23 Dekabr 2024, Bazar ertəsi

(Məzarüstü monoloq) 

Şəhid baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlu haqqında qısa arayış: 1995-ci il sentyabrın 22-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alan Abbasəli 2010-2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013-2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. Vətən müharibəsində Suqovuşan, Hadrut, Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Oktyabrın 22-də Qubadlının düşmən işğalından azad olunması zamanı şəhidlik zirvəsinə ucalıb, doğulduğu Qahab kəndində dəfn edilib.

          Salam Abbasəli. O müqəddəs ruhuna salam olsun. Yadındadır, səninlə bir məktəbdə oxumuşduq. Riyaziyyat fənnindən  Tomirid müəllimənin yanına birgə hazırlığa gedirdik. Çox sevərdin bu fənni. Suallara sinifdə hər kəsdən aktiv cavab verərdin, cəbr, həndəsə ilə bağlı məsələ və misalları hamıdan tez həll edərdin. Tarix dərslərinə də çox hazırlıqlı gələrdin. Hərdən düşünürəm ki, səni zabit peşəsinə aparan yol riyaziyyat dəqiqliyindən, Vətən tarixinə olan vurğunluğundan keçdi. 2010-cu ildə atan İmamqulu kişidən, anan Tamara xanımdan xeyir-dua alıb Qahabın yuxarı məhəlləsindəki evinizdən məsuliyyətli, çətin, şərəfli bir yola çıxdın. Şərəfli zabit adını qazandın. Kəşfiyyatçı kimi Beyləqan və Ağcabədi rayonlarında xidmət etdin.

          2020-ci il sentyabrın 22-də isə sonuncu dəfə doğum gününü qeyd etdin. Beş gün sonra səni və hərbçi yoldaşlarını tarixi sınaq gözləyirdi. Döyüş meydanında haqq-ədalət də, güc də, təminat da, xalqın dəstəyi də sizin yanınızda idi. Yəqin ki, aramızda olsaydın səndən soruşardım: Abbasəli, Qahabdan Qubadlıya uzanan döyüş yolunu necə xatırlayırsan? Otuz ildir həsrətində olduğumuz, hər santimetrində sənin kimi minlərlə igidin qanı və canı olan o torpaqlar səni ovsunladımı? Bizi Suqovuşana qovuşduran igid, əminəm ki, bizə Cəbrayıl həsrətindən, mənfur düşmənin Zəngilanı, Füzulini necə tar-mar etməsindən, Qubadlıda Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşməyinizdən saatlarla danışardın.

           Xatırlayırsan, noyabrın 8-i yenə də məzarına tər qərənfillərlə gəlmişdim. Onda sənə xəbər vermişdim ki, silahdaşların Qarabağın döyünən qəlbi olan qədim Şuşa şəhərini mənfur düşməndən azad ediblər. Bilirəm bu, sənin hərbçi kimi həyatdakı ən böyük arzularından olub. Amma nə etmək olar, alın yazısı belə imiş. Döyüş yoldaşların yarım qalan işini başa çatdırdılar. Budəfəki ziyarətimdə də “əliboş” gəlməmişəm. Bilirəm ki, məni duyursan, eşidirsən. Ona görə də məzarına biraz da yaxınlaşıb deyirəm: Abbasəli, haqq savaşımız BÖYÜK QƏLƏBƏ ilə nəticələndi. Uğrunda can verdiyin Qubadlı da daxil olmaqla, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olundu.

          Sənə təzə bir xəbər də gətirmişəm. Hətta bu xəbərə görə sənə əlavə təbrik düşür. Vətən yolunda  göstərdiyin igidlik, rəşadət, yüksək peşəkarlıq çox böyük qiymətə layiq görülüb. Ali Baş Komandan tərəfindən “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmusan. Bilirsən, hər iki təltif sənə çox yaraşdı. Doğulub boya-başa çatdığın Qahab, valideynlərin, dostların, qohumların bu xəbərə çox sevindilər. Çünki sən buna layiq idin və döyüş meydanında olduğun 25 gün ərzində əsl kəşfiyyatçı kimi düşmənə qan uddurmuşdun.

          Abbasəli, bu gün sən Vətənlə, bayraqla bütövləşənlərdən birisən. Buna görə də mənim üçün sən elə Vətənin özüsən, canından çox sevdiyin üçrəngli bayraqsan. Əgər belə olmasaydı, döyüş meydanında düşmənə qan udduran zaman “şəhid olsam, bayrağımızı məzarımdan asın” deməzdin. İndi məzarın üstündə dalğalanan, darvaza qapınızın üzərindən asılan bayraq bizə səndən “danışır”. Keçdiyin şərəfli döyüş yolundan, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını necə sıradan çıxarmağından bəhs edir... Bu bayrağa sarıldın və elə bir yüksəkliyə ucaldın ki, indi hər birimiz o zirvə qarşısında baş əyirik və deyirik:şəhadətin mübarəkdir, Abbasəli.

          Sənin üçün ölüm bir son deyil, əksinə, başlanğıc idi. Bunu biz yox, sən özün deyirdin. Özü də xatirələrində. Yeddi il bundan öncə kursant olduğun vaxtlarda şəhidliyi belə tərif etmişdin: “Ölüm ölümdür, amma şəhid olmaq ən şərəfli ölümdür.Vətən üçün ölməyə də, öldürməyə də hazıram. Mən şagird deyiləm ki, kimisə sevim. Mən kursantam ki, Vətən üçün öldürüb,Vətən üçün ölüm. Vətən sağ olsun. Hər şey Vətən üçün. Vətən, sənə canım fəda. Şəhid olanların məkanı cənnətdir. Vətən uğrunda şəhid olmaq hər oğula qismət olmur”. Balaca bədənə bu qədər böyük Vətən sevgisini necə sığdırdın, Abbasəli? Hər addımında Vətənin sənin üçün müqəddəs olduğunun izini qoyub getmisən. Hardan duyub bilmişdin ki, sənin üçün son yox, başlanğıc hesab etdiyin tarix 2020-ci ildir? Milli Qəhrəman Mübariz  İbrahimovun şəkli üstündə “sənin ardınca özüm də gələcəyəm” yazanda o müqəddəs şəhidlik adının sənin də taleyinə yazıldığı ürəyinəmi dammışdı?  Bilirsən, iyirmi iki rəqəmi indi çox mətləblərdən danışır. Sentyabrın 22-si sənin dünyaya göz açmağından, oktyabrın 22-si isə şəhadətə qovuşmağından, əbədi olaraq qəlblərə köçməyindən...

          Abbasəli, sən hələ 25 yaşında bir dastan yazdın. Dastanın adı belədir: “Qahablının Qubadlı qəhrəmanlığı”. Sənin adın Qubadlı torpağına qazıldı, Qahabda əbədiyyətə qovuşdun. Əmin ol ki, nəşini böyük bir izdihamla qarşılayan Naxçıvan səni heç vaxt unutmayacaqdır. Çünki insan unudulan zaman ölər. Babəki, Pənahı, Mübarizi, Şəhriyarı unutmayan Qahab eli səni də unutmayacaq. Xatirən hər zaman bizimlə yaşayacaq. Kiminin dostu, kiminin məhəllə uşağı, kiminin məktəbli yoldaşı kimi. Ən əsası isə qəhrəman, şəhid baş leytenant Abbasəli  İsmayılov kimi. Hələlik, Abbasəli. Görüşərik, gec-tez...

 

Muxtar RZAZADƏ

“Şərqin səhəri” qəzetinin redaktoru

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR