22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda universitetin rektoru, akademik İsa Həbibbəyli məruzə ilə çıxış edərək bildirmişdir ki, 2012-ci il Naxçıvan Dövlət Universiteti üçün də uğurlu olmuşdur. Ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təlim-tərbiyə və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə universitetdə quruculuq tədbirləri davam etdirilmiş, Təbiətşünaslıq və kənd təsərrüfatı və Pedaqoji fakültələr üçün 5 mərtəbəli müasir tədris korpusu istifadəyə verilmişdir.
2012-ci ildə həyata keçirilən yeniləşmə tədbirlərinin mühüm bir hissəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi, elektron universitet layihəsinin həyata keçirilməsi, elektron test üsulu ilə imtahanların təşkili ilə bağlıdır. Universitetin beynəlxalq əlaqələri daha da genişlənmiş, yeni əməkdaşlıq müqavilələri imzalanmış, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” adlı layihənin ilkin razılaşma protokolu imzalanmış, universitet Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak etmişdir.

Qeyd olunmuşdur ki, xarici ölkələrdə keçirilən elmi tədbirlərdə universitet əməkdaşlarının fəal iştirakı da təqdirəlayiqdir. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin universitetə gəlişi, keçirilən görüşlər də beynəlxalq əməkdaşlığın mühüm göstəriciləri sırasındadır. Həyata keçirilən tədbirlər, görülən işlər elmin, təhsilin tərəqqisi, muxtar respublikanın intellekt potensialının artırılması istiqamətində öz bəhrələrini verməkdədir. Rektor universitetin beynəlxalq reytinq cədvəllərində iştirakının təmin olunması, elektron imtahanların əhatə dairəsinin genişləndirilməsi, distant və onlayn təhsilin həyata keçirilməsi, dəqiq elmlərin inkişafı sahəsində qarşıda duran mühüm vəzifələrdən də bəhs etmişdir. 
Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 2012-ci ildə universitetin tədris sahəsində qazandığı uğurlardan danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirilir. Türkiyə, İran, Rusiya, Qazaxıstan, Banqladeş, Nigeriya, Cənubi Koreya, Türkmənistan respublikalarından 300-dən artıq xarici vətəndaş da daxil olmaqla, universitetdə 4851 nəfər təhsil alır. 2012-ci ildə universiteti 951 nəfər bitirmiş, 1104 nəfər qəbul olunmuşdur. Ötən il universitetdə bir sıra yeni ixtisaslar açılmış, müasir texnologiyalarla təchiz olunmuş yeni laboratoriyalar və fənn kabinələri yaradılmışdır. Universitetdə bakalavr səviyyəsində tədrisin kredit sistemi ilə təşkili məqsədilə islahatlar aparılmış, tədrisin dünya standartları səviyyəsində inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüş, tədrisdə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin artırılmasına nail olunmuşdur. Tədris işləri üzrə prorektor tədrisdə informasiya-kommunikasiya vasitələrinin daha geniş tətbiqi, elektron idarəetmənin yaradılması, tələbə və müəllimlərin çevikliyinin təmin olunması məqsədilə həyata keçiriləcək perspektiv planlar haqqında da məlumat vermişdir.
Yığıncaqda Kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov, İqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, universitet YAP gənclər təşkilatının sədri, fransız dili ixtisası üzrə II kurs tələbəsi Aytən İsmayılova çıxış etmişlər.

*    *    *

Naxçıvan Tibb Kollecində keçirilən yığıncağı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi, tibbi kadrların hazırlanması prioritet vəzifəyə çevrilmişdir. Bu cəhətdən Naxçıvan Tibb Kollecinin də üzərinə mühüm vəzifələr düşür. 2011-2012-ci tədris ilinin ikinci yarısında kollecdə tələbələrin ümumi sayı 306 nəfər olmuşdur. Onlardan 190 nəfəri ödənişli əsaslarla, 110 nəfəri isə dövlət hesabına təhsil almışlar.
2011-2012-ci tədris ilinin sonunda kollecdə 28 qrup, 5 ixtisas üzrə tələbələrin ümumi sayı 550 nəfərə çatmış, onlardan 363 nəfəri ödənişli əsaslarla, 187 nəfəri isə dövlət hesabına təhsil almışdır.
Qeyd olunmuşdur ki, kollecdə Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. İkinci yarımildə geniş şəkildə “Anatomiya, fiziologiya, patologiyanın əsasları”, “Tibb bacısının işi”, “Ümumi və kliniki farmakologiya”, “Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti” və “Kimya” fənlərindən viktorinalar, “Təxirəsalınmaz yardım” mövzusunda müsabiqələr keçirilmişdir.
Kollecin pedaqoji kollektivi hesabat ili ərzində qarşıya qoyulan vəzifələrin günün tələbləri səviyyəsində yerinə yetirilməsi üçün səy və bacarığını əsirgəməmiş, yaradılan şəraitdən səmərəli istifadə olunmasına çalışmışdır. Tədrisin səviyyəsinin yüksəldilməsi, muxtar respublikanın səhiyyə müəssisələrinin orta ixtisaslı tibbi kadrlara olan ehtiyacının ödənilməsi məqsədilə tələbələrin nəzəri və praktik biliklərinin artırılmasında müəllimlər sınanılmış təcrübəyə üstünlük vermiş, müxtəlif təlim üsullarından istifadəyə ciddi diqqət yetirmişlər. Müxtəlif səhiyyə ocaqlarında təcrübi məşğələlərin keçirilməsi tibbi biliklərin möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*    *    *

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası kollecin tədris işləri üzrə direktor müavini Asəf Ruşanov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqətli gənc nəslin yetişdirilməsi, onların Vətənə, xalqa, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi üçün kollecdə hər cür şərait yaradılmışdır.
Vurğulanmışdır ki, keçənilki uğurların başlıcası kollecin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsidir. Bu, müəllimlərin və tələbələrin məsuliyyətini daha da artırmışdır.
2011-2012-ci tədris ilində 6 fənnbirləşmə komissiyası və 6 fənn kabineti fəaliyyət göstərmişdir.
Fənn birləşmələrinin hər birinin tərkibinə daxil olan fənlərin əksəriyyətində görülən metodik işlər müzakirə olunmuşdur. İlin əvvəlindən fənnbirləşmə sədrlərinin, qrup rəhbərlərinin, kabinet müdirlərinin iş planları, müəllimlərin mövzu, təqvim planları təsdiq edilmiş və tədris ilində həmin proqramlar əsasında fəaliyyət göstərilmişdir.
Bildirilmişdir ki, dərslərin əksəriyyəti kabinet şəraitində keçilmişdir. Tələbələrin əyani vəsaitlərdən istifadə etməsinə şərait yaradılmış, tədris planına əsasən, bütün kurslarda yoxlama yazı işləri planlaşdırılmış və həyata keçirilmişdir. Yoxlama yazı işlərinin nəticələri ümumiləşdirilmiş və təhlil edilmişdir.
2011-2012-ci tədris ilində kollecdə yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin texniki istismarı, mühasibat uçotu, baytarlıq, bank işi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili, aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi olmaqla, 7 ixtisas üzrə kadr hazırlığı aparılmışdır. Tədrisin səviyyəsini yüksəltmək üçün yaradılmış şəraitin uğurların qazanılmasında stimul olduğunu vurğulayan direktor müavini mövcud nöqsanlardan da bəhs etmişdir. Qeyd olunmuşdur ki, artıq bir ilə yaxındır, fənn proqramlarının hazırlanmasına başlanılsa da, bu iş tamamlanmamışdır. Bu işdə fənnbirləşmə sədrləri, eyni zamanda fənn müəllimləri fəaliyyətlərini artırmalıdırlar. Açıq dərslərin hazırlanmasına və keçirilməsinə məsuliyyətlə yanaşılmalıdır. Dərsə davamiyyətə ciddi nəzarət olunmalı, icazəsiz dərsburaxma hallarına yol verilməməlidir.
Məruzə ətrafında kollecin qiyabi şöbəsinin müdiri Cəmşid İsmayılov çıxış edərək qiyabi şöbənin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR