23 Dekabr 2024, Bazar ertəsi

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.

Son illərdə bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində də ardıcıl tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilmişdir. Ulu öndər Heydər Əliyev vaxtilə müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını, həmçinin onların üzləşdiyi bütün problemlərin həllini dövlət siyasətinin prioritet vəzifəsi elan etmişdir. Həmin dövrdə iqtisadi inkişafın, təhlükəsizliyin və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyev öz müdrikliyi və uzaqgörənliyi ilə, ümumilikdə, bu proseslərin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən, pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Müzəffər Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da Böyük Qələbə qazandı. Bu tarixi Qələbə həm də 90-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində məcburi daxili miqrasiya ilə üzləşən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin yenidən doğma yurdlarına qayıtmasına mühüm zəmin yaratdı. 30 ildir, qəlbi Vətən eşqi ilə yanan, doğma ev-eşiyindən didərgin düşərək daxili məcburi miqrasiyaya məruz qalan köçkünlərimiz artıq öz dədə-baba yurdlarına qayıdacaq, bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.
Şübhəsiz ki, bu gün dünya dövlətləri miqrasiya məsələlərinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi və miqrantların hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlığa üstünlük verirlər. Bu baxımdan ölkəmizdə Beynəlxalq Miqrant Gününün qeyd olunması da dövlətin miqrasiya proseslərini tolerantlıq zəminində, milli və irqi ayrı-seçkilik olmadan tənzimlənməsində maraqlı olduğunu təzahür etdirir.
Bu gün ölkəmizdə bütün istiqamətlər üzrə mühüm islahatlar, yeniliklər həyata keçirilmiş və nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrilmişdir. Hazırda ölkəmizin sürətli inkişafı, sabitlik, həyata keçirilən layihələr, turizmin inkişaf etdirilməsi, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların, forum və iclasların məhz Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi dünyanın diqqətini respublikamıza yönəldib. Bu səbəbdən də ölkəmizə maraq göstərən əcnəbilərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir. Azərbaycanda miqrasiya sahəsində mükəmməl qanunvericilik bazası formalaşdırılmış və insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərin müddəalarının tətbiqi üçün lazımi siyasi-hüquqi baza yaradılmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunması, əhalinin həyat səviyyəsinin və sosial rifah halının daha da yaxşılaşdırılması, mövcud sabitlik və iqtisadi inkişaf, həmçinin miqrasiya sahəsində qanunvericilik bazasının son dərəcə sadələşdirilməsi son illər Naxçıvan Muxtar Respublikasına miqrasiya axınını daha da sürətləndirib. Bu gün muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunub. Miqrasiya sahəsində dövlət siyasəti muxtar respublikanın sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların, onların ailə üzvlərinin həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, hüquqlarının müdafiəsinə yönəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Qanuni əsaslarla ölkəyə gələn hər bir əcnəbi nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etməlidir. Bunun üçün hər cür şərait yaradılmış və hüquqi baza formalaşdırılmışdır”.
Naxçıvan Muxtar Respublikasında bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim xüsusi diqqətlə, həssaslıqla yanaşılır və bu istiqamətdə görülən işlər müasir standartlar səviyyəsinə çatdırılıb. Xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti də bu işlərin məhz bir hissəsidir. Qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilib.
Bu gün xidmətin fəaliyyətində Dövlət proqramlarının vaxtında və dəqiq icrası da diqqətdə saxlanılan prioritet vəzifələrdəndir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün muxtar respublikada əlverişli mühitin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb. Eyni zamanda əcnəbilərin olduğu yer üzrə qeydiyyatı xeyli sadələşdirilmiş, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılmış, şəxsən müraciətləri ilə yanaşı, elektron qaydada da müraciətləri təmin edilmişdir. Həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.
Əcnəbilərin muxtar respublikamızda rahat, təhlükəsiz, sərbəst hərəkət etmələrinin, eləcə də qanunsuz miqranta çevrilməmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən onların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Bu baxımdan sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada ölkə vətəndaşlarına, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim olunur. Həmçinin sərhəd-keçid məntəqələrində miqrasiya bölmələrinin əməkdaşları tərəfindən muxtar respublikaya səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə operativ qaydada şifahi olaraq hüquq və azadlıqları, vəzifələri ilə bağlı mühüm məlumatlar verilir, eyni zamanda miqrasiya qanunvericiliyi ilə bağlı yarana biləcək istənilən çətinlik qarşısında müraciətetmə qaydaları ətraflı izah olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında miqrasiya sahəsində baş verə biləcək qanun pozuntuları minimum həddə çatıb.
Ötən dövr ərzində ölkə vətəndaşlarına, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin operativliyini və keyfiyyətini artırmaq məqsədilə bir sıra ciddi tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı üzərindən 9 sahə üzrə xidmət göstərir. Həmin şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir. Əməkçi miqrantların işə götürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilmiş, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciətetmə imkanı yaradılmışdır. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilə bilir. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu vəzifələrdən biri də əcnəbilərin qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənməsidir. Bu mövzunun aktuallığı və əhəmiyyəti hər zaman diqqətdə saxlanılaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquqları qorunur, onlarla muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, turizm imkanları ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir, muzeylərə ekskursiyaları təşkil olunur.
Eyni zamanda miqrasiya sahəsində vətəndaş məmnuniyyətinin və rahatlığının, göstərilən xidmətlərin operativliyinin təmin olunması, miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatların əldə edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi də fəaliyyət göstərir. Həm funksionallıq, həm də dizayn baxımından müasirləşdirilərək zamanın tələbinə uyğunlaşdırılan internet səhifəsi üç dildə – Azərbaycan, rus, ingilis dillərində vətəndaşlara xidmət göstərir. Bu isə təqdim edilən məlumatların beynəlxalq səviyyədə yayılması deməkdir. Xidmətin rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib.
Əminliklə deyə bilərik ki, bu gün muxtar respublikada miqrasiya xidməti əməkdaşlarının səmərəli iş prinsipi və fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin miqrasiya sahəsinə diqqət və qayğısı xidmətin əməkdaşları tərəfindən hər zaman dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi və bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, bütün sahələrdə yeni üsul və sistemlərin tətbiqi, eyni zamanda təhlükəsizliyin və sabitliyin mütləq surətdə qorunması insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və müdafiəsinə şərait yaratmışdır. Dövlət Miqrasiya Xidmətinin yüksək peşəkarlığa, mənəvi, eləcə də fiziki hazırlığa malik kadr potensialı tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR