Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olan universitet kollektivinə bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb ekspozisiya yenidən təşkil olunub. Qeyd olunub ki, Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var və muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən ən yaddaqalanıdır.
Vurğulanıb ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır.
Diqqətə çatdırılıb ki, keçə xalça sənətinin ibtidai dövrünü təşkil edir. Sonrakı dövr üçün qamış yarpağından toxunan və el arasında həsir adı ilə tanınan çətən toxunub. Sonralar xovsuz xalçalar – palaz, cecim, kilim, zili, şəddə, inkişafının sonrakı dövrlərində xovlu xalçalar toxunub.
Məlumat verilib ki, xalçalar üzərində olan naxışlar 4 qrupa bölünür: həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri:quş, maral, qoç, əjdaha və s.), nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri) vardır.
Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ildə UNESCO-nun “Qeyri madii mədəni irs” siyahısına daxil edilib.
Muzeyin bələdçisi bildirib ki, muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual səyahət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.
Sonda universitetin Pedaqoji fakültəsinin Texnologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinin toxuduğu xalça muzeyə hədiyyə edilib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri