23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim diyarımızın tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol ­oynayır.

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasını ziyarət ediblər. Məlumat verilib ki, muxtar respublikada ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən Naxçıvan Dövlət Rəsm Qalereyasını da əhatə edib. 1982-ci ildə ulu öndərin təşəbbüsü ilə yaradılan qalereya 2000-ci ildən fəaliyyətinə Heydər Əliyev Sarayında davam edib. 2009-cu ildə binada aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra sarayın 3-cü mərtəbəsində qalereya üçün inzibati otaqlar və geniş ekspozisiya zalı istifadəyə verilib. Əsasən muxtar respublika rəssamlarının əsərləri nümayiş etdirilən muzeytipli müəssisənin fondunda hazırda 150-dən çox rəssamın 500-ə yaxın rəsm əsəri mühafizə olunur, ekspozisiya zalında 70-ə yaxın rəsm əsəri nümayiş etdirilir. Qalereyada Azərbaycanda, onun Naxçıvan diyarında yaşayıb, fəaliyyət göstərən rəssamlarla yanaşı, əcnəbi rəssamların da rəsm əsərləri qorunub saxlanılır, nümayiş olunur.

Qeyd olunub ki, ekspozisiyanın 1-ci guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Rəfael Qədimov, İlham Mirzəyev və digər tanınmış rəssamların əsərləri qalereyanın dəyərli eksponatlarındandır. Guşədə nümayiş olunan ulu ­öndərin heykəltəraş, rəssam Elman Cəfərov tərəfindən hazırlanmış, həmçinin “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqı tərəfindən qalereyaya hədiyyə olunmuş büstləri, mis üzərində ofort üslubu ilə işlənmiş portreti tamaşaçıların diqqətini cəlb edir. 2-ci guşə mənzərə və kompozisiya janrında çəkilmiş əsərlərə həsr olunub. Burada Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimovun, Naxçıvanda yaşayıb-yaratmış görkəmli fırça ustaları Nəriman Əliyevin, Babək Abuzərlinin, Əyyub Səfərovun, realist rəssam Nadir Axundovun, rus rəssamı R.F.Qolovanovun kompozisiya, mənzərə və portret janrlarında yaratdığı dəyərli əsərlər nümayiş edilir.

Bildirilib ki, növbəti guşədə Azərbaycanın xalq rəssamlarının əsərləri sərgilənir. Burada sərgilənən Azərbaycan Respublikasının Xalq rəssamları – Əyyub Hüseynovun və professor Hüseyn Əliyevin, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi və Xalq rəssamı Mikayıl Abdullayevin, professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadənin rəsm əsərləri haqqında da ətraflıməlumat ­verilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamı ilə 2012-ci ildən başlayaraq “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivalları keçirilir. Muxtar respublikada 2012, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan beynəlxalq rəsm festivallarında dünyanın müxtəlif ölkələrindən gəlmiş istedadlı fırça ustaları iştirak edib. Qalereyanın növbəti guşəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hədiyyə olunmuş, festivallarda çəkilən rəsm əsərləri sərgilənir.

Qeyd edək ki, dekabrın 19-da muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının, onların şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları damuzeyləri ziyarət ediblər.

Nail ƏSGƏROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR