22 Dekabr 2024, Bazar

Ordubad rayonunda ötən ilin yekunlarına və 2013-cü ildə görüləcək işlərə həsr olunan müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev açıb.
İcra başçısı 2012-ci ildə Ordubad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıya qoyulan vəzifələr mövzusunda məruzə edib. Qeyd olunub ki, ötən il də rayonda tikinti-abadlıq tədbirləri geniş vüsət alıb. Behrud, Parağa, Yuxarı Əylis kənd­lərində məktəb binaları, kənd və xidmət mərkəzləri tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası, Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilişi davam etdirilib. Hazırda Ordubad şəhərində yeni uşaq bağçasının, Çənnəb kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, “Gəmiqaya” muzeyinin inşası davam etdirilir, Ordubad şəhərində Qız Liseyi üçün tikilmiş yeni binada son tamamlama işləri aparılır.

Əlverişli iqlim şəraitinin, bərəkətli münbit torpaqlarının olması, bu sahəyə yüksək dövlət qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, rayonun torpaq potensialından səmərəli istifadəyə şərait yaradıb. Ötən müddətdə rayonda 2142 hektar taxıl əkini sahəsindən 5730 ton məhsul tədarük olunub. Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsində meliorasiya-irriqasiya işlərinin təkmilləşdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ordubad şəhərində 5, Yuxarı Əylis kəndində 3, Aşağı Əylis, Gənzə və Anabad kəndlərinin hər birində bir kəhrizin təmiri başa çatdırılıb, Aşağı Əylis kəndində isə kəhrizin təmiri davam etdirilir. 
Ekoloji tarazlığın qorunmasında yaşıllaşdırma tədbirləri böyük əhəmiyyətə malikdir. Hər il olduğu kimi, ötən il də yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub. 14 min 364 ədəd meyvə, 4 min 400 ədəd meşə tingləri əkilib. Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 49 milyon 199 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 6,6 faiz artıb.
Elşad Əliyev məruzəsində Yol Təmiri və İstismarı, Rabitə, Qaz İstismarı, Gənclər və İdman, Baytarlıq idarələri, Elektrik Şəbəkəsi, rayon Mərkəzi Xəstəxanası, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Sığorta Agent­liyi, Vergilər, Mədəniyyət və Turizm şöbələri, Kommunal Müəssisələri Kombinatı tərəfindən 2012-ci ildə görülən işlərdən də ətraflı bəhs edib.
Qeyd olunub ki, il ərzində rayon məktəblərinin maddi-texniki bazası daha da möhkəmləndirilib, təhsilin səviyyəsi yüksəlib, məktəbdənkənar tərbiyə müəssisələrində ideya-siyasi tərbiyə işi daim diqqət mərkəzində saxlanılıb.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Bəxtiyar Əsgər­ov, Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifov çıxış ediblər.

*   *   *

Yanvarın 15-də Şahbuz Rayon İcra Hakimiyyətində 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2012-ci ildə də rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılmışdır.
Ötən il rayonda tikinti-quruculuq tədbirlərinin əhatə dairəsi daha da genişlənmiş, rayon mərkəzi ilə bərabər, ucqar dağ kəndlərində də yeni obyektlər istifadəyə verilmişdir. Belə ki, Biçənək kəndində istifadəyə verilən zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət 252 şagird yerlik məktəb binası, Ağbulaq kəndində 3 mərtəbəli 216 şagird yerlik təhsil ocağı, kənd və xidmət mərkəzləri ötən ilin quruculuq ərməğanlarındandır. Həmçinin ötən ilin iyul ayında güclü leysan yağışları nəticəsində təbii fəlakətin törətdiyi fəsadlar qısa müddətdə aradan qaldırılmış, Ayrınc kənd sakini üçün 3 otaqlı fərdi mənzil tikilmişdir.
2012-ci ildə rayondaxili avtomobil yollarının təmiri və abadlığı da diqqət mərkəzində saxlanılmış, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisinə başlanmış, 9 körpünün və 297 su keçidinin inşa ediləcəyi yolun Naxçıvan-Şahbuz hissəsində xeyli tikinti işləri aparılmış, Naxçıvan-Batabat magistral avtomobil yolundan Külüs kəndindən keçməklə Keçili kəndinədək olan 18 kilometr yol əsaslı təmir edilmişdir. Bundan başqa, Aşağı Qışlaq kəndi ərazisindən Ağbulaq və Gömür kəndlərinədək olan yolda inşaat işləri davam etdirilir.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsulları istehsalını və ərzaq təminatı sahəsində səmərəliliyi artırmaq məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, ötən il 1324 hektar sahədən 3 min 690 ton taxıl, 239 hektar sahədən 712 ton paxlalı, 4 hektar sahədən 2,8 ton günəbaxan, 416 hektar sahədən 6 min 198 ton kartof, 277 hektar sahədən 4 min 692 ton tərəvəz, 6 hektar sahədən 69 ton bostan məhsulları yığılmış, 5 min 527 ton meyvə və 154 ton üzüm istehsal olunmuşdur.
“Kənd təsərrüfatının inkişafı üçün torpaq mülkiyyətçilərinə verilən güzəştli kreditlər bu sahəyə göstərilən dövlət qayğısının əyani təzahürüdür”, – deyən icra başçısı vurğulamışdır ki, ötən il məhsul istehsalçılarından 427 nəfərə yanacaq və motor yağına görə 102 min 216 manat yardım, 418 nəfərə isə 1037 hektar sahəyə səpilmək üçün 103,7 ton gübrə verilmiş, 2013-cü ilin məhsulu üçün 1127 hektar sahədə payızlıq taxıl əkini keçirilmişdir. 2012-ci ildə taxılçılıqla yanaşı, kartofçuluğun və tərəvəzçiliyin də inkişafına xüsusi diqqət yetirilmiş, bu məqsədlə 521 nəfərə 638 min manat güzəştli kredit verilmişdir.
Rayon əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsinin daha da yaxşılaşmasının nəticəsi olaraq, rayon üzrə 3481 abunəçiyə 14 ATS, 12 poçt vasitəsilə xidmət göstərilmiş, 2012-ci ildə 85 abunəçiyə yeni telefon xətti çəkilmişdir.
Rayonun təbii qazla təchizatı da diqqətdə saxlanılmış, köhnə Naxçıvan-Şahbuz magistral qaz xətti yeni ortatəzyiqli qaz xəttilə əvəz olunmuşdur.
Ötən il bəzi nöqsanlara da yol verilmişdir. 2013-cü ildə bu nöqsanlar aradan qaldırılacaqdır.
Sonra məruzə ətrafında rayon Vergilər Şöbəsinin rəisi Nazim Rüstəmov, Maliyyə Şöbəsinin müdir əvəzi Şahin Abbasov, Rabitə İdarəsinin rəisi Fazil Umudov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Şahbuz Rayon Şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış etmişlər.
Müşavirəyə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR