələrinin tərcümə olunaraq istifadə olunması ilə bağlı tapşırıq verib, Pedaqoji fakültədə yaradılan “Atıcılıq mərkəzi”nə və “Texnologiya mərkəzi”nə də baxıb. Muxtar respublika rəhbərinə tələbələrin əl işlərindən ibarət “Ağıllı ev”, “Sürücüsüz avtomobil”, “Sensorlu təmizlik qutusu” adlı və digər layihələr təqdim olunub.

Ali Məclisin sədri muxtar respublikada yeni texnologiyaların tətbiqinin genişləndiyini bildirib, bu sahədə yerli mütəxəssislərin, xüsusilə də proqram təminatçılarının yetişməsinin vacibliyini qeyd edib, yeni yaradılan mərkəz, kabinə və laboratoriyalardan düzgün istifadə olunması barədə tapşırıqlar verib.

Naxçıvanda kənd və dağ-xizək turizmi də inkişaf etdirilir

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Qədim diyarda turizmin mövsümiliyinin aradan qaldırılması, ilboyu turizm xidmətlərinin təqdim olunması və turist cəlbediciliyinin artırılması qış turizminin inkişafına da geniş imkanlar açır. Bu cəhətdən Ağbulaq Xizək Mərkəzinin yaradılması istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malikdir.

Fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Ali Məclisin sədri açılış tədbirində iştirak edib. Bu münasibətlə kollektivi təbrik edən Ali Məclisin sədri deyib: “2 il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublika sakinlərinin istifadəsinə verilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edəcəkdir... Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərəcək. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradacaq”.

“Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün 7 ilə yaxın vaxt sərf olunub. Ötən illər ərzində bu işləri həyata keçirmək üçün insanlar zəhmət çəkib, təşəbbüs göstəriblər”, - deyən Ali Məclisin sədri bu işdə əməyi olanlara təşəkkür edib, aidiyyəti üzrə tapşırıqlar verib. Sonra Ali Məclisin sədri kanatla ərazini gəzib.

Mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılıb. Bu da muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Əgər bu günə qədər turistlər daha çox yaz və yay aylarında Naxçıvana gəlirdilərsə, artıq qış fəslini burada keçirmək onlar üçün maraqlı olacaq və Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcəkdir.

Muxtar respublikamızda müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək. Fevralın 17-də Ağbulaq kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Ali Məclisinin sədri ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb, “Fiat-Doblo” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, həkim ambulatoriyasının icbari tibbi sığortaya daxil edilməsi, peyvənd və patronaj xidmətlərinin vaxtlı-vaxtında göstərilməsi, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə tapşırıqlar verib.

Qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələr genişlənir

Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf və davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd-buraxılış məntəqələri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması gediş-gəlişi sadələşdirib. Qurulan iqtisadi münasibətlər qarşılıqlı səfərlərdə, sahibkarlıq subyektlərinin qarşılıqlı əlaqəsində də özünü göstərməkdədir.

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin sədri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İstifadəyə verilən yeni tələbə yataqxanası təhsilə qayğının daha bir nümunəsidir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədrisin səviyyəsini yüksəldib. Eyni zamanda, müasir universitet şəhərcikləri salınarkən tələbələrin təhsili ilə yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılması da zərurətə çevrilib, yeni yataqxanalar tikilib. Fevralın 23-də Naxçıvan şəhərində dördmərtəbəli yeni tələbə yataqxanası istifadəyə verilib.

Ali Məclisin sədri tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Ali Məclisin sədri deyib ki, ölkəmizdə təhsilə göstərilən qayğının nəticəsində yeni universitetlər yaranır, tələbə sayı artır. Muxtar respublikada Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Tibb Kolleci, Musiqi Kolleci, Dövlət Texniki Kollec və Orta İxtisas Polis Məktəbi olmaqla, 3 ali və 4 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrində bakalavr üzrə 8 min 213, magistratura üzrə 446, doktorantura üzrə 163, rezidentura üzrə isə 52 olmaqla, ümumilikdə, 8 min 874 tələbə, orta ixtisas təhsili müəssisələrində Orta İxtisas Polis Məktəbi istisna olmaqla, 1720 tələbə təhsil alır. Ümumilikdə, Naxçıvan şəhərində tələbə kontingenti 10 min 600-ə yaxındır ki, onlardan 1450-si ölkənin digər regionlarından gələn, 1050-yə yaxını isə xarici ölkə vətəndaşıdır. Ona görə də yataqxanaya böyük ehtiyac var.

Ali Məclisin sədri həyətdə yaradılan istirahət guşəsinə baxıb, ərazidəki ictimai yaşayış binalarının vəziyyəti ilə maraqlanıb və mart ayından etibarən təmir işlərinin davam etdirilməsi barədə tapşırıq verib. Ali Məclisin sədri yataqxananın qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib ki, İqtisadiyyat Nazirliyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə yeni 300-500 yerlik yataqxanalar qurmalı, tələbat ödənməlidir.

Xocalı soyqırımı qurbanları yad edilib

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Sənayedə istehsal edilən məhsulun 93 faizini, aqrar bölmədə isə 100 faizə yaxınını özəl bölmə təşkil edir

Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, yeni iş yerləri də açılıb, əhalinin məşğulluğu və rifahı yüksəlib. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir. Artıq muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır. Ötən il bank və digər kredit təşkilatları tərəfindən yeni istehsal sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə 16 milyon 860 min, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 20 milyon 816 min manat kredit verilib, 37 hüquqi, 2 min 404 fiziki şəxs qeydiyyata alınıb.

Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır. Sadalanan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda, sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin edib. Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə keçirilən işgüzar tədbirdə bu barədə ətraflı danışılıb.

Ali Məclisin sədri çıxış edərək deyib: “Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür”.

Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, 2020-ci il muxtar respublikada “İxrac ili” elan olunsa da, pandemiya ilə bağlı məhdudiyyətlər qarşıya qoyulan vəzifələrin tam icrasına imkan vermədi. Ona görə də 2021-ci il muxtar respublikada “İxrac ili” kimi saxlanılır.

Ali Məclisin sədri deyib: “2020-ci il ölkəmizin tarixinə Zəfər ili kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Ölkə rəhbəri həmin torpaqlarda geniş quruculuq işlərinin aparıldığını elan edib. Aid qurumlar və Sahibkarlar Konfederasiyası iş adamları ilə birgə orada fəaliyyət göstərən şirkətlərlə əlaqə yaratmalı, öz məhsullarını və xidmətlərini təklif etməli, logistik mərkəzin qurulmasına səy göstərilməlidir”.

Sonra Ali Məclisin sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 10 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib, Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxıb. Ali Məclis sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması, Naxçıvan Avtomobil Zavodunda çeşidlərin artırılması barədə tapşırıqlar verib.

Plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir

Bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir. Müəssisədə istehsal ediləcək yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı daxili bazarda tələbatın yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsinə imkan yaradacaqdır. Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə müəssisə tərəfindən istehsal olunacaq plastmas kapsul çeşidi 12-yə, qapaq çeşidi 4-ə çatıdırılacaq, qulp istehsalı isə 1 çeşiddə həyata keçiriləcəkdir. İstehsal sahəsi ilə yanaşı, burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılıb. Müasir tələblərə cavab verən tam avtomatlaşdırılmış plastmas kapsul və qapaq istehsalı müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib.

“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal xətti fəaliyyətə başlayıb. Fevralın 27-də bununla əlaqədar keçirilən tədbirdə iştirak edən Ali Məclisin sədri çıxış edərək deyib: “Bu gün istifadəyə verilən müəssisə muxtar respublika üçün çox əhəmiyyətlidir. Ona görə ki, muxtar respublika ərazisi mineral sularla zəngindir. Eyni zamanda, maye şəklində istehsal olunan bir sıra məhsullar vardır ki, bu müəssisədə istehsal olunan taralara ehtiyacı vardır. 2020-ci ildə “Sirab” Mineral Sular Zavodunda 29, “Badamlı” Mineral Sular Zavodunda isə 16 milyon litrə yaxın su qablaşdırılıb satışa verilmişdir. Onların 60 faizə yaxını bu gün istifadəyə verilən müəssisənin istehsal edəcəyi 5, 10, 19 litrlik taralarda satışa çıxarılmışdır. Ötən il muxtar respublikaya 3 milyona yaxın belə tara idxal hesabına gətirilmişdir. Lakin bu gündən etibarən muxtar respublikada bu cür taralara olan ehtiyac yerli istehsal hesabına ödəniləcək, hətta böyük ixrac imkanları da yaranacaqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəssisənin yeni istehsal xəttini işə salıb.

Uzaqgörənliklə, fədakarlıqla, vətənpərvərliklə görülən işlər Naxçıvanı daha parlaq gələcəyə aparır

Fevral ayının ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, bu ayda da görülən işlər təkcə bu günümüz üçün deyil, bundan sonrakı onilliklər üçün hesablanmış və perspektivi çox yüksək olan tədbirlərdir. Aparılan quruculuq işlərinin mərkəzində insan amilinin dayanması isə dövlətimizin sosial siyasətinin, vətəndaşına verdiyi yüksək dəyərin nəticəsidir. Ötən ay insan kapitalının formalaşması üçün reallaşdırılan layihələr yeni mərhələyə yüksəldilib, hərbi təhlükəsizliyin təmin olunması istiqamətində kompleks tədbirlər davam etdirilib, turizm potensialı daha da gücləndirilib və sosial-iqtisadi inkişafın davamlı xarakter alması üçün bütün zəruri işlər həyata keçirilib. Təbii ki, bu amillərin hər biri ayrı-ayrılıqda geniş şərh oluna və əhəmiyyəti bir daha ortaya qoyula bilər. Ancaq biz onu ümumiləşdirərək bir cümlə ilə ifadə etsək deyə bilərik ki, uzaqgörənliklə, fədakarlıqla, vətənpərvərliklə görülən bütün bu işlər tarixi ənənələri yaşadan Naxçıvanı daha parlaq gələcəyə aparacaq, onun sosial-iqtisadi inkişafının davamlı xarakter almasına yol açacaq, daha yüksək zirvələr fəth etməsinə imkan yaradacaq. Müasir Naxçıvan dünyaya Günəş kimi doğacaq.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR