2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan da uğurla çıxıb. Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib. Təltif olunanlar arasında Naxçıvan Dövlət Universiteti Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov da olub.
Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlandırılmasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyi dövründə qoyulub. Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olub. Hələ 1991-ci ildə Naxçıvanda ümummilli liderin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilib.
Məlumat üçün onu da bildirək ki, bu tədbirlərdə əsas məqsəd diaspor qarşısında duran vəzifələri müəyyən etmək, Azərbaycan lobbiçiliyini keyfiyyətcə yeni mərhələyə keçirmək, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diasporun mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək vermək, ölkəmiz haqqında əsl həqiqətlərin olduğu kimi çatdırılmasına maddi və mənəvi dəstək vermək olub.
Səadət Əliyeva
NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri