23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyi işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilən kitab ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı arzularını reallığa çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin 25 illiyinə həsr olunub. Yeni nəşrlərin rəyçisi Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlidir. Poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edən yeni nəşrlərin müəllifin 2010-cu ildə milli mətbuatımızın 135 illiyinə həsr etdiyi “Qəzet jurnalistikası”, 2020-ci ildə milli mətbuatımızın 145 illiyinə həsr etdiyi “Naxçıvanın publisistik xəritəsi” adlı kitablarından sonra oxucularla yeni görüşüdür.

14 fəsildən ibarət olan birinci cilddə 70 illik əsarətindən sonra rus imperiyasının Azərbaycanı itirmək yanğısı ilə azərbaycanlılara qarşı törətdiyi faciələr, nankor ermənilər tərəfindən sərhədlərimizdə yaradılan iğtişaşlar, onların Azərbaycan torpaqlarına qarşı iddialara şirnikləndirilməsi, bütün bu hadisələrin fonunda Naxçıvan Muxtar Respublikasının blokadaya salınmasından, Sədərək hadisələrindən, naxçıvanlıların çətin həyat tərzindən, acı günlərindən, eyni zamanda mübarizliyindən, bütün çətinliklərə mərdliklə sinə gərmələrindən bəhs olunur. Kitabda real həyat hadisələrini tarixi sənədlər, mətbu orqanlarda dərc olunan sənədli materiallar təsdiq edir. Ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə blokada Naxçıvanında naxçıvanlılarla birlikdə yaşaması, bu diyarın insanlarının əsl qurtuluşçusuna çevrilməsi, qonşu dövlətlərə üz tutub şəxsi nüfuzu hesabına naxçıvanlıları aclıq, səfalət girdabından xilas etməsi və bunu sübut edən faktlar yer alıb. Müəllif həmin dövrü bu günün prizmasından qələmə alaraq tarixə dönmüş qısa və həm də keşməkeşlərlə xarakterizə edilən zaman kəsiyinin salnaməsini yarada bilib.
On iki fəsildən ibarət olan ikinci cilddə isə “Şərq qapısı” qəzetinin 1990-1995-ci illərdə nəşr olunan saylarında Naxçıvanın tənəzzülə uğrayan həyatından, blokadanın bu diyarda yaratdığı çətinliklərdən, geriləmələrdən bəhs edən materiallar toplanılıb. Toplanan materiallara qarşılıq olaraq həmin illərdə ulu öndərimizin Naxçıvanda başladığı işləri böyük məsuliyyət və bacarıqla, ardıcıl şəkildə davam etdirməklə blokada Naxçıvanının dünəninin fonunda bu gününü yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvana bəxş etdiyi töhfələrin kiçik bir qismi fotoların və rəsmi statistikanın dili ilə təqdim olunur, “Blokada Naxçıvanı: dünən və bu gün” mənzərəsi yaradılır.
Bütün jurnalistlik fəaliyyəti dövründə qədim və gündən-günə gəncləşən Naxçıvanımızın tarixi, müasir inkişafı, mədəniyyəti, milli-mənəvi dəyərləri, ümumiyyətlə, doğma diyarımızın hər bir sahəsi yaradıcılığından qırmızı xətt kimi keçən müəllif öz ənənəsinə sadiq qalaraq bu kitablarında da qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR