23 Dekabr 2024, Bazar ertəsi

Ədaləti ədalətsizliklə bərpa etmək olmaz. (H.ƏLİYEV)

Ruhunuz şad olsun ULU Öndər! Ədalətli haqq savaşımızla  qələbə qazandıq. Artıq bizə miras olaraq qoyub getdiyiniz və xalqımızı, dövlətimizi əminliklə əllərinə əmanət etdiyiniz Ali Baş Komandanımız Sizin arzunuzu reallaşdırdı. Azərbaycan dövlətinin hər  zaman inandığınız qüdrətini bərpa etdi, tarixi gerçəkliyimizi özümüzə qaytardı. Saxta tarixlə tarixlərini “bəzəyənlərin” dərsini verdi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarınız bugün hər kəsin həyat amalı, yaşam idealına çevrildi. Sözlərinizdən ilhamlanan cəsur oğullarımız vətənin müdafiəsinə  göz qırpmadan hazır oldular. Doğma torpağımızın hər bir qarış torpağını böyük mətinliklə düşməndən geri aldılar, düşmənə öz gücümüzü göstərdilər. Gücümüz demişkən burada hər iki güc- maddi və mənəvi gücdən söhbət gedir. Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyasət, ordu quruculuğu prosesi qələbəmizin ən əsas faktoruna çevrildi. Xalqdan güc alan Prezident İlham Əliyev mənəvi qələbəmizin timsalına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Bütün müharibələr ilk öncə insanın zehnində qazanılır. Janna D Ark

Tanrının haqq tərəzisi gec-tez öz yerini tapacaqdı. Düşmənin (həm də mənfur və iblis düşmənin) əməlləri cəzasız qalmayacaqdı. Əsgərlərimiz döyüşə qazanmaq üçün getdilər. Çünki, onların düşüncələrində, fikirlərində ancaq QƏLƏBƏ və yenə də QƏLƏBƏ idi!!! Bu idi bizə ruh yüksəkliyi yaşadan! Bu idi əsgərimizi, zabitimizi döyüşün ən qızğın çağında belə ölümün gözünə dik baxdıran! Bu idi ən çətin məqamda belə əlindəki gücə, içindəki qəzəb hissinə sığınaraq düşmənin üzərinə qorxmadan, məğrurcasına addımladan! Bax, bu idi bizi qələbəyə yaxınlaşdıran, zəfər tarixini yazdıran!!!

 

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?! Qədim Roma şairi

Müharibə bitdi və əlbəttə ki, həm haqlı, həm də güclünün qələbəsi ilə. Biz müharibəyə başlamadan öncə qarşımızdakı düşməni tanıyırdıq, onun xislətini də çox gözəl anlayırdıq. Çox gözəl bilirdik ki, mənfur, hiyləgər, iblis xislətli bir düşmənlə vuruşuruq. Düşmən də olsa gərək qarşındakı kişi olsun, mərd olsun! Amma, çox təəssüflər olsun ki, bizim düşmənimiz bunlardan nəinki uzaqdır, hətta mən deyərdim ki, lap bixəbərdir. Döyüş əzmli xalqımız, mübariz igidlərimiz isə qarşılarındakı düşməni bilə-bilə mərdliklə, qəhrəmanlıqla vuruşdular. Öz canlarını vətən yolunda sipər, qanlarını vətən uğrunda halal etdilər.

Vətənpərvərlik şəhidlərin alnında işıq saçan məşəl kimidir. Edwаrd Mаrtin

Şəhidlik insanın Allaha, Vətənə, xalqına, millətinə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən-Allah, xalq-haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Buna görə də onlar bizim and yerimiz, qürur mənbəyimizdir! Ona görə qürur mənbəyimizdir ki, bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxaraq, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atıldılar. Dövlət-ordu-xalq birliyinin nələrə qadir ola biləcəyini, Azərbaycanın hərbi qüdrətini öz qəhrəmanlıqları ilə bütün dünyaya sübut etdilər. Öz cəsarətləri ilə düşmənə göstərdilər ki, Vətən torpağının bir qarışı belə onlar üçün həmişə qiymətlidir. Ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümün gözünə dik baxaraq, həyatını itirməkdən bir an belə qorxmadan döyüşə atılan oğullarımız dünən də olub, bu gün də var və gələcəkdə də olacaq. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, əksinə daim qələbələr qazanır.

Döyüşdə müvəffəqiyyət qazanmaq üçün mənəvi gücün rolu dördə üç, maddi gücün rolu isə dörddə birdir. Napaleon Bonapart

Ali Baş Komandanın döyüş əmri ilə başladığımız müharibənin qələbə ilə nəticələnəcəyi şəksiz idi. Çünki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaratdığı ordu quruculuğuna, xalqın döyüş əzminə bələd idi. O qəti şəkildə əmin idi ki, malik olduğumuz ordu və bu orduda döyüşən hərbçilər bizə qələbə sevincini yaşadacaq.  Ali Baş Komandanın hərbçilərlə mütəmadi görüşü, xalqla hər zaman birgə olması bu qətiyyətli qərarın verilməsində müstəsna əhəmiyyətə malik oldu. Bəlkə də heç kəs inanmazdı ki, bizim xalqımız bu qədər mübariz, bu qədər qorxmaz və cəsur xalqdır. Biz müharibənin 44 günündə bunu bütün dünyaya nümayiş etdirdik. Hər şeydən öncə birgəliyimizi, həmrəyliyimizi bayram etdik, xalqla-ordu birliyinin təntənəsinə sevindik. Bizim mənəvi birliyimiz, qələbəyə inam hissimiz, döyüşkən əhval-ruhiyyəmiz, haqq-ədalət savaşımız döyüşdə uğurumuzu şərtləndirdi.

Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur. Tomas Vudro Vilson

Bizim əsgərlərimiz nəinki cəsarət göstərdilər, hətta mən deyərdim ki, onlar cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi oldular, xalqımızın ən ağır günündə onlara inam verdilər. Qələbə yaşatdılar gözü yolda qalan, illərdir vətən həsrəti çəkən Azərbaycan xalqına.   “Artıq mən qaçqın deyiləm” deyərək sevincini az qala bütün dünyaya hayqırmaq istəyən hər bir məcburi köçkünü qaçqın statusundan azad etdilər. Xalqımız ən ağır günlərdə belə yumruq kimi birləşməyi bacardı. Xalqımız vətənsevər övladları ilə fəxr etdi, qürurlandı və zəfər gününü bayram etdi. Cəsarətli igidlərimiz ölümün gözünə dik baxaraq şəhidlik məqamına çatdılar. Neçə-neçə igid qəhrəmanımız bu yolda ya şəhid, ya da qazi oldular. Mənfur düşmən Azərbaycan xalqının qüdrətinə, cəsarətinə, yenilməzliyinə inanmadı. Dünya dövlətləri xalqla –ordu birliyinə, Ali Baş Komandanımıza olan sonsuz sevgimizə heyrət etdilər.

Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və ölməz əməlləri qalır. (L.Vovenarq)

Əsgərlərimiz döyüşə gedəndə xalqımızın başına gətirilən faciələri dönə-dönə xatırlayaraq getdilər. Xocalı faciəsində bizə yaşadılanları yaddaşlarında həkk edərək döyüşə yollandılar. Silahlanan hər bir əsgərimiz döyüşə qələbə əzmi ilə bərabər düşmənə qatı nifrət ruhunda gedirdi. İgidlərimiz şəhid olan qardaşlarının qisas yanğısı ilə döyüşə atılırdı. Neçə-neçə mərd oğullarımızın yarım qalmış arzularını reallaşdırmaq üçün səfərbər olurdular. Şəhid analarının, bacılarının, atasız qalmış şəhid övladlarının ah-nalələrini dərindən duyub gedirdilər döyüşlərə.  Hər dəfə öldürdükləri erməni leşlərinin çoxluğunu isə sanki xalqımızın başına gətirdikləri faciələrin mükafatı hesab edirdilər.

Müharibə qadınlara və kişilərə eyni cür təsir göstərir, Lakin bəzilərinin qanını, bəzilərinin göz yaşını alır. Villiam Makepeace

Şükürlər olsun ki, müharibə qələbəmiz  ilə başa çatdı. Amma, əlbəttə ki, qazanılan zəfərdə, alınan hər bir qarış torpaq parçasında neçə-neçə şəhid qanı var, neçə-neçə ana, bacı göz yaşı, ata naləsi, övlad boynubüküklüyü var. Şəhid olan hər igidimizin ürək sızladan hekayələrini ( gerçək həyatdan ilhamlanan ) oxuduqca heyrətlənməyə bilmirsən. Ey əziz xalqım, sən nə qədər qəhrəman oğullar yetirmisən! Vətənin dar günündə bizə qələbə müjdəsini yaşada bilən qəhrəman oğullarımız, rahat yatın! Bilin ki, uğrunda qanlar tökdüyünüz bu torpaq sizi unutmayacaq. Çünki, illərdir iblislərin ayağı altında tapdağ olan yurdumuz sanki çirkabdan təmizlənib, ruhu rahatlıq tapıb. Anaların göz yaşları, ataların qəlbində gizlədib ətrafındakı insanlar rahat olsun deyə içində boğub saxladıqları ürək parçalayan kədərləri, qardaş-bacıların çiyinlərində daşıdıqları tabutunuz, övladların atam hanı - deyə hıçqırıqları getməz gözümüzdən. Sizlər, bizim əsl qəhrəmanlıq salnaməmizsiniz!!! Müharibə edən hər bir ölkənin itkiləri qaçılmazdır. Amma, bir şeylə təsəlli veririk özümüzə. Şəhid oğullarımızın qisası alındı. İşğaldan azad edilən hər bir yurd yerində dalğalanan bayrağımız artıq şəhid ruhlarını salamlayır, azad edilmiş torpaqlarda dalğalanmaqla sanki qürur duyur. Qanını doğma torpağına qorxmadan, igidcəsinə halal edən hər bir Azərbaycan əsgərinə illərdir yağı düşmən əlində tapdağa çevrilən qədim el-obaya təmiz nəfəs gətirdiklərinə görə minnətdarlıq edir, Ulu Bayrağım! Dalğalan ey şanlı, vüqarlı bayraq, neçə illərin həsrətini çıxart!

Mərd o adamdır ki, ölümü qorxmadan qarşılayır. (Aristotel)

Vətən uğrunda ölüm həyatın davamıdır deyiblər. Bəli, igid əsgərlərimiz qorxmadan, cəsur halda ölümü sanki ikinci həyat bilib döyüşə atılırdılar. Bizim əsgərlərimiz mərdliyin simvoluna çevrildilər. Hər döyüşdə ayrı bir qəhrəmanlıq tarixi yazıldı, hər kənd, qəsəbə və rayonun azad edilməsində böyük şücaət göstərdi igidlik simvollarımız. Öz mərdlikləri ilə tariximizdə silinməz izlər qoydular, qəlbimizdə sevinc hisslərini alovlandırdılar, neçə illərdir nisgilə çevrilmiş qədim yurd yerlərinə yeni nəfəs, sevinc gətirdilər. Bəli, ölümün gözünə dik baxaraq döyüşə atıldılar.

Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur.(Evripid)

Qəhrəmanlar ölmür, onların yazdıqları qəhrəmanlıq tarixi dünya durduqca yaşayacaq. Azərbaycan var olduqca onların igidlikləri qələmə alınacaq. Hər kəs öz bacardığı qədər şəhidlərimizin xatirəsinə öz töhvəsini verəcək. Mən əminəm ki, bizim vətən uğrunda canını belə qırpmadan öümə sinə gərən şəhidlərimizi unutmağa haqqımız olmadığı kimi, onların qəhrəmanlığını gələcək nəsillərimizə çatdırmağımız kimi ən ali bir missiyamız da var. Düşmənimizin canına vahimə salan igidlərimiz haqda hələ çox danışılacaq, hətta dünyaya belə səs salan qəhrəman oğullarımız barədə hələ çox sözlər deyiləcək. Dəyişməyən isə bir şey olacaq. Ruhunuz şad olsun rəşadətli oğullarımız, Siz elə bir tarix yazdınız ki, Azərbaycanı sevən hər kəs ona fəxrlə, qürurla, düşmənlərimiz isə heyrətlə, həsədlə baxdı.

Məsləhətin yolu uzun, örnəyin yolu isə qısadır. Mövlana Cəlaləddin  Rumi

Bugün tariximizə sahib çıxmağı, tarixi gələcəyə köçürməyi və elə tarix yazan igidlərimizə dəyər verməyi biz Ali Baş Komandanımızdan öyrənirik.  Cənab Prezidentimiz hər kəsə ideal nümunə olacaq davranış göstərməklə hər bir şəhid ailəsinə ayrıca həssaslıqla yanaşır, yaralı hərbçilərimizlə dəfələrlə görüşür. Bugün biz tariximizə sahib çıxmaq üçün məhz Ali Baş Komandanımızı örnək almalıyıq. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” , “Azərbaycan bayrağı” 1-ci dərəcəli “Vətənə xidmətə görə” 2-ci dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif edildilər.  Ölkə başçısının yaralı hərbçilərlə görüşü isə tarixi bir görüş idi: Ali Baş Komandan yaralanan vətən övladları ilə görüşəndə əhval-ruhiyyəsi çox yüksək idi. “Şübhəsiz ki, yaralı oğullarımız sağalıb, normal həyata qayıdacaqlar və ailələrinin yanında olacaqlar. Lakin həmişə yaddaşlarında qalacaq ki, dövlət başçısı onlarla görüşdü, onları dinlədi və qayğılarına qaldı. Eyni zamanda bütün dünyaya bəyan etdi ki, heç bir əsgərin hüquqları tapdalanmayacaq. Əksinə, əsgər və zabitlərimizin arzuları tam təmin ediləcək. Çünki torpaqlarımız uğrunda həlak olan, yaralanan və qalib gələn övladlarımıza qayğı, Azərbaycanın gələcəyinə qayğı kimi qiymətləndirilməlidir”.

Muxtar respublika sakini olaraq mən Naxçıvan Muxtar Respublikasında şəhidləri ehtiramla qarşılayan Ali Məclisin sədri cənab Vasif Talıbovu xüsusilə qeyd etmək istəyirəm. Naxçıvana gətirilərkən hər şəhid övladını yüksək ehtiram və hörmətlə qarşılayan Cənab Sədr biz gənclərə örnək, gələcək nəsillərə ideal davranış təqdim edir. Hətta, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə də görüşür, onlarla maraqlanır. Bəli, bugün bizə ideal davranış nümunəsi göstərilir, bizə isə bu nümunədən yararlanmaq və tariximizə sahib çıxmaq qalır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərmanı isə hər birimizi şəhid ailələrinə və döyüşdə yaralanan hərbçilərimizə az da olsa vicdanı borcumuzu yerinə yetirməyə çağırır.

Sizə pislik etmiş bir düşməni bağışlayın, ancaq ölkənizə və millətinizə zərər verənləri heç vaxt bağışlamayın deyib - Hz. Əli.

Bugün gənc nəslin bir amalı, bir məqsədi var. Döyüşdə düşmənə qan qusduran, ona layiq olduğu cəzanı verən igidləri unutmamaq və gələcək nəsillərə çatdırmaq. Çünki, hər kəs düşünməlidir ki, vətənimizin azadlığı yolunda canını qurban vermiş hər bir igid onun oğlu, həyat yoldaşı, ən əzizi və doğmasıdır. Şəhid anasının dərdini özününkü bilən hər kəs düşmənin bizə çəkdirdikləri acını unutmaz və unutmamalıdır!!! Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Həyatını vətən uğrunda itirən heç vaxt ölməz. Onlar ölməz və əbədi qəhrəmanlarımızdır...

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

 

 

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR