“Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Adıçəkilən qayda mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq, Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsini müəyyən edir. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 dekabr tarixli 206 nömrəli Qərarı ilə bir sıra qərarlarında dəyişiklik edilmişdir. Həmin dəyişikliklərə əsasən “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nda, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta Şəhadətnaməsi”nin nümunəvi formasında dəyişikliklər edilmişdir.
Bundan başqa, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 2012-ci il 9 oktyabr tarixli 83 nömrəli və “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 18 may tarixli 50 nömrəli Qərarlarında dəyişiklik edilmişdir.
Eləcə də “Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 2 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Adıçəkilən qərarlarla yanaşı, Nazirlər Kabinetinin 209 nömrəli Qərarı ilə “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 129 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Həmçinin məsul şəxs koronavirusla mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil edilməlidir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti