Dekabrın 16-da Naxçıvan Dövlət Teleradiosunun efir vaxtının 1 saat artırılması və yeni saytının təqdimat tədbiri keçirilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. 25 il bundan öncə, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən görkəmli dövlət xadimi Vasif Talıbovun bütün sahələr kimi, mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub, muxtar respublika mətbuatı yeni inkişaf müstəvisinə çıxıb.
Qeyd olunub ki, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. Teleradionun efir vaxtının daha bir saat artırılaraq 20 saata çatdırılması və saytın yenilənməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov və televiziyanın gənc əməkdaşı Aysun Məmmədli də tədbirdə çıxış edərək son illərdə bu sahədə görülən işlərdən danışıb, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Sonra Naxçıvan televiziyasının yenilənən internet saytının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev məlumat verib ki, Naxçıvan televiziyasının 2020-ci il üçün təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən Naxçıvan televiziyasının saytı kodlama üsulu ilə ən müasir və təkmil formada yenidən hazırlanıb, saytın təhlükəsizliyi üçün bütün lazımi işlər görülüb. Sayt əvvəlki www.naxcivantv.az domen adı da saxlanılmaqla yeni www.ntv.az domeninə də bağlanılıb.
Yeni hazırlanan sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Saytın strukturu təkmilləşdirilib, yeni bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında, kodlama üsulu ilə hazırlanıb.
Sayt 13 əsas bölmə, 9 altbölmədən ibarətdir. Əsas menyuda “Xəbərlər”, “Verilişlər”, “Həftəlik proqram”, “Qalereya”, “Haqqımızda”, “Redaksiyalar”, “Yayım tezlikləri”, “Vakansiya”, “Əlaqə” və “Radio” bölmələri yerləşdirilib. Saytın əsas səhifəsində müasir formada slayder bölməsi hazırlanıb. Həmin bölmə şəbəkə verilişlərinin təqdimatı və efir günü barədə informasiyaları əks etdirir. Əsas səhifədə müasir proqramlama üsulu ilə “Efirdə bu gün” bölməsi yaradılıb. Həmin bölmədə efirdə gedən verilişin adı fərqli rəngə boyanır və “Efirdə” yazısı yanıb-sönür. Bu da izləyicilərə hazırda efirdə olan proqram haqqında məlumat verir. Həmin bölməyə klik etməklə birbaşa canlı yayım səhifəsinə keçid alaraq verilişi izləmək imkanı yaradılıb. Əsas səhifədə yer alan “Anonslar”, “Video xəbərlər”, “Xəbərlər lenti”, “Son buraxılışlar”, “Verilişlər”, “Filmlər” və “Televernisaj və video çarxlar” bölmələri müntəzəm olaraq televiziyanın istehsalı olan materiallar ilə yenilənir.
Saytın xəbərlər bölməsində operativ və mühüm xəbərlər yer alır. Fotoxəbər və videoxəbər bölmələri də zənginləşdirilib. Əvvəlki illərin informasiyaları saytın bazasına köçürülərək “Nuhçıxan” İnformasiya Agentliyinin təkmil bazası ilə sinxronlaşdırılıb.
İnternet istifadəçiləri “Canlı yayım” bölməsinə keçid etməklə Naxçıvan televiziyasını internet üzərindən birbaşa izləyə biləcəklər. Tamaşaçılar saytın arxivində televiziyanın son 7 gündəki efir materiallarını da izləmək imkanına malikdirlər. Eyni zamanda saytda Naxçıvan Dövlət Radiosunun canlı dinləmə səhifəsinə və “Nuhçıxan” İnformasiya Agentliyinin saytına da keçid linkləri yerləşdirilib.
Naxçıvan televiziyasının 100 minlərlə istifadəçisi olan müxtəlif sosial şəbəkə hesablarının keçid linkləri də saytda yerləşdirilib.
Yeni saytın mobil telefonlar üçün interfeysi də müasir dizaynda hazırlanıb, bütün növ əməliyyat sistemləri və brauzerlərə uyğunlaşdırılıb.
Turab Hacızadə