23 Dekabr 2024, Bazar ertəsi

Hekayə

Sərt keçən qışın ən yaxşı məlhəmi xudmani bir kənd evidir. Bir də kənd evində yanan gurhagur soba. Evin sakinlərindən nənəm, babam, atam və mən sobanın ətrafına yığışıb qışın şirin söhbətlərindən edərik. Axı qışda ən səmimi söhbətlər, keçmiş xatirələr mütləq sobanın dibində yada salınır. Bu mərhələdə həm isinirsən, həm də istinin verdiyi enerji ilə duyğulara yelkən açırsan. Bu duyğularla başlayır, keçmiş yolçuluğa səyahət. Söz açılan səyahət biz uşaqların ən çox sevdiyi mənzərədir. Bəzi babalar kimi mənim babam da keçmiş zamanlardan danışmağı çox xoşlayardı. Elə himə bənd idin ki, “o vaxt” – deyib çəkiləsən qırağa. Evin ağsaqqalı da həmin mövzunu eninə-uzununa çox həvəslə, ürəklə, bəzən də gözü dola-dola danışardı. Mən də hər dəfə babama qulaq asanda gözlərim önündə rəngarəng səhnələr canlandırar, elə bil balaca hekayələr dinləyərdim. Həmin hekayələrdən ən maraqlısını sizinlə də bölüşürəm....

 – Adətimiz üzrə yenə yığışmışdıq, düzülmüşdük sobanın ətrafına. Pürrəngi çayın yolunu gözləyirdik. Babam bardaş qurub danışmaq üçün fürsət axtarırdı. Bu gecənin mövzusunu da çaydan bir qurtum ala-ala elə mən özüm verdim. Həyəcanlı gözləriylə, tədirgin baxışlarıyla ağsaqqal istəyirdi ki, başlasın, qabaqladım onu. Uzun zamandır soruşmaq istədiyim mövzu idi. İnternetdən baxdıqlarımdan əlavə babamın söyləyəcəyi fikirlər çox əhəmiyyətli idi mənim üçün. Görmüşdü axı o illəri... Baba, həmrəylik nə deməkdir? Həmrəylik ilk əvvəl haradan başlayır? Bir ağsaqqal kimi bu mövzuda heç danışmamısan. Maraqlı sözlərindən dinləyək.

          - Hə qızım çox əhəmiyyətli, həm də olduqca zəruri bir sualdır. Yaxşı ağlına gəlib. Maraqlıdır ki, mən niyə bu barədə heç vaxt danışmamışam. Axı, əsl danışılmalı mövzudur. Birinci onu deyim bil və  qulağına sırğa elə. Həmrəylik birlik deməkdir. Birlikdə gücdür. Elə ailədən başlayır həmrəylik. Ailə üzvləri həmfikir oldusa, bir oldusa o ailənin təməli qüvvətli olur. Sütunu möhkəm olur. Yıxılmaz həmin ailə, qopmaz yarpaqları. Birləşən bir çox dəyərlərlə daha dayanıqlı olar. Atanın məsləhətinə, çağrışına ilk əvvəl yoldaşı, sonra da uşaqları əməl etdisə, bax, bu həmrəylik nümunəsi sayılır. Ya da ata ilə ananın ortaq məsləhətləşməsi və uşaqların onları dəstəkləməsi. Hər iki hal da ailə bünövrəsinin sədaqətini, ailə üzvlərinin qarşılıqlı hörmətini göstərir. Görürsən həmrəylik necə böyük, məzmunlu, çoxşaxəli bir ifadədir.... Başqa nə bilmək istiyirsən, sən soruş, mən deyim ay qızım...

            – Baba bəs necə oldu ki, dünyanın heç yerində həmrəylik bayramı yoxdur amma Azərbaycanda bu bayram qeyd edilir? Necə oldu ki, belə bir zərurət yarandı?

          – Əziz balam, mən sovetlər dönəmini görmüşəm. O vaxt həmrəylik adı çəkməyə, qoymazdılar bizi. Bilsəydik birləşsəydik, yekdil olsaydıq, onlar bizi parçalıya bilməzdi axı. Planları pozulardı. Bizim güclənməyimiz onların necə deyərlər isti aşlarına su qatardı. Bilirdilər ki, biz mentalitetə dəyər verən, dürüst, yardımsevər, mərhəmətli, vicdanlı millətik. Elə  bu səbəbdən o zamanlar  milli şüur, milli idrak prinsipləri əlimizdən alınmışdı. Səsini çıxardanın da alnının düz ortasından vurub həbsə atırdılar. 1989-cu ili əhatə edən “Sərhəd hərəkatı” nı yəqin eşitməmiş olmazsan. Sərhəd boyu dirəklər söküldü–bax onu deyirəm. Çünki insanlar həmrəylik istəyirdilər. Bütünləşmək, birləşmək istəyirdilər. Sovet hakimiyyəti bizim milli dəyərlərimizi, mentaliletimizi də təhlükə altında saxlamışdı. Yaxşı yadımdadır, həmin vaxt xalqımıza qarşı repressiyalar daha da gücləndi, onlardan bir neçəsi həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu. Amma bu da uzun çəkmədi. Bircə il çəkdi. Həmrəylik bayramının təsis edilməsi haqqında addımlar atıldı. Ümummilli liderimiz  Heydər Əliyev o vaxt 1991-ci ilin 16 dekabrında  dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 6 bənddən ibarət qərar qəbul edildi. Özü də bu bayramın da bünövrəsi Naxçıvandanda qoyuldu. Hələ o vaxtdan mərd, birliksevər naxçıvanlıların təssübkeşliyi, yekdilliyi, birlik şüarımızın əsası olan həmrəylik bayramı ilə müəyyənləşdirildi. Üstündən 29 il keçib və hər dəfə ulu öndərin siyasi fəaliyyətini, verdiyi qərarları yada salanda bəhrələrini, indiki inkişafımızın real nəticələrinin əsas hissəsi kimi dəyərləndiririk.

          Hə qızım, o zamandan 70-ə yaxın ölkədə yaşayan həmyerlilərimizin həmrəy olduğunun, azərbaycanlı olduğunun ilk nidalarını duyduğu gün hesab olundu. Boğulan həmrəyliyimiz də azadlığına qovuşdu. Həmrəylik bizim milli dəyərimizdir. Bu dəyərlə, birləşdik. bütünləşdik. gücləndik. Topladığımız gücümüzü milli dəyər hesab etdiyimiz həmrəyliyimizi bütün dünyaya göstərdik. Bu il Vətən müharibəsində illərdir yığılan qüvvəmizlə, ordu quruculuğumuzla, iqtisadi gücümüzlə, xalqla ölkə başçısının qarşılıqlı sevgisi ilə, yekdil həmrəy duruşumuzla Qarabağ torpaqlarını düşməndən azad etdik. Xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Hə qızım, çox şükür ki, bu günü də gördük. Həm siz, həm də biz tarixin unudulmaz qələbəsinə şahidlik etdik. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəlik gücü ilə bərpa etdi.  Düşünürəm ki, bu il Həmrəylik bayramının haqqını verə bildik öz qələbəmizlə, yekdil birliyimzlə... Həmrəyliyimiz mübarək!

Türkan HÜSEYNLİ

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR