İşğal edilmiş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə geri alındığı 2020-ci il Azərbaycan hərb tarixində Qələbə ili kimi özünəməxsus yer tutaraq yaddaşlardan silinməyəcək. Erməni ordusunun məğlubedilməzlik mifinin darmadağın edilməsi, düşmənin kriminal hərbi-siyasi rejiminin dezinformasiya ilə dünya ictimaiyyətini aldatmasına son qoyulması, Azərbaycan əsgərinin addım səslərini eşidib qaçan düşmən əsgərinin öz xislətinə uyğun olaraq mülki əhalini hədəfə alması, qalib ölkə Azərbaycanda birlik, bərabərlik və həmrəyliyin sarsılmaz olması, məğlub ölkə Ermənistanda isə xaosun hökm sürməsi bu müharibədə şahidi olduqlarımızın hələlik bir qismidir.
30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, əzmkarlıq və qətiyyəti, Azərbaycan Ordusunun yenilməz şücaəti nəticəsində geri qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də xüsusi vurğuladığı kimi qazanılan qələbədə naxçıvanlılar da böyük igidlik və şücaət göstərdilər. Onların bu igidlik və qəhrəmanlıqları ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları müxtəlif təltiflərə layiq görüldülər.
Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasından olan hərbi qulluqçular da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. Həm Heydər Əliyev adına Hərbi Liseyin məzunları, həm də Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının yetirmələri ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə şücaətləri ilə fərqləndilər. Əlahiddə Ümumqoşun Ordudan Qarabağda döyüşən şəxsi heyətin peşəkar döyüş taktikası gələcəkdə hərbi dərsliklərdə yer alacaq və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində kursantlara öyrədiləcək.
Təntənəli şəkildə döyüşlərə yola salınanların hər biri qürur və sevinclə “Qarabağ Azərbaycandır!” deyərək yollandı Vətən müharibəsinə. Bu müharibədə döyüşən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının xidmət yolu Təlim-Tədris Mərkəzindən başlayıb. Ömrünü hərbi xidmətə bağlamaq istəyən gənclər kurslarda yenilməz döyüşçü kimi yetişiblər. İkinci Qarabağ savaşına nəzər salsaq, görərik ki, hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda və təlimlərdə qazanılanların nəticəsidir. Heydər Əliyev adına Hərbi Liseydə gələcəyin zabitlərinin yetişdirilməsi ilə bərabər, Naxçıvan Qarnizonu Qoşunlarında xidmətə yenicə başlamış gənclərimiz hərbi anda, Vətənə və xalqa sadiq peşəkar əsgərlər kimi hazırlanır, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir, zabit və qadın hərbi qulluqçu hazırlığı kursları, eləcə də zabit heyətinin təkmilləşdirilməsi kursu təşkil olunur. Kurslar zamanı siniflərdə nəzəri cəhətdən, Təlim-Tədris Mərkəzindəki məşq qurğularında isə virtual olaraq mənimsənilən vərdişlər, poliqonlarda keçirilən praktik məşğələlərdə və təlim-atış çalışmalarında daha da təkmilləşdirilir. Kursantların müasir silah nümunələrindən döyüş şəraitində bacarıqla istifadə etmək vərdişlərinə yiyələnmələri üçün müxtəlif növ atıcı və iriçaplı silahlardan praktik atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmaları yerinə yetirilir, döyüşdə sağ qalmaq vərdişləri təkmilləşdirilir. “Təlimdə tər, döyüşdə zəfər!” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı ilə geridə yaralı və şəhid buraxmadan böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər. Budur mərdlik, budur döyüşkənlik, budur Qələbə!
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi zəfər dolu uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə həm mülki əhalidə, həm də ordumuzun şəxsi heyətində böyük qürur hissi yaratdı. Bu uğurlu əməliyyatlarda öz şücaəti ilə düşmənə layiqli cavab verərkən şəhid olan qəhrəman Vətən oğulları Naxçıvan Beynəlxalq Hava Limanında böyük ehtiramla qarşılandı və yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında son mənzilə yola salındı.
Düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının gücünə və döyüş əzminə “Günnüt əməliyyatı”ndan bələddir. Vətən müharibəsindən alnıaçıq, üzüağ, qalib olaraq qayıdan qazilərimiz doğma Naxçıvanımızda böyük coşqu ilə qarşılandılar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicə olunan əsgərlərlə görüşüb, səhhətləri ilə maraqlanması Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaradıb.
Vətən müharibəsi zamanı da Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış xalq-ordu birliyini özündə əks etdirən tədbirlər həyata keçirildi. Belə ki, Naxçıvan əhalisinin, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə baş çəkərək əsgərlərə sovqat aparmaları qeyd olunanlara əyani misaldır.
Hər zaman havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri qızğın döyüşlərin getdiyi vaxtda döyüş növbətçiliyini daha ayıq-sayıq təşkil etdilər. Müharibə zamanı düşmənin Naxçıvan Muxtar Respublikası ilə dövlət sərhədində də təxribat cəhdləri müşahidə edildi. Belə ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 15-də atdığı əməliyyat-taktiki raketi Ordubad rayonu ərazisində partlasa da, xoşbəxtlikdən dinc sakinlərə və mülki obyektlərə zərər dəymədi. Oktyabrın 22-də Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edildi. Bir daha şahidi olduq ki, hazırlıqlı bölmələrimiz düşmənin istənilən təxribatının qarşısını almağa və hətta qətiyyətli adekvat tədbirlər görməyə qadirdirlər.
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.
Ordumuzun qazandığı 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərləri, işğal altında olan ərazilərimizin azad olunması uğrunda aparılan Vətən müharibəsində qazandığımız Qələbə hər birimizi qürurlandırır. Onu da qeyd etməliyik ki, Silahlı Qüvvələrimizin qədim yurd yerimizdəki hissələrində öz xidməti və qulluq borclarını yerinə yetirən əsgər və zabitlərimizin istənilən anda verilən tapşırıqların öhdəsindən uğurla gələ bilməsinin əsasında bu gün Naxçıvanda hərbi xidmət üçün yaradılan şəraitin yüksək səviyyədə olması dayanır.
Biz fəxr edirik ki, işğal altındakı torpaqlarımızı düşməndən azad edən peşəkar Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı.
Nəriman NƏCƏFOV