23 Dekabr 2024, Bazar ertəsi

Hər bir xalq özünün gələcəyə ümidlərini gənc nəsillərə bağlayır. Gənc nəslin mütəşəkkil formada yetişdirilməsi ölkə üçün ən başlıca məsələlərdən biridir. Çünki gənclik ölkədəki sosial-iqtisadi, ictimai-siyasi və hüquqi bazanın formalaşmasında mühüm rol oynayır.

Bu gün ölkəmizdə öz uğurları ilə həmişə diqqət mərkəzində olan dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edən gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlərə uyğun, vətənpərvər ruhda böyüməsində əsaslı məqsəd güdürdü. Ümummilli lider Heydər Əliyev hər zaman deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən ali və artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. 1996-cı il 2 fevral tarixdə Azərbaycanda ilk dəfə olaraq gənclər forumu keçirildi. Bu təşəbbüs uğurlu yolda atılan ilk məqsədyönlü addımlardan biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi xəttinin layiqli davamçısı olaraq gəncləri hər zaman diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkə başçısının gənclərin potensialından ölkədə tam və düzgün istifadə olunması, onları faydalı məşğuliyyətlərə cəlb etmək üçün 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında Sərəncam gənclərə olan dövlət qayğısını bir daha sübut etdi. 

Asudə vaxtlarımda ailə böyükləri ilə söhbət etməyi çox sevirəm. Ötən əsrin ikinci yarısında şahid olduqları hadisələri dinləmək məndə bu günümüz üçün qürur, bir o qədər də kabus dolu nağıl təəssüratı bağışlayır. Dinləyərkən aydın olur ki, ötən əsrin çalxantılı, bir o qədər də çətin günləri gənc nəslin formalaşmasında maneə idi. O vaxt həddi-büluğa çatmayan uşaqların gəncliyini şirin yuxularına haram qataraq gözlədikləri neft və çörək növbələrində puç edən həmin insanların üzlərindəki dərin kədəri hiss etmək çox da çətin olmur. Yaşadıqlarını dilə gətirərkən “Kaş bizim də zamanımızda belə gözəl şərait olardı” deməyi də unutmurlar.

Bəşər sivilizasiyasının mədəniyyət ocaqlarından olan qədim diyarımız Naxçıvanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycanın ayrılmaz hissəsi olan bu qədim diyarda gənclərin hərtərəfli inkişafı, rifahı və vətənpərvər ruhda böyüməsi üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət sayəsində bütün orta ixtisas təhsili müəssisələrinin binaları yenidən qurulub. Orta məktəblərdə işıqlı sinif otaqları, elektron lövhəli kabinələr, pulsuz dərs vəsaitləri, kitabxanalar şagirdlərin ixtiyarına verilib.
Ali və orta ixtisas təhsili müəssisələrində təhsil Avropa standartlarına uyğun qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamları kadr siyasəti baxımından öz bəhrələrini verməkdədir. Gənclərin bir sıra xarici ölkələrdə təhsil alması üçün xaricdəki universitetlərlə hərtərəfli əməkdaşlıq edilir, bir çox əcnəbi tələbələr də Naxçıvanda təhsil alırlar. Ötən əsrin 90-cı illərinin sonlarında əsası qoyulan Heydər Əliyev adına Hərbi Liseydə yaradılan əsaslı şərait gənclərin hərbi ruhda formalaşmasında mühüm rol oynayır.
Gənclərin mütaliə qabiliyyətlərini inkişaf etdirmək üçün Ali Məclisin Sərdi tərəfindən 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalanıb. Bütün ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən kitabxanalarda hərtərəfli şərait yaradılıb. Yurdumuzda hər sahədə olduğu kimi, idman sahəsi də hər zaman diqqət mərkəzindədir. Belə ki, bu il 5 mart tarixdə İdman Festivalının keçirilməsi, beynəlxalq səviyyədə ard-arda qələbə qazanan gənc idmançılarımızın mükafatlandırılması bu sahəyə olan diqqətin bariz nümunəsidir.

Qarşıya qoyulan bir digər vacib məsələ isə gənclərin sosiallaşdırılması, internet resurslarından mütəmadi və düzgün şəkildə istifadə edilməsi problemləri də artıq aradan qalxıb. İnformasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron kitabxanalar, distant təhsil üçün müəyyən elektron vasitələr tam müstəqil bir şəkildə gənclərin istifadəsinə verilib.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci il aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Gənclər şəhərciyi” yaşayış kompleksində müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır. Yeni yaşayış kompleksi həm təhsil müəssisələrinə, həm də ticarət mərkəzinə yaxın ərazidə yerləşir. Vaxtilə yaşayış kompleksinin yerləşdiyi sahə Naxçıvan şəhərinin ən yararsız ərazilərindən biri idi. Lakin insan əməyi, insan zəhməti və göstərilən qayğı bu ərazini Naxçıvan şəhərinin ən abad yaşayış məntəqəsinə çevirdi”. 98 ailə ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlar hesabına “Gənclər şəhərciyi”ndə mənzil sahibi olub. Ümumi sahəsi 22 min 860 kvadratmetr olan şəhərcikdə, ümumilikdə, 456 mənzildən ibarət 6 bina inşa edilib, şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulub.
Dövlətimiz tərəfindən gənclərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə ötən il iyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər yaşayış kompleksi”nin təməlatması olub. Naxçıvan şəhərindəki üçüncü “Gənclər şəhərciyi” yaşayış kompleksinin inşası artıq yekunlaşmaq üzrədir. Ümumilikdə, 6 yaşayış binasında 138 mənzildən ibarət olacaq yeni kompleksdə gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələri yaradılacaq, mənzillərin ipoteka yolu ilə satışı təşkil ediləcək. Bu da, heç şübhəsiz ki, həm gənclərin mənzil problemlərinin həllinə, həm də onların səmərəli fəaliyyətlərinə, ailələrin uzunömürlü olmasına öz töhfəsini verəcək.
Muxtar respublikamızda məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir gənclər yeni inkişaf mərhələsinə qədəm qoyublar. Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin böyük amallara hesablanması bu sahədə qazanılmış uğurları təsdiqləyir. Son 30 ilin qısa təhlilinə əsasən deyə bilərik ki, Naxçıvanda gənc nəslin formalaşması artıq hərtərəfli inkişaf prinsiplərinə uyğun şəkildə davam edir. Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Gündən-günə gözəlləşən doğma yurdumda görülən işlər, atılan bir sıra uğurlu addımlar insanı qürurlandırır. Bu uğurların nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Gənclər Paytaxtı kimi adını tarixə yazdırdı. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi bütün gənclər üçün əlamətdar hadisə idi. Çünki yurdumuzu hər yerdə tanıtmaq və layiqincə təmsil etmək bizlər üçün böyük şərəfdir. Qoca Şərqin qədim diyarının cavan sakinləri olaraq bizim üçün göstərilən diqqət və qayğıya sadiq olmalı, Ali Məclis Sədrinin bizə olan etimadını doğrultmalı, əlimizdə olan bu gözəlliklərdən səmərəli istifadə etməliyik.

Məcid ƏKBƏROV
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR