“Torpaq bizi səsləyirdi. Tələsirdik düşmənə ağır zərbələr endirib, doğma torpaqlarımıza ayaq basmağa.Tələsirdik Xarı bülbülü azadlığa buraxmağa, tələsirdik illərdir həsrəti ilə yanıb göynədiyimiz doğma torpaqlarımızı geri almağa. Vaxt, zaman yetişdi. Döyüş əmrini alıb irəli yeridik”. Bu sözləri deyən naxçıvanlı igidimiz Hümbətov İlkin Zakir oğlu idi. İlkinin atası vaxtsız vəfat etdiyindən, anası Tünzalə xanım onu tək böyüdüb boya-başa çatdırıb. Bu mərd, cəsur oğlanın ən böyük arzusu hərbiçi olmaq idi. Bu sevgi, ona hələ məktəb yaşlarından hakim kəsilmişdi. Sinifdə müəllim sərbəst mövzuda inşa yazmağı tapşırır, elə bu zaman İlkin inşaya bu kəlimələrlə başlayır: “Ən böyük arzum hərbiçi olub, o şərəfli formanı geyinib, düşmən əsarətində olan yurd yerlərimizi azad etməkdir”. Bu arzu, bu niyyət balaca İlkinin xəyalları idi. Böyüdü arzusunu gerçəkləşdirmək üçün addım-addım irəlilədi. Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Lisseydə təhsilini başa vurduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Məktəbi uğurla bitirib Beyləqanda yerləşən “N” hərbi hissəsində leytenant kimi xidmətə başladı. İlkinin ilk döyüş yolu Vətən müharibəsində gerçəkləşdi.Onunla etdiyim söhbət o qədər maraqlı idi ki, sanki bir film səhnəsindən bəhs edilirdi.Cəbhədə baş verənlər bir kinolenti kimi gözlərimönündə canlanırdı. İlkinin döyüş yolunu vərəqləyib sizlərlə bölüşürəm:
Döyüş başlayır.İlk əvvəl Füzuli, Hadrut istiqamətindən. Daha sonra Cəbrayılın, Xocavəndin kəndləri işğaldan azad edilir. Atəş səsindən qulaq tutulur, göz-gözü görmürdü elə bu məqamda. İlkin hər bir əməliyyata böyük ustalıqla yanaşaraq, üzərinə yağan mərmi yağışından canını qurtarmağı bacarır.Bu gənc naxçıvanlının bir məqsədi vardı: ölmək yox, öldürmək. Döyüşlər zamanı İlkin və onun tabeliyində olan əsgərlər düşmənin çoxlu qənimətini ələ keçirir. Düşmən hər zaman olduğu kimi,Hadrutda gedən döyüşlər zamanı da növbəti riyakarlığına ət atır. Elə bu zaman gənc eloğlumuz, hiss edir ki, niva markalı avtomobildə erməni əsgəri özünü ölü vəziyyətinə vurub.Dərhal hərəkətə keçir, düşməni məhv etməyə nail olur. İlkin deyir ki, döyüş zamanı əsgər, zabit bilinmirdi. Hər birimiz bir yumruq olub, düşmən üzərində 30 illərdir yanan alovu söndürürdük. Döyüşdə belə bir şey var, döyüş yoldaşına özün qədər güvənirsənsə, deməli o vurulsa sən də vurulmusan,o yaşayırsa sən də sağsan deməkdir. Düşmənin əsas hədəfi zabitlər idi, çünki idarə etmə itsin deyə. Məhz buna görə də döyüş başlayan bir gündən daşıdığım hərbi rütbəni çıxarıb kənara qoymuşdum. Çünki məndən önəmli mənim şəxsi heyətim idi.Onlar komandirlərininin gözünün içinə baxır, nə komanda verəcəyini böyük ümidlə gözləyirdilər.
Digər bir döyüş səhnəsini bizimlə bölüşən mərd oğlumuz deyir ki, Hadrutda olan evlərin birindən səs gəlirdi. Elə bu zaman əsgərlərlə bərabər həmin evə doğru yaxınlaşıb, erməni əsgərinin yaralandığını görürlər, onu əsir götürərək, təhvil vermək qərarına gəlirlər. Bax budur Azərbaycan ordusunun igidliyi, dönməzliyi, yenilməzliyi.Vətənimizin Mübarizlər, Əhmədlər, Fəridlər, Muradlar, Samidlər yetişdirməsi də səbəbsiz deyil təbii ki...
Döyüşlərin ən çətin məqamı doğma Şuşamıza ayaq basdığımız zaman oldu:-dedi İlkin. Düşmənin hədəfini yerindəcə məhv edir, yaralı olan yoldaşlarımıza ilkin tibbi yardım göstərirdik. Düşmənin ağlına belə gəlməzdi ki, şanlı ordumuz insan ayağı dəyməmiş çətin yollarla Şuşa torpağına gələr.Bizim o torpaqlara ayaq basdığımızı görən mənfur düşmən dronlarını havaya qaldırdı. Lakin həmin dronlar şanlı ordumuz tərəfindən yerindəcə məhv edildi. Hər birimizin bir məqsədi vardı, bütün çətinlikləri aşmaq, düşməni məhv etmək idi.Axı,yolumuzu gözləyən Vətən torpağı vardı, boynu bükük qalmış Xarı bülbül əsgərlərimizin ayaq səslərini hiss etmişdi.Axı Cıdır düzü ah-naləsini bitirmək istəyirdi.Vətənimizin nisgilini sona yetirmək üçün canımız bahasına hər şeydən keçməyə hazır idik.
Bizim irəli yeridiyimizi görən düşmən, olduğumuz mövqeyə doğru artilleriya qurğusu ilə atəş açdı. Minaatan mərmisi düşəndə artıq gec idi və mən o anda yaralanmışdım. Sonra nə olub, necə olub xatırlamıram. Sağ olsun yoldaşlarımı məni xəstəxanaya yerləşdirib həmin zaman. Yaralı olsam da özümü bağışlayammırdım. Çünki arxa-arxaya döyüşdüyüm əsgər yoldaşlarımın gözü yolda idi. Qəhrəman eloğlumuz həkimlərin təkidinə baxmayaraq, sağlamlığına tam qovuşa bilməsə də yenidən yaralı aslanlar kimi savaşa atılaraq, canı-qanı bahasına düşmənə zərbələr vurmmaqda davam edirdi.İlkin döyüşlərə yollanan zaman anası Tünzalə xanım oğlum rahat get, Vətən səni çağırır deyib və yola salıb. Azyaşlı oğulsa anasının sözündən güc-qüvvət alıb, mübarizəsini sona kimi davam etdirib.
Naxçıvanlı qəhrəmanla etdiyim söhbətin hər kəliməsi “Vətən sağ olsun”la başlayıb, “canımız Vətənə qurban olsun” la bitdi. Bu cür oğullar yetirən Naxçıvan torpağı ilə qürur duydum. Müharibədə yaralanmış oğullarımıza Qarabağımızın, Şuşamızın, Laçınımızın, Ağdamımızın, Xankəndimizin, Xocavəndimizin,Qubadlımızın, Zəngilanımızın, bütövləşmiş torpaqlarımızın azadlığı məlhəm oldu. Vətən həsrətinə canları bahasına son qoydular. İlk əvvəl Vətən deyib, sonra canlarından keçən qardaşlarımız, biz sizin tarix yazan adınızla QÜRUR DUYURUQ.
Nuray ƏSGƏROVA