Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması mövcud geosiyasi vəziyyətdə çox böyük siyasi təcrübə, bacarıqlı diplomatik gedişlər, beynəlxalq müstəvidə müstəqillik atributlarını müdafiə etmək bacarığı, müasir ordu quruculuğu işlərinin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yol bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.
Məlum olduğu kimi, 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın müstəqilliyinə Ermənistan tərəfindən hərbi təcavüz edilmiş, nəticədə, torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uzun müddət danışıqlar aparılsa da, müsbət nəticə əldə olunmamışdı.
Buna baxmayaraq, ordu quruculuğu davam etdirilir, ən başlıcası isə siyasi-diplomatik kanallar vasitəsilə beynəlxalq ictimaiyyəti mövcud vəziyyətlə tanış etmək, dünya ictimaiyyətinə əsl həqiqəti çatdırmaq məqsədilə ardıcıl iş aparılırdı. Bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti, xüsusilə böyük olmuşdur. O, böyük səbir, yüksək iradə və müdrikliklə çalışaraq mötəbər beynəlxalq tribunalarda erməni siyasi təbliğat maşınını iflasa uğratdı və torpaqların işğaldan azad olunması üçün maraqlarımıza xidmət edən hərbi-siyasi platformanı formalaşdırdı. Prezidentimizin bu gərgin siyasi fəaliyyətinin nəticəsi olaraq artıq Vətən müharibəsi başlayanda Azərbaycanın haqq işini, demək olar ki, dünyanın əksər ölkələri dəstəkləyirdi. Qardaş Türkiyə başda olmaqla, dost ölkələr isə Azərbaycanın mövqeyini müdafiə edərək haqq tərəfdarı olduqlarını nümayiş etdirdilər.
Ötən dövrdə həyata keçirilən hərbi-siyasi hazırlıqlar şanlı Qələbə ilə yekunlaşdı. 27 sentyabr 2020-ci il tarixdə ermənilərin növbəti təxribatına cavab olaraq qüdrətli Azərbaycan Ordusunun əks-hücumu çox qısa bir müddətdə qorxaq erməni ordusunun əsas hissəsinin dağıdılması, ədalətin bərpa olunması və Vətənimizin düşmən işğalından azad edilməsi ilə nəticələndi. Cəmi 44 gün davam edən Vətən müharibəsi tarixə “XXI əsrin müharibəsi” adı ilə düşdü. Döyüş əməliyyatlarında ordumuz yeni texnologiyalar, müasir döyüş texnikaları, yeni döyüş taktika və üsulları tətbiq etməklə əsl tarix yazdı. Müharibə itkisiz olmur, amma bu müharibədə “az itki, böyük uğur” prinsipi əsas götürülərək düşmən üzərində parlaq qələbə qazanıldı və Azərbaycan Ordusu dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.
Müasir silahlarla təmin edilmiş güclü orduya malik olmağımız müharibədə qələbəmizin səbəblərindən biri kimi dəyərləndirilməlidir. Bütün dünya gördü ki, Ermənistanın dövlət büdcəsinə bərabər tutulan hərbi büdcəmiz sayəsində müasir və beynəlxalq standartlara uyğun olan silahlar, texnika və pilotsuz uçuş aparatları, digər aviasiya vasitələri, artilleriya qurğuları döyüş əməliyyatlarının müvəffəqiyyətlə aparılmasının başlıca təminatı oldu. Lakin Azərbaycan Ordusunun gücü təkcə texnikada deyil. Bu gücün əsasını həm də əsgərlərimizin Vətən sevgisi, dövlət-xalq-ordu birliyi təşkil edir. 44 gün ərzində bu birliyin gözəl nümunəsi yarandı. Bu müddət ərzində hamı bir nəfər kimi öz ordusunun yanında oldu. İnsanlar orduya dəstək olaraq maddi yardımlar edir, hərbi birləşmələrin ön hissələrinə gedərək həmrəylik nümayiş etdirirdilər. Xalqın bu addımı öz ordusuna qayğının ifadəsi, birliyin təcəssümüdür. Bu gərgin günlərdə Ali Baş Komandanımızın fəaliyyəti isə, xüsusilə əhəmiyyətli oldu. O, istər döyüş meydanında, istərsə də informasiya müharibəsində düşmənə layiqli ibrət dərsi verdi. 10 noyabr 2020-ci il tarixdə Ermənistan hökuməti müharibəyə son qoyulması, işğalçı dövlətin qoşunlarının torpaqlarımızdan tamamilə çıxarılması və işğal altında olan torpaqların qaytarılması haqqında Bəyanatı imzalamağa məcbur oldu. Bu Bəyanat, əslində, Ermənistanın hərbi kapitulyasiyası kimi qiymətləndirilərək döyüş meydanında əldə olunan qələbəni rəsmiləşdirdi. Qəhrəman oğullarımızın qanı bahasına əldə olunan bu qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Müzəffər Ordumuzun əldə etdiyi tarixi Qələbə, şübhəsiz ki, böyükdən-kiçiyə bütün Azərbaycan xalqına sevinc və qürur hissi yaşatdı. Bu qələbə vaxtilə Birinci Qarabağ müharibəsi iştirakçıları olan biz polis veteranlarını, xüsusilə sevindirir. Ermənistan Dağlıq Qarabağ və onun ətraf rayonlarını işğal etməyə başlayanda Naxçıvan daxili işlər orqanlarının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməyə başladı. Bu yolda Naxçıvan polisi 17 şəhid vermiş, xeyli sayda yaralanan olmuşdur. Qürurverici haldır ki, Azərbaycanın ilk Milli Qəhrəmanı məhz Naxçıvan polisinin əməkdaşı kapitan Məhərrəm Seyidov olmuşdur. Biz polis veteranlarının əksəriyyəti həmin döyüşlərin iştirakçısı – müharibə veteranlarıyıq.
Polis veteranları indi də torpaqlarımızın azad edilməsində Naxçıvan polisinin 1988-1994-cü illərdə göstərdiyi şücaəti təkrar etməyə hazır olduqlarını ifadə edərək könüllü surətdə cəbhəyə getmək istədiklərini bildirmişlər. Yaş həddi məhdudiyyəti nəzərə alındığına görə, İkinci Qarabağ savaşında iştirak onlara nəsib olmasa da, veteranlarımızın övladları atalarının şanlı döyüş estafetini davam etdirərərək torpaqlarımızın düşməndən azad edilməsində cəsurluq göstərmiş və onlar arasında şəhidlik zirvəsinə ucalanlar olmuşdur. Allah şəhidlərimizə rəhmət etsin!
Veteranlarımız, həmçinin gənclər arasında milli vətənpərvərlik ruhunun gücləndirilməsi sahəsində maarifləndirici təbliğat apararaq səfərbərliyin mütəşəkkil keçirilməsi üçün profilaktik tədbirlərdə fəal iştirak etmiş, 44 gün ərzində mütəmadi olaraq hərbi hissələrdə əsgərlərimizin mənəvi-psixoloji durumunun və milli vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə görüşlər keçirmiş, əsgərlərə sovqatlar aparmış, təqaüdlərinin müəyyən hissəsini Silahlı Qüvvələrin yardım fonduna ödəmişlər. Biz bilirik ki, bu gün Silahlı Qüvvələrimiz dövlət tərəfindən tam komplektləşdirilib və onların təminatı yüksək səviyyədədir. Lakin polis veteranlarının orduya hər hansı dəstəyini biz veteranlar xalq-ordu birliyinin təcəssümü kimi qiymətləndiririk.
Polis veteranları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi hərbi-siyasi, sosial-iqtisadi proqramları dəstəkləyərək bundan sonra da muxtar respublikamızda əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında polis orqanlarına yaxından köməklik göstərəcək, zərurət yaranarsa, Vətənin müdafiəsinə qalxaraq düşmənə qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak edəcəklər. .
Yusif HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar
Şurasının sədri istefada olan polis polkovniki