23 Dekabr 2024, Bazar ertəsi

Hər bir insanın doğulduğu, böyüdüyü və son nəfəsini verdikdən sonra əbədi yuxuya getdiyi bir torpaq vardır. Bu torpağa Vətən deyirik. Vətən millətin azadlığının  və müstəqilliyinin simvoludur. Məhz bu səbəbdən insanlar ürəklərinin bir tərəfində hər zaman böyük bir sevgi olan Vətən sevgisini daşıyırlar. Bu sevgi sadəcə doğulduğumuz torpağı sevmək deyil, eyni zamanda mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, azadlığımızın simvolu olan ay- ulduzlu şanlı bayrağımızı, dilimizi, adət - ənənələrimizi sevməkdir.

         Düşmənin işğalçılıq siyasətinə son qoymaq üçün apardığımız 44 günlük  müharibədə  ürəyi bu  sevgiylə dolu insanların qəhramanlıqları və fədakarlıqları tariximizə yeni bir tarix qatdı. İkinci Qarabağ müharibəsində ən yeni və qürurlu tariximizi yazanlar arasında qəhrəmanlar diyarı olan Naxçıvanın qorxmaz, yenilməz, məğrur igidləri də oldu. O igidlər dən biri də Əsgərov Vüqar Rza oğlu idi.

         Vuqar 1994-cü ilin 26 noyabrında Kəngərlı rayonunun Qarabağlar kəndində doğulmuşdu. Alənin son beşiyi olan Vüqarın iki bacısı,  bir qardası var idi. Qardaşı Moskva şəhərində avtomobil qəzası  nəticəsındə həyatını itirdiyi üçün bacılarının və  ata-anasının son ümid yeri idi Vüqar. İnsan taleyini adında yaşayır - deyiblər. Bəli, Vüqar da adının haqqını layiqincə verdi - öz əzəməti və vüqarı ilə… Vüqar təbiətcə sakit, səmimi və  hamı ilə ünsiyət qura bilən bir gənc idi. Bu səbəbdən ətrafındakı insanlar tərəfindən çox sevilirdi. Vüqar orta təhsilini Qarabağlar kəndində birinci Qarabağ müharibəsi şəhidi olan Əbülfəz İmanovun adını daşıyan məktəbdə  almışdı. Universitetə qəbul olsa da, ailəsinin  maddi cətinlikləri olduğu üçün ali  təhsil ala bilməmişdir. Atası Rza kişi ağır şəkərli diabet xəstəsi olduğundan ailənin bütün yükü Vüqarın üzərinə düşmüşdü. Hər zaman özündən çox ətrafındakı insanları düşünən Vüqar hərbi xidmətdə olduğu vaxtlarda da nizam - intizamı, qayğıkeşliyi, ayıq-sayıqlığı, vətənpərvərliyi ilə seçilirdi. Verilən döyüş tapşırıqlarını  yüksək dəqiqliklə yerinə yetirən Vüqarın arzusu vətəni Azərbaycanı azad görmək idi. Hərbi xidmətini bitirdikdən bir qədər sonra vətənə səngərdə xidmət etmək arzusu onu müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq yenidən səngərə qaytarmışdı. Vüqarını dağlardan alan Vüqar igidliyi, qorxmazlığı , vətənpərvərliyi ilə komandirlərinin sevgisini qazanmağı bacarmışdı .

           2020-ci ilin 27 sentyabrında   torpaqlarımızın azadlığı uğrunda başlanan  Vətən müharibəsində Qarabağı işgaldan azad etmək üçün  könüllü olaraq döyüşə gedən Naxçıvan igidləri ilə birgə  Vüqarda cəbhə xəttinə yola düşmüşdü . Elinə - obasına, torpağına bəslədiyi sevgisi ilə zirehlənən Vüqarın qəlbində düşmənə duyduğu nifrət və qəzəbi onun ən güclü silahı idi.

Döyüşdə iştirak etdiyi vaxtlar yoldaşları ilə danışarkən yaxın günlərdə Qarabağı tam azad edəcəklərini və çox sevdiyi  futbol oyununu Cıdır düzündə oynayacağını deyirmiş Vüqar. Hər zaman verdiyi sözləri yerinə yetirən Vüqar həyatında ilk dəfə olaraq atasına verdiyi " Ata, narahat olma torpaqlarımızı alıb sağ-salamat sənin yanına qayıdacağam" sözünü tuta bilmədi.

Müharibədə igidlik göstərən Vüqar 25 oktyabr 2020-ci ildə Qubadlı yaxınlığında gedən döyüşdə  qəhrəmancasına vuruşaraq şəhid oldu. Azadlığımız üçün canlarından keçən 2783 igiddən biri olan Vüqar ölümü ilə ölümsüzlük zirvəsini qazanaraq şəhidlik məqamına ucalmış dı.

         Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən  Azərbaycan  Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş  əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş  Azərbaycan Respublikasının hərbi  qulluqçusu Əsgərov Vüqar Rza oğlu (ölümündən sonra ) “Vətən uğrunda” medalı ilə təltif edildi. Hər bir şəhidi hava limanında  hər kəsə örnək ola biləcək şəkildə böyük sayğı və hörmətlə qarşılayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dekabrın 14-də imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək fondu”nun yaradılması  haqqında Sərəncamı isə şəhid ailələrinə göstərilən diqqətin ən gözəl nümunəsidir.

         Vətən uğrunda, bayrağımız uğrunda şəhid olan Vüqarın atası Rza kişi fəxr edir ki, bugün oğlu ilə bütün Azərbaycan qürur duyur. Azadlığımız, suverenliyimiz uğrunda canlarından keçərək 30 illik Qarabağ həsrətimizə  son qoyan şəhidlərimizi  hər zaman sonsuz sayğı və sevgi ilə anacağıq. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik. Ruhunuz şad olsun Qarabağın azadlıq qoxan Xarı bülbülləri!

İlahə Allahverdiyeva “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

 

 

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR