Dekabrın 31-i dünya şöhrətli kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin doğum günüdür.
Azərbaycanın ilk kimyaçı akademiki, maarifçi, təşkilatçı, götkəmli dövlət xadimi Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabr ayının 31-də gözəl guşələrimizdən biri olan Ordubad şəhərində anadan olub. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Y.Məmmədəliyev kimya elminə olan dərin marağını və sevgisini nəzərə alıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Dünya kimya elminin görkəmli alımlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib. Bu tədqiqatların yekunlarına görə 1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası Y.Məmmədəliyevə kimya elmləri namizədi alimlik dərəcəsi verir. Bu fövqəladə bir hadisə olub, alimin elmi fəaliyyətinə verilən yüksək qiymət idi.
1932-ci ildə vətənə qayıdan alim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəfli yol keçib. Y.Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb. Alimin məqalələri, bir qayda olaraq, nəzəri əhəmiyyəti ilə yanaşı, dövrün praktik tələbatına uyğun nəzəriyyə ilə təcrübə arasında canlı körpü idi. Y.Məmmədəliyev elmi axtarışlarının hər bir mərhələsində zəmanəsini qabaqlaya bilib və hələ gənc yaşlarından unikal tədqiqatları ilə seçilib. Müasir dövrümüzdə tədqiqatlarına başlanan bir çox məsələlər haqqında hələ o dövrdə alim uzaqgörənliyi ilə əvvəlcədən elmi mülahizələr və hipotezlər verib və bu istiqamətlərin gələcək inkişaf perspektivlərini zəmanəsində müəyyənləşdirə bilib. Müasir qloballaşma dövründə hələ indi perspektivləri açılan bir çox tədqiqatın, o cümlədən hidrogenin yanacaq kimi istifadə olunma imkanlarını ilk dəfə hələ o zaman göstərib. Elinə, obasına, ana təbiətə vurğunluqla yaşayıb yaradan Y.Məmmədəliyev elmin sirlərini yüksək sədaqət hissi, gərgin və yorulmaz əməyi ilə açaraq bir sıra dünya əhəmiyyətli kəşflər edib və yaşadığı şərəfli ömrü zəngin xəzinəyə çevirə bilib.
Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının (EA) iki dəfə (1947-1950-ci illər, 1958-ci ildən ömrünün sonuna kimi (1961) prezidenti seçilib. 1948-ci ildə Y.Məmmədəliyevin təşəbbüsü ilə respublikamızda siyası və elmi bilikləri yayan, sonradan “Bilik” adlandırılan cəmiyyət təşkil edilib. Alim 1951-1954-cü illərdə Azərbaycan EA-nın Fizika-kimya elmləri və neft bölməsinin akademik-katibi olub. Y.Məmmədəliyev 1952-ci ildən respublika Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin üzvü idi. Y.Məmmədəliyev 1954-1958-ci illərdə ADU-nun rektoru olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.
Yüksək vətənpərvərlik hisslərinə malik olan görkəmli şəxsiyyət Yusuf Məmmədəliyevin əsas elmi yaradıcılığı və fəaliyyəti ağır müharibə dövrünə, müharibədən sonrakı quruculuq illərinə təsadüf etmişdir. Yusuf Məmmədəliyevin qələbə naminə etdikləri fədakarlıqlar insanlığa yüksək hörmətin və ehtiramın bariz nümunəsidir.
Azərbaycanın neft kimyası məktəbinin yaradıcısı olan Yusuf Məmmədəliyevin elmdə qəhrəmanlığı və fədakar əməyi sayəsində baş tutmuşdu. Bu işlərin elmi səciyyəsi ölkə daxilində və xaricdə böyük şöhrət qazanmışdı. Məhz buna görə, Moskvanın Qırmızı meydanında dünyanın ilk kosmonavtının - Yuri Qaqarinin şərəfinə təntənəli parad keçirilərkən, Kremlin rəhbərlərinin dəvətinə əsasən tribunada SSRİ hökumət üzvlərinin arasında Yusuf Məmmədəliyev (xüsusi buraxılış vəsiqəsi №3367) dayanmışdı. O, həm də xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransının iştirakçısı olmuş, ona verilən sualları yüksək səviyyədə cavablandırmışdır. İllər, yüz illər keçəcək, ancaq Yusuf Məmmədəliyevin mədəniyyətimizi qorumaq, öyrənmək, təbliğ etmək yolunda yorulmaz səyləri xalqımızın yaddaşında unudulmaz tarixə çevriləcək, onun adı mədəniyyətimizin qeyrətli hamisi kimi daim hörmətlə anılacaq.
İlk gündən sevib seçdiyi elmi istiqaməti haqqında “Kimya mənə möcüzələrlə dolu yuxulu bir diyar kimi görünür. Hər bir tədqiqatçı bu diyarda təbiətin yaratdığı möcüzələrin və həyat yaranışının sirlərini tapmağa çalışır. Bu axtarışlar və tapıntılar insana heç nə ilə müqayisə oluna bilməyən sevinc bəxş edir. Umüdvaram ki, təbiətin sirlərini açmaq sevinci sizə də nəsib olacaqdır” söylədiyi bu fikirlər böyük alimin amal və məqsədlərini çox gözəl səciyyələndirir.
Akademik Yusuf Məmmədəliyev dünyada ilk dəfə olaraq, Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlamış, onların kimyəvi tərkibinin müəyyən olunmasında uğurlu nailiyyətlər qazanmışdır. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut etmişdir. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verərək bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparmışdır.
Y.Məmmədəliyevin Ordubadda ulu öndərimiz H. Əliyevin təşəbbüsü ilə ev-muzeyi yaradılmışdır. Bakıda Azərbaycan Elmlər Akademiyasının binasının yanında heykəli qoyulmuşdur. Azərbaycan Elmlər Akademiyasının Neft-kimya Prosesləri Elmi tədqiqat İnstitutu, Naxçıvanda Pedaqoji İnstitut, Ordubadda ipəkəyirici fabrik akademik Y. Məmmədəliyevin adını daşıyır. Bakıda, Naxçıvanda, Gəncədə, Ordubadda və bir çox şəhərlərdə onun adına küçələr vardır.
Bunlara əlavə olaraq demək lazımdır ki, YUNESKO 2005-ci ili akademik Y. Məmmədəliyev ili elan etmişdir.
Xalq şairi Bəxtiyar Vahabzadə akademik Y.Məmmədəliyevə ithaf etdiyi "Ömür" şerindən
Ey alim, sönməsin eşqin, həvəsin,
İnsanı yaşadan yalnız hünərdir.
Xalqın hörmətini qazanan kəsin,
Ömür də xalqın ömrü qədərdir.
Deyirlər çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Sonda Ümummilli lider Heydər Əliyev dahi alim haqqında sözləri ilə bitirmək istəyirəm. “Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.
Aliyə Rzayeva
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu
böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent