23 Dekabr 2024, Bazar ertəsi

Zaman gəlib 2020-ci ildə dayandı və sentyabr ayının 27-ni Azərbaycan tarixinin şanlı səhifələrinə yazdı. Həmin gün ölkəmizdə müharibə başladı. Ermənilərin 30 il əvvəl, 1990-1993-cü illərdə işğal etdikləri, soydaşlarımızın əllərindən zorla aldıqları, insanları min bir zülmlə evlərindən didərgin salıb, talelərinə köçkünlük yazdıqları, torpaq həsrətlisinə çevirdikləri Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının azad olunması günü çatmışdı.

Artıq Azərbaycan 30 il əvvəlki Azərbaycan deyildi: silahsız, sursatsız, sovet imperiyası tərəfindən sərvətləri mənimsənilən, əvəzində isə qanlar, qırğınlar bəxş olunan Azərbaycan deyildi. Azərbaycanlılar da 30 il əvvəlki azərbaycanlılar deyildi. İndi artıq onların müstəqil, zəngin ölkələri, qüdrətli milli orduları, bu ölkənin cənab İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var idi. O Prezident ki hakimiyyətdə olduğu 17 il ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda dünya səviyyəli diplomatik işlər həyata keçirib, beynəlxalq təşkilatlara üz tutub, Azərbaycanın haqq səsini dünyanın dörd bir tərəfinə yayıb. Xalqına həmişə ümid verib ki, o torpaqlar əzəli Azərbaycan torpaqlarıdır və onlar bir gün düşməndən geri alınacaqdır, istər sülh yolu ilə, istərsə də müharibə ilə.
Düşmən unutmuşdu ki, Prezident cənab İlham Əliyev, bəlkə də, 20 ildən də çox əvvəl “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olursa-olsun yerinə yetirəcəyik”, – deyən ümummilli liderimiz Heydər Əliyevin oğlu, siyasi varisidir. O oğul ki hakimiyyətdə olduğu 17 il ərzində xalqına bayramlar münasibətilə müraciətlərində, beynəlxalq kürsülərdə dəfələrlə bu sitatdakı fikirləri söyləmişdi.
Azərbaycan müharibə istəməyən, dinc, sakit yaşamağı üstün tutan xalqdır. Tarixi keçmişimizə nəzər salınsa, bu xalqın hər zaman qonşuları ilə sülh şəraitində yaşadığı, heç kimin torpağında, malında-mülkündə gözü olmadığı aydın görünər. Lakin, eyni zamanda Azərbaycan özünün olanının qoruqçusu, onu tarixin o üzündən bu üzünə, bu üzündən isə gələcəyə daşıyıcısı, haqqı olanın bir qarışına toxunanın cəzasını verən bir xalqdır. Elə bütün bunlara görə də 27 sentyabrda ölkəmizdə müharibə başladı. İşğal etdikləri torpaqlarımızı tar-mar edən, yandıran, tarixi abidələrimizi məhv edən, meşələrimizi kəsib-talayan, torpaqlarımızın sərvətləri ilə özlərinə bütün dünyada biznes quran ermənilərin cavabının verilməsi günü gəlib çıxmışdı. Prezidentimizin sərsəm Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” düzəlişini edəndən sonra təxribata başlayıb, yaşayış məntəqələrimizdə mülki əhalini narahat edən erməniləri yerlərində oturtmağın vaxtı çatmışdı.
2020-ci ili dünya heç də uğurlu il saymasa da, biz azərbaycanlılar üçün itkilərimiz çox olsa da, uğurlu il oldu. Çünki 2020-ci il tariximizə şanlı səhifələr yazdı. 2020 torpaqlarımızın işğaldan azad olunması ili oldu. Düz 30 ilin tamamında yurddaşlarımızın kədərini sevincin silməsi anı oldu 2020. Bir-birinin ardınca azad olunan torpaqlarımız Qarabağın tarixi dastanını yazdı. Suqovuşanda, Füzulidə, Cəbrayılda, Xudafərində, Qubadlıda, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında ucaldılan bayraqlar bu gün Vətənimizin igid oğullarının qanı, canı bahasına dalğalanır. Müharibə başlayandan yüzlərlə qəhrəman övladlarımızın şəhidlik zirvəsinə ucalması hesabına dalğalanır bu bayraqlar... Gəncədə, Bərdədə, Tərtərdə və digər sərhəd rayonlarında yaşayan və namərd erməni mərmilərinə tuş gəlib günahsızcasına qətlə yetirilmiş onlarla vətəndaşımızın yarımçıq qalmış həyatları hesabına dalğalanır o bayraqlar. Yüzlərlə evlərin dağılmasına məhəl belə qoymayan insanların vətənpərvərlik hissi ilə dalğalanır o bayraqlar.
2020-ci il Azərbaycan bayrağının ən xoşbəxt ilidir, deyilmi? Müstəqilliyimizin ilk illərindən Qarabağa “ayağı dəyməyən” bayraqlar məhz bu il o ellərə gedib çıxdı. Üç rəngdə olan bir-birindən fərqli gözəlliyini yurdlarımıza apardı, üzərindəki hilalını göylərdəki ulduzlarla tanış etdi bayrağımız... Nə xoşbəxtdir bu il Azərbaycan bayrağı. 2020-ci ildə bütün azərbaycanlılar “Kəfənim bayrağım olsun”, – dedilər. Yüzlərlə şəhidimizin büküldüyü bayraq, nə xoşbəxtdir...
II Qarabağ müharibəsinə ölkəmizin hər yerindən oğullar yollandı. Naxçıvanlı vətənpərvər hərbçi gənclər də Vətən torpaqlarını işğaldan azad edənlərdəndir. Naxçıvan da Qarabağ uğrunda onlarla övladını şəhid verdi. Sentyabrın 27-dən noyabrın 19-dək Naxçıvan tamamilə blokada şəraitində qaldı. 54 gün bu torpağın məxsus olduğu ölkə, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə isə tək ümidimiz olan təyyarə yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. 9 dəfə 44 gündə, 10 dəfə müharibədən sonra, bu günədək 19 Bakı-Naxçıvan reysi şəhid övladlarımızı gətirdi Naxçıvana. Bu təyyarələr əsrlərə qəhrəmanlıq tarixini yazan şəhərim Naxçıvana, igidlər oylağı Şəruruma, vətənpərvərlik mücəssəməsi Ordubadıma, Babək qeyrətli Babəkimə, qəhrəmanlar yurdu Kəngərlimə, Əlincə qeyrətli Culfama, yenilməzlik abidəsi Sədərəyimə, hünəri uca dağlarının şiş zirvələrindən alan Şahbuzuma gətirirdi şəhidlərimizi. Vətən müharibəsinə mərd oğul kimi gedib, qəhrəman kimi qayıdan igidlərimizi. Bu qədim diyarın özünün də, insanlarının da qürur duyduğu, fəxr etdiyi övladlarımızı...
Hər təyyarə enişi neçə-neçə ömürlər yarımçıq qalır, arzular, istəklər yurd torpaqlarına gömülür. Lakin bunun özü elə bir xoşbəxtlik deyilmi? Vətən yolunda kim canını, varını əsirgəyər ki?.. Bu oğullar tarixdirlər... Bu oğullar namusdurlar... Ana-bacılarımızın ismətidirlər... Atasız uşaqların harayıdırlar. Minlərlə soydaşımızın heyfini alanlardırlar. Ən əsası isə gələcəyə aparacağımız, nəsillərə təhvil verəcəyimiz torpaqlarımızın alın açıqlığı, qürur yeridirlər.
Naxçıvan qarşılayır, hələ də qarşılayır şəhid balalarını, basır bağrına, qucaqlayır, lay-lay deyir onlara... Biz bir toylarda görmüşük o qədər maşınları, o qədər siqnalları, bir də övladlarımızı son mənzilə yola salanda gördük. O qədər gülü-çiçəyi toylarımızda görmüşdük, bir də şəhidlər keçən yollarda gördük, onların məzarları üstündə gördük. O qədər insanı da toylarımızda görmüşdük, bir də şəhid cənazələrinin arxasında gördük. Biz bəy xonçalarını yenə də toylarda görmüşdük, məzar üstündə də gördük. Biz anaları oğul toyunda qol qaldırıb oynayanda görmüşdük, “Ay camaat, gəlin, oğlumun toyudur”, – deyib cənazə qarşısında oynayanda da gördük. Bəlkə, yeni bir “toyumuz-düyünümüzdü” bunlar. Qoy olsun, lakin bir qarış torpağımız da ermənidə qalmamalı idi. Torpaq namusdur, qoy namusumuz tapdalanmasın. Torpaq ululuqdur, qoy ululuqdan enməyək. Torpaq əvvəlimiz və axırımızdır, qoy axırımız əvvəlimizdən utanmasın. Torpaq mənəm, sənsən, bizik, hamımızıq, qoy ölək, son nəfərimizədək, lakin biz varıqsa, Vətən torpaqları da tam olsun...
Hər dəfə təyyarələr şəhidlərimizi gətirdikcə, onlar haqqında yazarkən xəyalən 30 il öncəyə – Naxçıvanın blokadaya düşdüyü ilk illərə gedirəm. Düşünürəm ki, ötən 30 ildə Naxçıvanda gənclər siyasəti nə qədər yüksək səviyyədə həyata keçirilib. Blokadanın ilk illərində təhsildən kənarlaşıb “cin bazarlarına” meyil edən uşaqların həyat tərzi dəyişməsəydi, bir-birinə söykənən çayxanalarda gənclərin məhv olmasının qarşısı alınmasaydı, bugünkü gənclərimizdən belə qürurla danışa bilərdikmi? Blokadanın acılarına qurban getməkdə olan uşaq və gənclər qısa zamanda ən ucqar kəndlərimizdən şəhərlərimizədək tikilib istifadəyə verilən məktəblərə, gənclərimiz hərbi, ali təhsil ocaqlarına cəlb olundu, yüksək vəzifələrə irəli çəkildi, onlar üçün hərtərəfli şərait yaradıldı muxtar respublikamızda. Qayğı ilə əhatə olunan bu gənclərin gözləri önündə gündən-günə inkişaf edən, blokadaya meydan oxuyan Naxçıvan onların tərbiyəsində vətənpərvərliyin əsasını qoydu. Bu hisslərlə də onların hər birinin qəlbində yaranan yurd məhəbbəti zamanla Vətən sevgisinə çevrilərək Qarabağadək – torpaqlarımızın işğaldan azad edilməsinədək gedib çıxdı. Onlar bu torpağın qürur mənbəyi oldular. Elə 19 Bakı-Naxçıvan reysi ilə gələn şəhid övladlarımzı hər dəfə Ali Məclis Sədrinin şəxsən, böyük hüznlə qarşılaması, valideynləri ilə görüşləri, dəfnlərdə ictimaiyyət nümayəndələrinin iştirakı illər öncəki qayğı fonunda bir ata-övlad məhəbbətini xarakterizə edir. Bu məhəbbəti, həmçinin muxtar respublika rəhbərinin yaralı qazilərlə ayrı-ayrılıqda görüşləri, bu görüşlərdə onların müalicəsi üçün verdiyi tapşırıqlar da izhar edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanı isə ötən illərdə şəhid, qazi ailələri üçün yaradılan şərait, onların hər cür qayğı ilə əhatə olunmasının davamı olaraq Naxçıvanda insan amilinə verilən dəyərin davamı, II Qarabağ müharibəsinin şəhid və qazilərinə də qayğının təzahürüdür. Bu qayğı isə gələcəyimizi etibar edəcəyimiz gənclərin torpaq, Vətən qədirbilənliyi üçün yetərlidir.

 Şəhərim silir göz yaşlarını...

(Mənsur şeir)

Noyabrın 2-də şəhid gətirən təyyarə bu şəhərə enərkən göz yaşları ilə yazdığım 

bu mənsur şeiri bütün naxçıvanlı şəhidlərin xatirəsinə ithaf edirəm.

Səhər almışdım xəbəri, bu gün şəhid gələcəkdi şəhərimə. Soluxmuşdu çöhrəsi balası şəhid olan ana kimi, əyilmişdi qəddi şəhidini gözləyən bir ata kimi şəhərimin... Ta səhərdən saçlarını tel-tel edib şəhidinin yollarına səpirdi o. Dili yoxdu şəhərimin, laldı bu gün, hayqırmağa çatmır gücü. Nə az, nə çox, düz 10 övladına qol açıb, bağrına basacaqdı şəhərim. Səssiz, sükutla gözləyirdi yollarını. Gözlərində gilələnən göz yaşıyla, köksündəki yanğısıyla, elə bu gün əl uzadıb ətrafında zirvələri səma ilə öpüşən, uca, hündür dağlarından endirdiyi dağ-düyünlə gözləyirdi şəhidini, bu şəhərim. Torpaq ətri bürümüşdü şəhərimi. Şərur, Sədərək, Ordubad, Culfada və Şahbuzdakı, bir də minilliklər şəhəri bu şəhərdəki məzarlardan xəfifcə bir külək əsir, bu ətri gətirirdi, gətirirdi... Torpaq uğrunda canlarından keçənlərin qeyrət, hünər qoxusunu gətirirdi. Şəhərimsə sükutla bu ətri sinəsinə çəkirdi, bu ətri damcı-damcı gözlərindən axan yaşla şəhidini qarşılayan yollarına səpələyirdi... 

Bir az sonra bu sükutu şəhərimin göylərində şimşəkləşən təyyarənin səsi pozur. Yarır bu səs şəhərimin sükutunu. Məğrur-məğrur seyr eləyir şəhərim: bu sükutu tar-mar edən, göy üzündə şəhidimin qüruruyla rəqs eləyən təyyarənin süzüşünü.
Göz yaşı – qürur, acı-şirin, kədər-sevinc...ətrafdakı insanların üzündəki cizgilərdir bu əksiliklər. Axıdılan göz yaşını qürur silir. İçlərdəki acıları – Qarabağın 30 illik qara rəngin al qanıyla şəhid silir... Qarabağın Şuşasının, Xankəndinin, ətrafdakı Füzulinin, Cəbrayılın, Qubadlının, Xudafərin körpüsünün həsrətini vüsal edən şəhid silir... 30 ilin hicranının vüsalını Vətənimin şəhidləri şirin edir...
Üzlərdəki cizgiyə bax... ilk dəfədir, insanların üzlərində həm kədəri, həm sevinci eyni anda izləyirəm. Səbəb budur: qaçqınlığın, köçkünlüyün kədərini torpağımın igidləri bayrağımla, bir də ki, öz al qanıyla sevinclərə çevirir. Bu üzdəndir ata, anaların, azərbaycanlı olanların bir üzünün ağlaması, o birinin gülməsi... Elə bu an gülümsəyir şəhərim də, qürur duyur şəhərim də. Əzizinin yoxluğunda şəhidinin varlığıyla, şəhidinin varlığında torpağının, Vətəninin varlığıyla qürur duyur... Şəhərim də silir gözünün yaşını, ətrafdakı insanlar tək. Qürur duyur onlar kimi şəhidiylə, fəxr eləyir yetirdiyi-bitirdiyi igidiylə və onların hər biriylə... hünəriylə, mərdliyi ilə və bir də ki, Qarabağa köməyilə...

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR