Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidməti borcunu yerinə yetirən hərbi qulluqçularla görüşüb, onlara sovqat təqdim ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər tərəfindən 4100 cüt yun corab, 920 ədəd yun şərf və 2900 yun boyunluğun toxunaraq hərbi hissələrə təhvil verilməsi də bu birliyin növbəti bariz nümunəsidir.
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
* * *
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Avtoservis MMC-nin kollektivləri Naxçıvan şəhərindəki tibbi tabora sovqat aparıblar.
* * *
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının və Kəngərli rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Kəngərli rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərləri ilə görüş keçirilmiş, onlara ərzaq məhsulları və gündəlik təlabat malları təqdim edilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi də həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub, gətirilən sovqat sərhədçilərə təqdim olunub.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin kollektivi Ordubad rayonunda yerləşən sərhəd zastavasında əsgərlərlə görüşüb, müxtəlif növ ərzaq məhsulları sərhədçilərə təhvil verilib.
* * *
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi "N" saylı sərhəd zastavasında olmuş, zabit və əsgərlərlə görüşərək bayram sovqatı təqdim etmişlər.
Xəbərlər şöbəsi